Sosial 

Kitabı necə oxuyaq? ŞƏRH

Paşa Qəlbinur: Kağızdan oxumaq ana südü, elektron vasitələrdən oxumaq isə ana südünü əvəz edən kimyəvi tərkibli qidadır

Kitabın bilik mənbəyi olması ilə bağlı məşhur deyim hələ də aktuallığını qoruyub saxlasa da, cüzi düzəliş istəyir. İnternetin bütün həyatımıza sirayət etdiyi, istəməsək belə virtual dünyanın sakinlərinə çevrildiyimiz, dostluqların, hətta sevginin virtuallaşdığı indiki vaxtda informativ hər şey “ağıllı” mobil telefonlarımız qədər əlçatandır və indi “həm də kitab bilik mənbəyidir”. Bilgiləndirməkdən, maarifləndirməkdən başqa kitab, eyni zamanda, ruhumuzun aclığını doyurmaq üçün mənəvi qidamızdır, sözün və sözə dəyər verənlərin olmazsa, olmazıdır. Bədii mətn oxumaq sayı çox olmayan insanların asudə vaxtının ən yaxşı məşğuliyyətidir.

Məzmunundan asılı olmayaraq, kitab oxuyan çoxdurmu? Var, ancaq dəqiqdir ki, indi  şagird və tələbələrimiz məşhur “İmtahan” qısa filminin Şuriki (Aleksandr Demyanenko) kimi fanatikcəsinə kitaba bağlı deyil. Elektron kitabların, daha dəqiqi kitabların pdf versiyalarının internetdə yerləşdirilməsindən sonra bu çap məhsulu əvvəlki dəyərini itirib, kitabxanalar oxucu həsrətini fondlarında olan kitabların internet bazasını yaradaraq virtual oxucularla doldurmağa çalışırlar.

Bəs kitabı çap variantında oxumaq daha zövqlüdür, yoxsa elektron versiyada? Bu, deyildiyi kimi, zövq məsələsi olduğuna görə sualı dəyişək: Kitabın hansı variantda oxunması sağlamlıq baxımından daha məqsədəuyğundur?

Şair, Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinurun fikrincə, kitabın cap variantı ilə pdf versiyasında oxunması arasında ciddi fərq var və bu fərq onun insan səhhətinə təsiri ilə bağlıdır: “Bu, ümumi yanaşmadır. İkinci Dünya müharibəsindən sonrakı illərdə alimlər tərəfindən müəyyən edildi ki, vərdişin dəyişməsi insanın yaddaşına mənfi təsir göstərir. Məsələn, Moskva şəhərində yüz ildən artıq mövcud olan çörək dükanı, onun yanında isə kolbasa satılan dükan vardı. Müharibədən sonra onları söküb başqa tikili tikmək istəyirdilər, ancaq ziyalılar, yazıçılar buna etiraz etdilər. Çünki o yer, məkan artıq insanların yaddaşında çörək, kolbasa satılan yer kimi formalaşmışdı. Sonrakı böyük tədqiqatlar göstərdi ki, vərdişin birdən-birə dəyişməyi insan orqanizmində bir sıra ciddi xəstəliklərə səbəb ola bilər. Bunlardan ən pisi də müalicəsi olmayan Alzheymer (yaddaşın itməsi) xəstəliyidir”.

Alimin sözlərinə görə, müasir elektron vasitələrdən yazılı mətnlərin oxunması gözün torlu qişasında problemin yaranmasına səbəb olur: “Bu zaman gözün torlu qişasının görməyə ən məsul olan sarı ləkəsində distrofiya əmələ gəlməyə başlayır. Torlu qişanın makulyar distrofiyası adlı bu xəstəlik inkişaf etmiş ölkələrdə geniş yayılıb və görmənin zəifləməsinə, korluğa gətirib çıxarır. Çox geniş elmi təhlilə varmadan bir oftalmoloq kimi tövsiyə edərdim ki, insanlar imkan dairəsində mobil telefonlardan, elektron vasitələrdən oxu mətnlərindən az istifadə etsinlər, kitabların çap versiyasını oxusunlar. Çünki bu, sağlamlıq baxımından ziyansızdır”.

Həkim mövzu ilə bağlı dediklərinə maraqlı bir bənzətməylə yekun vurdu: “Hesab edin ki, kitabı kağızdan oxumaq ana südü, elektron vasitələrdən oxumaq isə ana südünü əvəz edən kimyəvi tərkibli qidadır”.

Psixoloq-pedaqoq Zeynəb Əyyubova da “İki sahil”ə açıqlamasında kitabın kağız variantda oxunmasının daha məqbul olduğunu bildirdi: “Müasir dövrdə kitabların pdf variantlarının mövcudluğunun üstünlüyü ondan ibarətdir ki, maliyyə vəsaiti sərf etmədən, üstəlik satışda olmayan, tapılmayan kitabları oxumaq mümkündür. Amma psixoloqların qənatinə görə, kitabı vizual olaraq əldə tutmaq, orada qeydlər aparmaq, maraqlı yerlərini işarələmək, bir sözlə, kitabla canlı təmas oxunanların daha yaxşı mənimsənilməsi, hiss edilməsi baxımından əhəmiyyətlidir”.

Oxumaq lazımdır, vacibdir, hətta zəruridir. Ancaq görünən odur ki, səhhətimizi, xüsusilə də gözlərimizi də düşünməyə ehtiyac var. Necə deyərlər, daha asan, əlçatan olan daha yaxşısı deyil…

Daha çox xəbərlər