Bizim Zəfərimiz onların bütün ideoloji sütunlarını darmadağın edib
Azərbaycan- Ermənistan dövlət sərhədində pozulan atəşkəs, törədilən təxribatlar ölkəmizdə sürətlə aparılan yenidənqurma və bərpa işlərindən narahat olan ermənilərin psixoloji pozğunluğunun, reallığa dözümsüzlük xəstəliyinin nəticəsidir
İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran Azərbaycanın iqtisadi inkişafında nəzərəçarpacaq qədər uğurların olması, altı ayın yekunlarını əks etdirən statistik rəqəmlərdə iqtisadiyyatın 2 faiz artması müsbət dinamikanın göstəricisidir. «Müharibə davam etdiyi müddətdə, postmüharibə dövründə istədiyimizə nail olmuşuq və nail oluruq. Bir məsələni də qeyd etməliyəm ki, mənim həm müharibədən əvvəl, həm müharibə zamanı, həm müharibədən sonra gələcək addımlarla bağlı çox dəqiq təsəvvürüm var və bilirəm nə etməliyik, nə vaxt etməliyik, necə etməliyik» söyləyən Prezident İlham Əliyevin hər zaman üçün aktual olan hadisələrə konseptual yanaşma prinsipi səmərəsini verir.
Pandemiya ilə əlaqədar dünya ölkələrinin əksəriyyətinin iqtisadi tənəzzülə məruz qaldığı bir zamanda ölkəmizin qeyri-neft sektorunda 5 faizdən çox artıma nail olunması düşünülmüş siyasətin təzahürü, həyata keçirilən islahatların uğurlu nəticəsidir. Ölkə iqtisadiyyatının barometri olan inflyasiyanın 4,3 faiz olması, valyuta ehtiyatlarımızın 1 milyard dollar həcmində artması bütün sahələri əhatə edən quruculuq işləri üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyevin imzaladığı «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər», mövcud iqtisadi zonalara əlavə olunan və yeni yaradılan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı üçün baza olan bu cür inkişaf bölgələrdə komfort yaşayış mühitinin formalaşması üçün gələcəyə hesablanmış etibarlı zəmindir. Zəngəzur dəhlizinin açılması, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması isə tarixi ədalətin bərpası olmaqla Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının iqtisadiyyatını yüksəldəcək. «Bu, nəyi göstərir? Resursumuzu göstərir, resurs bazasını göstərir. Eyni zamanda, onu göstərir ki, biz vəsaitdən çox ehtiyatla istifadə edirik, israfçılığa, lazım olmayan xərclərə yol vermirik» söyləyən Prezident İlham Əliyevin vurğuladığ kimi, ixracın 15 faiz artması da görülən işlərin diqqəti cəlb edən real göstəricisidir. Ölkədə mövcud olan şəffaflığın nəticəsidir ki, 6 ayda vergi orqanlarında 810 milyon, gömrük orqanlarında 206 milyon manatdan çox gəlir əldə edilib.
Müharibədən cəmi 9 ay keçməsinə baxmayaraq işğaldan azad edilmiş və minalardan təmizlənmiş ərazilərdə aparılan quruculuq, bərpa işlərinin sürətlənməsində də artan iqtisadi və maliyyə göstəricilərimizin rolu böyükdür. Bu ilin sonuna qədər azad edilmiş ərazilərdə, eyni zamanda, yeni yaradılan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında elektrik təsərrüfatlarının qurulması, dağıdılan stansiyaların bərpası, yeni, ötürücü xətlərin çəkilməsi, transformatorların, yarımstansiyaların, yüksək gücə malik elektrik stansiyalarının qurulması üçün ölkəmizin maliyyə imkanlarının möhkəmlənməsi ən vacib məsələdir. İşğaldan azad olunmuş ərazilərdə sözün əsl mənasında yenidənqurma ahəngdarlığı davam edir. Bərdə-Ağdam avtomobil yolu tikilir, sentyabrda istifadəyə veriləcək Zəfər yolunun inşası sürətlənir. Füzuli-Şuşa magistral yolu, Horadiz-Ağbənd, 4-6 zolaqlı Zəngilan-Qubadlı-Laçın, Füzulu-Hadrut, Füzuli-Cəbrayıl yollarının çəkilişi Böyük Qayıdışı yaxınlaşdıran amillərdəndir. İşğaldan azad olunmuş rayonlarda davam edən yenidənqurma işlərini heyrətlə müşahidə edən xaricilər belə ərazilərin bərpasından sonra burada yaradılacaq mənzərini görmək üçün təkrar bu bölgələrə gəlmək arzularını ifadə edirlər.
Son günlərdə Azərbaycan- Ermənistanın dövlət sərhədində erməni silahlılarının törətdikləri təxribatların, pozulan atəşkəsin səbəbi də elə işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərinin sürətlənməsi, yol-nəqliyyat, enerji infrastrukturuna diqqətin artırılmasıdır. Ermənilər artıq dərk edirlər ki, Zəngəzur Azərbaycanın qədim yurd yeridir və onlar bu ərazilərə imperiya tərəfindən köçürülən gəlmələrdir.
Amma illərdən bəri başqalarının torpaqları hesabına özlərinə dövlət quran həyasız ermənilər bu həqiqəti həzm edə bilmədikləri və əsrlərdən bəri mənimsədikləri və bəhrələndikləri Azərbaycan torpaqlarından istifadə etmək imkanlarından məhrum olduqları üçün məğlubiyyətləri ilə barışmaq istəmirlər. «Ona görə Ermənistanın, əlbəttə, məyus olması ondan irəli gəlir ki, onlar yenə də xülyalarla yaşayırlar. Onlar postmüharibə reallıqları ilə barışa bilmirlər. Hesab edirəm ki, burada psixoloji amil da öz rolunu oynayır. Yəqin onlara vaxt lazımdır ki, psixoloji nöqteyi-nəzərdən yeni reallığa öyrəşsinlər. Çünki bizim Zəfərimiz onların bütün ideoloji sütunlarını darmadağın edib. Onlar 30 il ərzində özləri haqqında olmazın yalanlarını uydururdular, dünyaya qəbul etdirməyə çalışırdılar ki, guya onların müzəffər ordusu var, yenilməz ordusu var, erməni xalqı döyüşkən xalqdır, erməni ordusu ən güclü ordudur. Bəs nə oldu? Məhv etdik, darmadağın etdik, 44 gün ərzində yox etdik. Göstərdik ki, Azərbaycan xalqı müzəffər xalqdır. Göstərdik ki, onların bütün təbliğatı mifdir, mifologiyadır» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, artıq nə status var, nə Dağlıq Qarabağ. «Dağlıq Qarabağ Muxtar Vilayəti» ifadəsini işlədənlər ötən ilin noyabr ayının 10-da imzalanan üçtərəfli Bəyanatı xatırlasınlar. Həmin Bəyanatla statusun yeri göstərilmişdir. Buna baxmayaraq hələ də yenildiyini qəbul etməyən Ermənistan tərəfindən sərhəd bölgələrində atəşkəsin pozulması işğalçının «bəlkə də qaytardılar» eyforiyasının mifik təfəkkürüdür.
Ermənilərin Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutmasının, muxtar respublikanı hədəfə almasının səbəbi bəllidir. Qazaxın bəzi kəndlərinin, Naxçıvanın işğalda olan Kərki kəndinin geri qaytarılacağı xəbəri də erməniləri hiddətləndirir. İşğalçı dövlət bilir ki, nə qədər əngəl törətməyə çalışsa da sərhədlərin delimitasiyası, sülh sazişinin imzalanması reallaşacaq. Sədərək bölgəsində atəşkəsin pozulmasının bir səbəbi də Azərbaycanın rayonlarını Naxçıvanla, sonra Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizinin bərpasıdır. «Biz siyasi leksikona «Zəngəzur dəhlizi»” sözünü daxil etmişik. Nəinki regionun, dünyanın aparıcı kütləvi informasiya vasitələri Zəngəzur dəhlizi haqqında danışırlar, yazırlar. Nə üçün? Biz bunu daxil etmişik, müntəzəm səylərlə, artıq bu reallıqdır» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan öz ərazisində yeni reallıqlar yaradıb. Ermənistan bununla hesablaşmalı, istəsə də , istəməsə də bu reallıqları qəbul etməlidir» sözləri xam xəyalda olan erməni revanşistləri məyus edir. Onlar da bilirlər ki, Zəngəzur dəhlizindən keçəcək dəmir və avtomobil yollarının açılması dünyanın siyasi gündəminin aktual mövzusudur. Bu layihənin nəzərdə tutulduğu zamanda gerçəkləşəcəyi şəksizdir. Coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşən Zəngilanın iqtisadi əhəmiyyətini də artıracaq, Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirən Naxçıvana dəmir və avtomobil yollarının açılacağı gün Ermənistanı yeni müharibəyə təhrik edən revanşist çağırışlara da son qoyulacaq. Zəngəzur dəhlizi Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə qovuşacaq, Füzuli rayonunda formalaşan infrastruktur beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunmaqla daha çox yük və sərnişindaşımalar imkanı əldə olunacaq.
Hazırda düşməndən təmizlənən ərazilərimizdə üç aeroport tikilir. Payız aylarında sərnişinlərə xidmət edəcək Füzuli Beynəlxalq Hava Limanının tikintisi sürətlə aparılır. Bu hava limanı xarici turistlərlə yanaşı, Azərbaycan vətəndaşlarının da daha qısa zamanda və sərfəli şəkildə Qarabağı ziyarət etməsinə imkan verəcək. Füzulidə Horadiz şəhəri ilə Zəngilan rayonunu birləşdirən dəmiryol xəttinin inşası davam etdirilir. Bu dəmiryol xətti də Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Başqa sözlə, Qarabağda formalaşan nəqliyyat infrastrukturunun, o cümlədən, Azərbaycanda reallaşmış nəqliyyat sisteminin işğaldan azad olunan ərazilər vasitəsilə beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiyası mümkün olacaq. Əsas odur ki, Qarabağda bütün bərpa-quruculuq işləri Azərbaycanın öz maliyyə gücü ilə, heç bir yerdən maddi yardım almadan reallaşdırılır. İşğaldan azad edilmiş ərazilərdə bərpa işləri ilə məşğul olan xarici şirkətlər podratçı qismində fəaliyyət göstərirlər. Bütün xərclər dövlət büdcəsinin vəsaitləri hesabına ödənilir. Dövlət büdcəsindən ayrılan bu qədər vəsait böyük maliyyə yükü olsa da sevindirici məntiqi nəticəni Prezident İlham Əliyev bu sözləri ilə ifadə edib: «Təbiidir, amma biz bunu edirik, edəcəyik. Dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”.»

