Kriminal 

“Doğma qatillər” və mentalitetə vurulan bıçaqlar…

Psixi Sağlamlıq Mərkəzinin rəhbəri: “35 ildə birinci yaydır ki, belə gərgin işləyirəm”

Son günlər ölkədə ana və arvad qatili, gəlin və kürəkənin öz yaxın adamları tərəfindən qanının tökülməsi ilə bağlı baş vermiş cinayətlər haqlı narahatlıq doğurur. Son günlər qohumlar və doğmalar tərəfindən törədilən ağır cinayətlərin sayı artıb. Gəncə şəhəri, Məhsəti qəsəbə sakini 1980-ci il təvəllüdlü Ramin Rüstəmovun iyulun 24-də anası 1957-ci il təvəllüdlü Svetlana Rüstəmovaya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsi səbəbindən sonuncu avqustun 7-də ölüb. Ramin Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Avqustun 3-də 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmova əri tərəfindən paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində öldürülülüb. Avqustun 7-də Şəmkir rayonu, Yeni-Həyat kənd sakini, 1959-cu il təvəllüdlü Sahib Həsənov yaşadıqları evdə şəxsi münasibətlər zəminində oğlunun arvadı – gəlini Səma Qasımovaya ov tüfəngi ilə iki dəfə atəş açmaqla onu qəsdən öldürməyə cəhd edib.

İmişli rayon sakini, 1993-cü il təvəllüdlü Rəhman Babayev isə ailə münaqişəsi zəminində qayınatası tərəfindən bıçaqlanıb. Füzuli Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Bu, yalnız yaxınlar və doğmalar tərəfindən törədilən ağır cinayətlərin son bir həftəlik statistikasıdır. Nə baş verir ki, təkcə qohumlar deyil, oğul belə anasını qəddarlıqla qətlə yetirir? İnsanların ruhi vəziyyəti dəyişib, yoxsa cəmiyyətdə qəddarlıq artıb? Doğmaları bir-birinin qanını tökməyə vadar edən səbəblər sosial problemlərdir, yoxsa psixi dəyişiklik? Bəs vaxtilə fəxr etdiyimiz milli mentalitet (anaya hörmətdən başlayaraq) hara yoxa çıxıb?

Mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrəndik.

Oxu.az - Fuad İsmayılov: “Regionlarda ən azı üç psixoloq fəaliyyət  göstərməlidir”

Fuad Ismayılov 

Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad Ismayılov “Yeni Müsavat”a bildirib ki, son vaxtlar baş verən zorakılıq hadisələrinin əsas səbəbi pandemiyadır: “Pandemiya dövründə nə qədər loktaun olub, qadağalar, iqtisadi problemlər olub. Bunlar əlbəttə ki, insanlarda psixoloji gərginlik yaradıb. İndi COVİD xəstələrinin artması da psixoloji cəhətdən insanlara çox mənfi təsir edir. Qarşıdan yeni tədris ili gəlir. Məktəb olacaq-olmayacaq? Bu sual hamını narahat edir.  Mənim də 5 nəvəm var, açığı, çox narahatam. Çox sahələr açılmayıb. Bir də bu cür hadisələr mövsümlə bağlı olur. Adətən intiharlar və zorakılıq hallarına yayda daha çox rast gəlinir. Bütün ölkələrdə, Avropada da, Amerikada da bu belədir. Bizim mərkəzimizdə peşəkar mütəxəssislər, psixiatr, psixoloqlar çalışır. Biz də əvvəllər indiki kimi narazılıq hiss etməmişik. Indi gələn hər ikinci pasiyent gərgin vəziyyətdə olur. Səs-küy salır, tez-tez, qışqıra-qışqıra danışır. Mən 35 ildir ki, bu işdə çalışıram. Həyatımda birinci yaydır ki, belə gərgin işləyirəm. Düzdür, xəstələr də olub, problemli insanlar da görmüşük. Amma bu qədər olmayıb. Burada başqa faktlar yoxdur ki, nəticə barədə danışım. Həqiqətən də bunun əsas səbəbi pandemiya ilə bağlıdır, əlbəttə ki, insanların psixikasına çox mənfi təsir göstərir”.

Mərkəz rəhbəri problemdən çıxış yolundan da danışıb: “Bir neçə gün öncə İsraildən olan mütəxəssislərlə onlayn müşavirə keçirdik. Krizis vəziyyətlər, post-travma vəziyyətləri ilə bağlı professorla, peşəkar mütəxəssislərlə məsləhətləşmələr apardıq. Bizim birgə fəaliyyətlə bağlı planımız var, onları həyata keçirmək istəyirik. Onlar da dünən bizə təkliflər yazıb. Məsələ burasındadır ki, Bakı şəhəri üzrə psixoloqların sayı kifayət qədərdir. Amma zorakılıq faktlarına, psixi problemlərə daha çox regionlarda rast gəlinir. Biz qazilər üçün psixoloji mərkəz yaradanda da çox çətinliklə üzləşdik. Misal üçün, Ağdamda, Şamaxı şəhərində psixoloq tapmaq, psixi sağlamlıq mütəxəssisləri tapmaq çox çətin idi. Bax bunu həll etməyə çalışmalıyıq”.

Bakı Dövlət Universitetinin Sosial İş kafedrasının müəllimi, sosioloq Təranə Tağıyeva da mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Son zamanlar zorakılıq hallarının artdığını müşahidə edirik. Bu qlobal problemə bizim ölkəmizdə də tez-tez rast gəlinir. Bəs insanları zorakılığa sövq edən nədir? Niyə insanlar getdikcə zombiləşir. Bir oğul onu dünyaya gətirən ananın canına necə qıya bilər, doğma insanlar necə bir-birinə sui-qəsd hazırlaya bilər?! Bu, artıq deviant davranışdır. Yəni həmin anda doğmalıq-uzaqlıq gözə görünmür. Zorakılıq hallarının göstərilməsinin çox səbəblərini sadalamaq olar. İlk olaraq deyim ki, müasir dövrdə ailə dəyərlərinin itirildiyini müşahidə edirik. Gənclər evliliyin fərqinə varmadan evləndirilir və ya öz qərarları ilə ailə qururlar. Hər xırda problemə görə boşanırlar. Boşanma hallarının artması natamam ailədə böyüyən uşaqların da artması deməkdir. Həmin uşaqlar travmalı böyüyür. Ailədə ata və ananın olması mütləqdir. Ailədə hər bir valideynin öz rolu və funksiyası var. Natamam ailənin övladları ailə modelinin əksikliklərini yaşayır.

Zorakılıq hallarının digər səbəbi isə savadsızlıq və cahillikdir. Dünyagörüşlü, təhsilli bir şəxs zorakılıq göstərmək əvəzinə söhbət edərək, başa salaraq problemi həll etməyə çalışır.

Eyni zamanda bu cür halların artmasına səbəb həm də sosial problemlərdir. Ailənin maddi durumunun aşağı olması, ehtiyacların qarşılana bilməməsi (maddi və mənəvi), zərərli vərdişlərin, xüsusilə də narkotik maddələrin həddindən artıq gənclər arasında yayılması onları düşünülməmiş addımlar atmağa vadar edir. Həm onların psixi vəziyyətinin pis olması, həm də yenidən o maddələri əldə etmək üçün gəlir əldə etmək məqsədilə ətrafdakılara  zərər vurması müşahidə olunur”.

Sosioloq erkən nikahlardan da bəhs edib: “Qızlarımızın bir qismi, xüsusilə də rayon yerlərində 18 yaşına çatmamış evləndirilir. Onlar təhsildən uzaqlaşdırılır və nəticədə övladlarına lazımi tərbiyəni verə bilmirlər. Eləcə də  öz hüquqlarını bilmirlər. Maddi cəhətdən qarşı tərəfdən asılı olduqları üçün daimi zorakılığa məruz qalırlar.

Pandemiya da müasir cəmiyyətdə zorakılıq hallarının artmasına səbəb olan amillərdən hesab olunur. İnsanların psixi durumu pisləşir, buna səbəb işsizlik, ailə problemlərinin artması, məhdudiyyətlər göstərilə bilər.   Ən önəmlisi isə cəzaların az olması bu kimi halları artırır. Fikrimcə, qəsdən adamöldürmə, zorakılıq göstərmə (istər psixi, istərsə də fiziki) kimi hallarda zorakılıq göstərən şəxsə ağır cəzalar tətbiq olunsa, statistik rəqəmlərin də sayını azaltmaq olar.  Bəli, insanların zehni vəziyyəti dəyişib. Sosial şəbəkələrdə bu kimi hadisələrin dəfələrlə yayımlanması digər həssas qrup insanlarda cəsarət yaradır. Biz daha çox zorakılıq göstərilməsi xəbərlərini eşidirik. Lakin sonra o insana hansı cəzanın verildiyini çox zaman eşitmirik. Belə xəbərlər yazılan zaman diqqətli olmaq lazımdır.

Sosial problemlər də psixi dəyişiklik yarada bilir. Milli mentalitetin, ailə dəyərlərinin  önəmini anladan verilişlərin hazırlanması, ictimaiyyətə çatdırılması, sülh və əmin-amanlığı təbliğ etmək, rifah halının yaxşılaşması zorakılıq hallarını azalda bilər”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Daha çox xəbərlər