Gündəm 

Dünyada palma yağının bahalaşması ölkəmizə təsir edibmi?

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 691 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,7  faiz çoxdur. Xarici ticarət dövriyyəsinin 11 milyard 393 milyon ABŞ dolları ixracın, 6 milyard 298 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 24,8 faiz, idxal isə 6,7 faiz artıb.

İxracın artım tempinin idxalı 4 dəfəyə yaxın üstələməsinə baxmayaraq, idxalda dəyər ifadəsində kəskin artımın qeydə alındığı məhsul qrupuna da rast gəlmək mümkündür. Bu sırada idxalın 1,53 faizini təşkil edən bitki və heyvan mənşəli piylər və yağlar mal qrupu xüsusilə fərqlənməkdədir. Belə ki, cari ilin 7 ayı ərzində (yanvar-iyul) ölkəyə 126 milyon 589 min dollar dəyərində 91 min 234 ton məhsul gətirilib ki, bu da ötən illə müqayisədə fiziki çəkidə 7,3 faiz azalma, dəyər ifadəsində isə 40,3 faiz çoxdur. Başqa ifadə ilə son bir ildə bu qrupdan olan məhsulların hər tonunun orta qiyməti 51 faiz artıb.

Artıma səbəb dünya bazarında bitki yağlarının bahalaşmasıdır. FAO Bitki mənşəli Yağ Qiymət İndeksi iyulda aylıq müqayisədə soya və günəbaxan yağlarının ucuzlaşması fonunda 1,4 faiz geriləyərək beş ayın ən aşağı səviyyəsinə ensə də, illik müqayisə 67 faiz yüksəkdir. Hazırda indeksdə artıma əsas səbəb palma yağının bahalaşmasıdır. Cənub-Şərqi Asiya ölkələrində quraqlığın istehsalı azaltması, həmçinin Malayziyadakı siyasi böhran palma yağını təkcə son iki ayda 40 faiz  bahalaşdırıb.

Bahalaşma ölkənin istehlak bazarına təsirini göstərməkdədir. Dövlət Statistika Komitəsinin məlumatlarına nəzər salanda aydın olur ki, dünya bazarlarındakı məlum qiymət artımı fonunda ötən ilin oktyabr ayından bəri hər ay qarğıdalı və günəbaxan yağları daha çox bahalaşan məhsulların siyahısında yer almaqdadır.

Palma yağına gəldikdə, bu məhsulun Azərbaycana idxalı həyata keçirilsə də, əksər hallarda bu yağ hazır məhsulların tərkibində xammal olaraq “bitki yağı” kimi göstərilir.

Rəsmi statistikaya görə, Azərbaycanda bitki yağları ilə özünütəminetmə səviyyəsi 33,6 faizdir. Yəni, ölkədə istehlak olunan bitki yağlarının 66,4 faizi idxal olunur. Hələ 2013-cü ildə özünütəminetmə səviyyəsi 74,9 faiz idi. İdxaldan yüksək səviyyədə asılılığı göstərən bu amil bitki yağlarındakı bahalaşmaya aydınlıq gətirir.

Qeyd edilməlidir ki, ölkədən bitki və heyvan mənşəli piylər və yağlar mal qrupu üzrə ixrac da həyata keçirilməkdədir. Lakin ixracın həcmi idxaldan 7 dəfə geri qalır. Belə ki, cari ilin 7 ayı ərzində 17 milyon 825 min dollarlıq 13 min 563 ton məhsul ixrac edilib ki, bu da kəmiyyət ifadəsində 2,3 faiz azalma, dəyər etibarilə 31 faiz artım deməkdir. 7 ayda ixrac edilmiş məhsulun hər tonunun orta qiyməti illik müqayisədə 34 faiz çoxdur.

Daha çox xəbərlər