Azərbaycanın çoxəsrlik tarixində buna bənzər Qələbə olmamışdır
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində Kəlbəcər şəhərində Dövlət bayrağını ucaltdıqdan sonra nitqində qeyd etdiyi kimi, bu müharibə erməni mifologiyasının tamamilə məhv olması deməkdir
«Beləliklə, biz bundan sonrakı əsas hədəfləri düzgün müəyyən edərək, bu hədəflərə çatmağa da nail olacağıq. Biz bu gün buradayıq, Kəlbəcərdəyik, Azərbaycanın çox gözəl guşələrindən biri olan Kəlbəcərdəyik və biz bundan sonra burada əbədi yaşayacağıq. Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!» Dövlət başçısı İlham Əliyev Kəlbəcər rayonuna səfəri zamanı nitqində bu fikirləri ilə 30 ilin işğalına son qoyularaq Azərbaycanın qarşısında yeni imkanların yarandığını, yeni hədəflərin müəyyənləşdirildiyini bir daha diqqətə çatdırdı.
Azərbaycan yeni reallıqlar yaratdı. Bu reallıqlar regionun geostrateji mənzərəsini dəyişməklə ölkəmizin beynəlxalq aləmdə yeri və roluna, söz sahibi olmasına bir daha işıq saldı. 44 günlük müharibə Azərbaycanın qətiyyətli mövqeyinin təqdimatı oldu. Danışıqlar masası ətrafında hansı şərt daxilində oturacağını xalqa bütün müraciətlərində, xarici mətbuata müsahibələrində bəyan edən dövlətimizin başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın gec-tez diz çökəcəyini, yalvarışlar edib danışıqlara gələcəyini diqqətə çatdırırdı. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanat ölkəmizin siyasi-hərbi qələbəsi, Ermənistanın məğlubiyyətidir.
Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində Kəlbəcərdə olarkən nitqində bir daha bildirmişdir ki, siyasətim ondan ibarət idi ki, bütün torpaqlarımız işğalçılardan azad edilməli, ərazi bütövlüyü tam bərpa edilməli, bizə məsələnin yarımçıq həlli lazım deyil. Məhz buna görə edilən təkliflərə Azərbaycan tərəfi razılıq vermirdi. Ancaq sonra bilindi ki, Ermənistan da buna razı deyil. Çünki Ermənistanın məqsədi bu torpaqları, zəbt edilmiş bütün torpaqları əbədi işğal altında saxlamaq idi. 44 günlük Vətən müharibəsində bir daha bu reallıqlar öz təsdiqini tapdı. İşğal altında olan torpaqlarımızda qurulan istehkamlar, Ermənistan silahlı qüvvələrinin silahlandırılması bir çox məqamlara aydınlıq gətirdi. Torpaqları təhvil vermək istəyən 6 xətt müdafiə istehkamları qurmazdı. Görünən reallıqlardan məlum olan bu idi ki, onların məqsədi status-kvonu əbədi etmək, məsələni uzatmaq idi. 30 ilə yaxın dövrdə danışıqları imitasiya naminə aparmaları da çirkin niyyətlərindən, havadarlarının onlara dəstəklərindən irəli gəlirdi. Hesab edirdilər ki, bu siyasət onlara xeyir gətirəcək. O da məlumdur ki, Azərbaycan ən yüksək tribunalardan sülh danışıqları səmərə vermədiyi təqdirdə müharibə variantını istisna etməyəndə Ermənistan və ona havadarlıq edən dövlətlər bunu Azərbaycanın sülh danışıqlarından imtinasi kimi təqdim edirdilər. Belə yalnış fikirləri də gündəmə gətirirdilər ki, guya Azərbaycan müharibə variantını seçərsə məğlub olan tərəf ölkəmiz olacaq. 44 günlük İkinci Qarabağ müharibəsi onların bu mifini də dağıtdı. Ancaq bilmirdilər bütün Azərbaycan xalqı bir amalla yaşayır ki, işğala son qoyulsun, düşmən torpaqlarımızdan qovulsun və biz öz dədə-baba torpaqlarımıza qayıdaq və qayıtdıq. “Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!” söyləyən ölkə Prezidenti Kəlbəcər, Ağdam və Laçın rayonlarının müharibəsiz azad edildiklərini bir daha diqqətə çatdırdı. 8 noyabrda Qarabağın tacı Şuşamızın işğaldan azad edilməsi 10 noyabr Bəyanatının imzalanmasında həlledici amil rolunu oynadı. Şuşanın azad edilməsinə qədər 300-ə qədər yaşayış məntəqəsinin, 6 şəhərin, 5 qəsəbənin azad edilməsi Ermənistanı diz çökdürdü.
Kəlbəcərin azad olunması BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsi yerinə yetirilməsi demək idi. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, indiyədək bu öhdəliklər yerinə yetirilməmişdi. 10 noyabr Bəyanatına əsasən Kəlbəcəri tərk edən erməni əhalisi rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşdırılmasına başlayıb. Qeyri-qanuni yaşadıqları əraziləri – Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla əşyalarını götürdülər, hətta evlərin dam örtüyü və unitazlarına qədər çıxarıb apardılar. Üstəlik yaşadıqları və yaşamadıqları evləri yandırdılar, meşələrə od vurdular, vandallıq etdilər. 27 il əvvəl buradan qovulmuş azərbaycanlıların evlərində yaşayan ermənilərin həmin evlərə od vuraraq getmələri onların nə qədər vəşhi olduqlarını nümayiş etdirdi. Təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olmuşdular. Onların bir çoxu qırğına məruz qalaraq, atəşə tutulmuş, meyitləri belə təhqir edilmişdi. Nəticədə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak olmuş, yüzlərlə insan girov və ya itkin düşmüşdü. Baş verənlər Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün mühümdür. Azərbaycan humanist ölkə olduğunu bir daha nümayiş etdirdi. 10 noyabr Bəyanatına uyğun olaraq Kəlbəcərdə qeyri-qanuni yerləşdirilmiş ermənilərin noyabrın 15-də çıxmaları nəzərdə tutulsa da Rusiyanın vasitəsilə Azərbaycandan əlavə 10 gün də istəmələri müsbət cavablandırılmışdı. Azərbaycanın bu humanist addımının qarşılığında ermənilər nə etdilər? Artıq bunun geniş şərhə ehtiyacı yoxdur. Çünki ermənilər onlara yaradılan bu şəraiti vəhşilikləri ilə dəyərləndirdilər. Çünki ermənilər hər zaman faşizm ideologiyasının davamçıları olduqlarını qabarıq şəkildə büruzə verir, dünya buna göz yummaqla açıq-aşkar ədalət deyilən məfhumun onlar üçün yad olduğunu təsdiqləyir. 30 ilə yaxın müddətdə Azərbaycanın dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların yalanlarına inanaraq danışıqlar prosesinin davam etdirməsi həmin dövr üçün işğalçı dövlətə uğur kimi görünsə də, hər halda bu imitasiyaların sonda hansı ağır nəticələrə yol açdığı göz önündədir.
Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə böyük tarixi əhəmiyyətə malikdir. Bu, təkcə Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsi məsələsi deyil. Bu, eyni zamanda, bütün dünyaya, bütün işğalçılara göstərir ki, onların sonu bax, belə ola bilər. İşğalçıların, qəsbkarların sonu belə olacaq.
Qələbə hisslərini yaşadan Prezidentə xalq öz sevgisini nümayiş etdirir. Qələbədən sonra bölgələrə mütəmadi səfərləri ölkə Prezidentinin əslində sevinc hisslərini öz xalqı ilə bölüşmək istəyindən irəli gəlir. 30 ilin torpaq həsrətinə son qoyulub, bir daha məğrur, yenilməz xalq olduğumuzun dünyaya təqdimatı qürurvericidir. Hər zaman xalqın dəstəyinə arxalanan Prezident xalqın məhəbbətinə layiq görülüb. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır. Bütün dövrlərdə və yaşanan hadisələrdə Prezidentin seçimi xalqın yanında olmaqdan ibarət olub. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı bu gün xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik Qələbəmizin ideoloji əsasıdır. Birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbkarıdır. Buna əmin olmaq üçün tarixi Zəfərin ilk günündən Azərbaycanda və Ermənistanda yaşananlara diqqət yetirmək kifayətdir. Ermənistanda öz xalqından gizlənən Paşinyanı gördüyümüz zaman Azərbaycanda dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qələbə sevincini paylaşmaq üçün mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərimizə səfər edir və buradan Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırır. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir. Prezidentin işğaldan azad edilmiş torpaqlarımıza hər bir səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanın səfəridir. Bu səfərlər çərçivəsində cənab İlham Əliyev bir daha diqqəti dünyanın ikili siyasətinə, Ermənistanın ona göstərilən diqqət və qayğıdan daha da ruhlanaraq yeni ərazilərlə bağlı müharibə planları hazırlamalarından və sonda diz çökmələrindən bəhs edir. 44 günlük İkinci Qarabağ müharibəsi bu məqama da işıq saldı ki, xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyimizin təntənəsidir.
Dövlət başçısı İlham Əliyev Kəlbəcər şəhərində Dövlət bayrağını ucaldıqdan sonra nitqində bir daha diqqəti İkinci Qarabağ müharibəsinin ermənilərin illərdir formalaşdırdıqları mifləri darmadağın etməsinə yönəldərək bildirmişdir ki, artıq Azərbaycan bərpa və quruculuq işlərinə start verib və görülən işlərin uğurlu nəticələri göz önündədir. İşğaldan azad edilmiş ərazilərimizə səfər çərçivəsində burada hər daşın, qayanın, hətta havanın da sevincli olduğunu önə çəkən dövlət başçısı İlham Əliyev bu torpaqlarda bundan sonra daimi yaşayacağımızı böyük inam və qürurla qeyd edir.
Həmin nitq bu ümumiləşdirməni aparmağa əsas verir ki, Azərbaycan Prezidentinin çıxışı qalib Ordunun Ali Baş Komandanının çıxışı olmaqla hazırkı hərbi-siyasi vəziyyətin qiymətləndirilməsi, Ermənistana və onun havadarlarına hədəfli mesajların səsləndirilməsi, əldə olunmuş uğurlu nəticələrin və böyük perspektivlərin təqdimatı kimi də dəyərləndirilməlidir. Kəlbəcər və Laçın rayonlarının genişmiqyaslı döyüşlər və çoxsaylı itki olmadan azad edilməsinin Azərbaycan Prezidentinin diplomatik məharətinin, Azərbaycan Ordusunun gücünün, uğurlu hərbi əməliyyatların nəticəsidir. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. İlin sonu, 2022-ci ilin əvvəlində ilk pilot layihənin başa çatdırılacaq, Zəngilan rayonunun 3 kəndi soydaşlarını qarşılayacaq. Dövlət başçısı İlham Əliyev Zəngilan rayonunun 3 kəndinin «ağıllı kənd» layihəsi çərçivəsində bərpasına və yenidən qurulmasına başlamasını Böyük Qayıdışın başlanması kimi qiymətləndirmişdir. Artıq bu proses gerçəkliyə çevrilir. Ağdam şəhərinin Baş Planı təsdiqlənib, digər şəhərlərin Baş Planının təsdiqlənməsi yaxın aylarda nəzərdə tutulur. Cənab İlham Əliyev bizim rəqibimizin yalnız zaman olduğunu bildirir. Bütün işlərin zamanında başa çatdırılacağına əminlik ifadə edilir.

