Azərbaycanın tarixi bölgələrinin erməniləşdirilmiş adları – əsl adların təbliğatını necə aparaq?
“Basarkeçər rayonuna Ermənistanda ”Vardenis rayonu” deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır”. Bu sözləri Prezident İlham Əliyev avqustun 16-da Kəlbəcərdə səfərdə olarkən bildirib. Prezident toponimlərlə bağlı mediaya və vətəndaşlara müraciət edərək, hər kəsi erməniləşdirilmiş adlardan imtina etməyə çağırıb. Ölkə rəhbəri Basarkeçər rayonunun tarixinə diqqət çəkərək, qeyd edib:
“1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalmışlar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunu, onun adını dəyişdirərək ona ”Vardenis” adı qoymuşdur. Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə bağlı reportajlar hazırlayan və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilsin. İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Misal üçün, Naxçıvan-Ermənistan sərhədində mövcud olan gərginliklə bağlı mən indi mətbuatı izləyirəm. Bizim mətbuatda yazılıb ki, Ermənistanın “Yerasx” kəndində, onun ətrafında hansı hadisələr baş verir. Bu kəndin adı Arazdəyəndir və azərbaycanlılar deportasiyaya qədər orada əbədi yaşayıblar. Ona görə bütün qədim, yəni tarixi adlar bərpa edilməlidir. Bu adlar bizdə müxtəlif kitablarda da öz əksini tapıb. Ona görə xahiş edirəm ki, həm jurnalistlər, həm ümumiyyətlə, insanlarımız bu yerlərin əsl adlarını çəksinlər – Vardenis yox, Basarkeçər rayonu, Basarkeçər şəhəri”.
Onu da əlavə edək ki, zamanında SSR-nin rayonlaşdırılması ilə əlaqədar Göyçə mahalının kəndləri əsasən Basarkeçər rayonunun tərkibinə daxil edilib. Basarkeçər rayonu Göyçə mahalının əsas hissəsini özündə birləşdirir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 168 km-dir. Basarkeçər rayonu həmçinin məşhur Azərbaycan el sənətkarı Aşıq Ələsgərin vətənidir. Aşığın məzarı və büstü onun doğma kəndi Ağkilsədə idi.
Bu şəhərin adının türkcə olduğunu və Basarkeçər adlandığını sovet mənbələri də təsdiq edir. Belə mənbələrdən birisi sovet hakimiyyəti zamanı çap olunmuş Azərbaycan Sovet Ensiklopediyasıdır. Basarkeçər şəhəri haqqında Sovet Ensiklopediyasının verdiyi məlumatlarda konkret yazılır:
Bura 1969-cu ilə qədər Basarkeçər adlanmışdır.
Burada tarixən azərbaycanlılar yaşamışdır.
29 noyabr 1988-ci ildə ermənilərin silahlı hücumları nəticəsində Basarkeçərin Aşağı və Yuxarı Şorca, Qayabaşı, Qoşabulaq, Subatan, Zağalı, Sarı Yaqub, Qaraqoyunlu, Nəriman, Ağkilsə, Zərkənd, İnəkdağı kəndlərinin əhalisi itki verərək qarlı dağlar aşıb Kəlbəcər rayonu ərazisinə qaçmalı olub. Həmin vaxt yaşlı, qadın və uşaqların çoxu yolda soyuqdan həlak olub…
Prezidentin toponimlərlə bağlı müraciəti Azərbaycanın bu qədim bölgələrinin adları ilə bağlı məsələni aktuallaşdırıb. Bir çox bölgə adları var ki, hələ də erməniləşdirilmiş adlarla qeyd olunur. Məsələn, zaman-zaman Azərbaycanın qədim bölgəsi olan İrəvanın mətbuatda, mediada, eləcə də cəmiyyət arasında Yerevan kimi təqdim olunmasının şahidi oluruq.

Fazil Mustafa: “Qayıdış ruhunun təzələnməsi, insanların öz vətən torpağına bağlanması üçün toponimlərlə bağlı məsələ vacibdir”
Millət vəkili Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında qeyd edib: “Azərbaycan cəmiyyətində çox insanlar var ki, onlar hər zaman bu qaydalara ciddi əməl edirlər. Çünki bu həm də milli mübarizənin bir tərkib hissəsidir. Hər kəs bilməlidir ki, hər hansı bir şəkildə Azərbaycanın bütöv maraqlarına uyğun gələ biləcək bütün mövqelərdə duyarlı davranış vacibdir. Həmçinin toponimlərlə bağlı məsələdə də eyni yanaşma aktual olmalıdır. İnsanlarımıza tarixi köklərimizə müəyyən dərəcədə sayğılı olmağı öyrətməliyik. Doğrudur, elə şeylər var ki, onların dəyişməsi lazımdır. Lakin qayıdış ruhunun təzələnməsi, insanların öz vətən torpağına bağlanması üçün toponimlərlə bağlı məsələ vacibdir. Bu həm də ermənilərlə siyasi mübarizənin sahəsi, atributudur.
Ona görə də hesab edirəm ki, Prezidentin toponimlərlə bağlı müraciəti diqqətə alınmalı və cəmiyyətimizin bütün qütblərində, platformalarında bu terminoloji özünəməxsusluğu qabartmalıyıq. Hətta ingilis variantında belə Azərbaycan dili üzərindən tərcümə olunmasına nail olmalıyıq”.
Jurnalist, teletənqidçi, filologiya elmləri doktoru Qulu Məhərrəmli isə məsələyə bu cür mövqe bildirdi:

Qulu Məhərrəmli: “Bu məsələlərə təkcə dil aspektindən yanaşmaq doğru deyil”
“Hesab edirəm ki, Prezidentin Kəlbəcərə və Laçına səfəri, orada verdiyi bilgilər və çox önəmli mesajlar həm siyasi, həm də hərbi anlamda çox müxtəlif aspektlərdir və xüsusi önəm daşıyır. Bildiyiniz kimi, son vaxtlar Azərbaycanın Zəngəzurla bağlı atdığı addımlar, Prezidentin verdiyi bəyanatlar Ermənistanda çox ciddi təlaş yaradıb. Xüsusən də sərhədyanı bölgələrdə təhlükəsizliklə bağlı bölgənin sakinlərini düşündürür. Bu təkcə Ermənistana deyil, Qarabağı himayə edən sülhməramlılara, Rusiya Xarici İşlər Nazirliyinə verilən mesajlardır. Bu o deməkdir ki, tendensiya Azərbaycanın istədiyi istiqamətdə getməlidir. Azərbaycan hadisələrin başlanğıcındakı kimi olanlara zəif və biganə deyil, müxtəlif üsullardan istifadə edərək, torpaqların sahibi olduğunu, həm də tarixi əraziləri nəzarətdə saxladığını dönə-dönə diqqətə çatdırır. Bu çox yaxşıdır.
O ki qaldı konkret qədim bölgələrimizin adları ilə bağlı məsələyə, əlbəttə ki, ölkəmizin bir çox alimləri bu məsələləri araşdırır, ortaya çıxarır. Həmçinin Coğrafiya İnstitutu, Dilçilik İnstitutu toponimlərlə müəyyən tədqiqatlar aparır. Lakin hesab edirəm ki, bu məsələlərə təkcə dil aspektindən yanaşmaq doğru deyil. Onlar Prezidentin də verdiyi mesajda olduğu kimi tarixi, etnoqrafik, milli düşüncə ilə bağlı məsələlərdir. Hazırda Ermənistanın tərkibində qədim Azərbaycan torpaqlarının adlarının böyük əksəriyyəti erməniləşdirilib. Söhbət Vedi, Qəmərli və digər bölgələrdən gedir. Hesab edirəm ki, bütün bunlarla bağlı ensiklopedik səviyyədə lüğət hazırlanmalı, yayılmalı, tədris olunmalıdır. Hər kəs bilməlidir ki, tarixi ərazilər əslində kimə məxsus olub və min illər boyu toponimlərlə mövcud olub”.

Mehriban Vəzir: ”Qədim bölgələrin adları ilə bağlı məsələ çox mühümdür və çoxdandır ki, öz həllini gözləyir”
Yazıçı-publisist Mehriban Vəzir də qeyd etdi ki, qədim bölgələrin adları ilə bağlı məsələ çox mühümdür və çoxdandır ki, öz həllini gözləyir:
“Lakin bunun həllində mütləq şəkildə mütəxəssisləri dinləmək lazımdır. Bəzən görürük ki, bu cür məsələlərdə həvəskarlar irəli düşür, bu yolverilməzdir. Çünki bu zaman müəyyən yanlışlıqlar olur. Elə adlar var ki, onların qədim adları araşdırılmadan dəyişdirilir. Məsələn, zamanında Qurtqaşen, Vartaşen adları dəyişdirildi. Halbuki onlar qədim türk adlarıdır. Onların adlarının dəyişdirilməsi yanlışlıq idi. Daha sonra, Şamaxıda Saqiyan kəndinin adı müzakirə edildi ki, sonu ”yan”la bitdiyindən dəyişdirilməlidir. Və yaxud bildirildi ki, saqi sözü mentalitetimizə uyğun deyil. Bütün bunların hamısı bilgisizlikdən irəli gəlir. Çünki “Saqiyan” sözü milli mədəniyyətlə bağlıdır və onun hekayəsi də var. “Yan” sonluğu ermənilərə məxsusdur deyib, onda gərək Salyan sözünü də ləğv edək? Bu baxımdan qeyd edirəm ki, bu cür məsələlərə mütləq şəkildə mütəxəssislər cəlb edilməli, ictimai rəy olmalıdır”.
Xalidə GƏRAY,
Musavat.com

