Pambığın alış qiyməti artdı – sahibkarlar üçün fürsət
Son məhsul istehsalını qurmaq zərurətə çevrilir
Azərbaycanda pambıq emalı ilə məşğul olan şirkətlər məhsulun alış qiymətini artırıblar. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, qərar Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən pambıqçılığın dəstələnməsi istiqamətində daha bir addımdır.
Məlumatda qeyd olunur ki, şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2021-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 650 manatdan 700 manata, 2-ci növün qiyməti 630 manatdan 680 manata, 3-cü növün qiyməti 590 manatdan 640 manata, 4-cü növün qiyməti 550 manatdan 600 manata qaldırılıb: “Bu qərar fermerlərin məhsul istehsalına həvəsləndirilməsi üçün qəbul olunub. Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması nəticəsində pambıq istehsalı ilə məşğul olan fermerlər xeyli əlavə qazanc əldə edəcəklər. Bu, Prezident İlham Əliyevin fermerlərə göstərdiyi qayğı və diqqətin növbəti təzahürüdür”.
Qeyd edək ki, pambıq istehsalı dövlət tərəfindən stimullaşdırılan sahələrdən biridir. Dövlət təhvil verilən pambığın hər tonuna görə fermerlərə 100 manat subsidiya, pambıq əkilən hər hektara görə 260 manat əkin subsidiyası ödəyir. Ödənilən subsidiyalar fermerlərə xüsusi kartlar vasitəsilə çatdırılır və ödənilən məbləğin yalnız 25 faizini nağdlaşdırmağa icazə verilir. 75 faiz məbləği fermer kart vasitəsilə və bilavasitə təsərrüfat məqsədli istehsal vasitələrinin alınmasına sərf etməlidir.
.jpg)
Azərbaycanda pambığın alış qiyməti axırıncı dəfə 2018-ci ilin sentyabrında artırılaraq birinci növ üçün 600 manatdan 650 manata, ikinci növ üçün 580-dən 630-a, üçüncü növ üçün 540-dan 590 manata, dördüncü növ üçün 500-dən 550 manata çatdırılmışdı.
Ölkədə pambıq istehsalı 2015-ci il böhranından sonra qeyri-neft sektorunun prioritet inkişaf istiqamətlərindən biri elan olunub. Nəticədə, 2016-cı ildə 89 min 442 ton olan pambıq istehsalı 2017-ci ildə 207 min 525 tona, 2018-ci ildə 233 min 592 tona, 2019-cu ildə 295 min 279 tona, 2020-ci ildə 336 min tona çatdırılıb. Pambıq əkinlərinin sahəsi qeyd olunan illərdə 51,4 min ha, 136,4 min ha, 132,5 min ha, 100,1 min ha təşkil edib. Bu zaman orta məhsuldarlıq 2016-cı ildə 17,3 sentnerdən 2017-ci ildə 15,3 sentnerə düşsə də, 2018-ci il ildən artmağa başlayaraq 2020-ci ildə 33,6 sentnerə çatıb.
Göründüyü kimi, məhsuldarlığın artırılması istiqamətində nəzərəçarpacaq irəliləyiş var: 2017-ci illə müqayisədə 2020-ci ildə əkin sahələri 36 min ha azalsa da, istehsal həcmində 72 faizə yaxın artıma nail olunub. Lakin bu, qlobal iqlim dəyişikliyinin ciddi təsirlərinə məruz qalan, su ehtiyatlarının 70 faizi kənardan formalaşan Azərbaycan üçün yetərli sayılacaq nəticə deyil. Çünki pambıq istehsalında uğur əldə edən ölkələr üzrə orta məhsuldarlıq 77 sentnerin üzərindədir. Azərbaycanda bu səviyyəni əldə etmək üçün məhsuldarlığın bundan sonra 2 dəfədən çox artırılmasına ehtiyac var. Nəzərə alsaq ki, Azərbaycanda qlobal iqlim dəyişikliyinin təsiri ilə su ehtiyatlarının həcmi ildən-ilə azalır, onda pambıq istehsalında məhsuldarlığı dünya ortalamasına çatdırmağın zərurətə çevrildiyini söyləyə bilərik. Çünki pambıq ən çox su istehlak edən bitkilərdən biridir. Düzdür, son illərdə pambığı yalnız suvarma və torpaq imkanları əlverişli olan rayonlarda əkməyə başlayıblar: 2018-ci illə müqayisədə 2021-ci ildə pambıq əkilən rayonların sayı 27-dən 17-yə endirilib. Lakin bu, optimal məhsuldarlığın əldə olunması üçün yetərli sayılacaq nəticə deyil.
Qeyd edək ki, dünya üzrə pambıq balansına əsasən 2021/22-ci məhsul ili ərzində pambığın istehsalında, o cümlədən qlobal təklifdə 2020/21-ci məhsul ili ilə müqayisədə artım qeydə alınacağı proqnozlaşdırılır. Dünya üzrə pambıq istehsalında artım müşahidə olunmasına baxmayaraq, dünya üzrə pambığın fabrik istehlakındakı artımın qlobal ehtiyatlarda azalmaya gətirib çıxaracağı gözlənilir.
2020-ci idə dünyada pambıq istehsalı 24,5 milyon ton təşkil edib. Bu il üçün proqnoz 25,9 milyon tondur. İlin əvvəlinə dünya 20 milyon ton pambıqla keçib. Ötən il pambığın fabrik istehlakı 25,9 milyon ton təşkil edib. Bu il isə bu göstəricinin 26,9 milyon ton olacağı gözlənilir. Yəni keçən ildən qalan qalıqla cari ilin istehsal həcmi qlobal istehlakı qarşılamağa imkan verəcək.

Qlobal istehlakın artması dünyada pambığın qiymətində də artımın baş verməsinə səbəb olacaq. 2018-2020-ci illər ərzində pambığın dünya bazarı qiymətində azalma müşahidə olunsa da, 2020-ci ilin son rübündəki artım sonrakı rüblərdə də davam edib. Ümumiyyətlə, pambığın qiyməti 2020-ci ilin iyun ayından 2021-ci ilin martına qədər artım, mart-may ayları ərzində azalma, iyun ayından etibarən isə yenidən artım tendensiyası nümayiş etdirir. 2021-ci ilin iyul ayında pambığın 1 kiloqramının dünya bazarı qiyməti əvvəlki ayla müqayisədə 3.33 faiz artaraq 2.17 dollar təşkil edib. Qlobal proqnozlara görə, pambığın istehsalı və qiymətində 2029-cu ilədək davamlı artım müşahidə olunacaq.
Pambıq ağır texniki qulluq, yüksək əmək sərfi tələb edən bahalı bitkidir. Azərbaycanda bu bitkinin yetişdirilməsini əksər müstəqil ekspertlər səmərəli hesab etmirlər. Bildirilir ki, hətta dövlətin ayırdığı subsidiya belə onun becərilməsini səmərəli etmir. Təəssüf ki, Azərbaycanda pambıqçılıq üzrə maya dəyəri, onu formalaşdıran komponentlərin tərkibindəki xüsusi çəkisinə dair hesablamalar ya aparılmır, yaxud aparılsa da, nəticələri açıqlanmır. Bu baxımdan, dövlət dəstəyinin istehsalçıların istehsal xərclərinin hansı hissəsini örtdüyünü, xalis gəliri nə qədər artırdığını söyləmək mümkün deyil. Bu şəraitdə emal müəssisələrinin alış qiymətini artırmasından istehsalçıların qazancı barədə danışarkən ötənilki istehsal göstəricisi əsasında fikir yürütmək mümkündür. Belə ki, bu il ötənilki qədər pambıq istehsalına nail olunarsa, alış qiymətindəki artım istehsalçılar üçün 16,8 milyon manat əlavə gəlir gətirə bilər.
İstehsalçılardan fərqli olaraq emalçıların gəliri barədə müəyyən təsəvvür yaradan rəqəmlər əldə etmək mümkündür. Belə ki, rəsmi statistikadan aydın olur ki, ötən il Azərbaycandan xaricə 131 milyon 930,21 min dollarlıq 97 min 578,15 ton daranmamış pambıq lifi ixrac olunub. Bunun 6639,82 tonu İrana, 90647,62 tonu isə Türkiyəyə satılıb. Pambıq iplik ixracı isə 18 milyon 951.27 min dollar dəyərlə 9 040.91 ton təşkil edib.
Bu ilin yanvar-iyul ayları ərzində hər iki məhsulun ixracında ciddi artım qeydə alınıb. Belə ki, Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, yeddi ayda Azərbaycan xaricə 134 milyon 953.9 min dollar dəyərində 88 min 472.31 ton pambıq lifi, 28 milyon 801.68 min dollar dəyərində 10 min 170.33 ton pambıq iplik ixrac edib. İllik müqayisədə pambıq lifi ixracı 88,5 faiz, pambıq iplik ixracı isə 2,8 dəfə artıb.
Pambığın emal olunmuş formada – iplik şəklində istehsal və ixracının artması müsbət tendensiyalardan biri hesab oluna bilər: ipliyin istehsalı məşğulluğun təmin olunması baxımından əhəmiyyətlidir. Digər tərəfdən, iplik ixracı pambığın lif şəklində ixracından ikiqat daha artıq qazanc əldə etməyə imkan verir.
Rəsmi məlumatlara görə, bu ilin yanvar-iyul aylarında toxuculuq sənayesində 195,7 milyon manat məhsul istehsal edilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 56,4 faiz çoxdur. Cari ilin ötən dövründə pambıq lifi istehsalı 46 milyon 900,2 min dollar təşkil etməklə keçən ilkindən 33,3 faiz, pambıq parçalar istehsalı 21 min 308,8 kv.m (artım 31,4 faiz), pambıq iplik istehsalı 13 990 ton (artım 2,5 dəfə), pambıq yataq ağları istehsalı 256,8 min ədəd (artım 7,6 dəfə) olub.
Ötən il ərzində pambıq lifi istehsalı 7,7 faiz azalmaqla 78 min 460,9 ton, pambıq parçalar istehsalı 42 faiz artmaqla 29 min 965,5 kv.m, pambıq iplik istehsalı 34,4 faiz artmaqla 46 min 741,5 ton, pambıq yataq ağları istehsalı 66,1 faiz azalmaqla 268,1 min ədəd təşkil edib. Göründüyü kimi, pambıq emalı sahəsində müəyyən irəliləyiş müşahidə olunmaqdadır. Bu irəliləyişin davamlı olması, pambığın ölkədən xaricə son məhsul formasında ixracının qurulması son illərdə ən çox müzakirə olunan mövzulardan biri olsa da, bu istiqamətdə ciddi nəticənin əldə olunduğunu söyləmək mümkün deyil. Hələ ki biz ən yaxşı halda pambığı xaricə iplik formasında sata bilirik…
Yeri gəlmişkən, bu ilin yanvar-iyununda Azərbaycanın qeyri-neft ixracatında özəl şirkətlər arasında birinci yer pambıq emalı sahəsində ixtisaslaşmış MKT İstehsalat Kommersiya MMC-yə məxsus olub. Onun altı aylıq ixracatı 64,1 milyon dollar təşkil edib.
Dünya SAKİT,
“Yeni Müsavat”

