İSLAM 

Namazda qiyamın fəlsəfəsi nədir?

Namazqılan namaz qılmaq üçün yerindən qalxar və təvazökarcasına və vüqarla Allahın qarşısında qərar tutar.

Qiyam – ayağa qalxmaq və sakit olmaqdan uzaq olmaq deməkdir.

Qiyam – nəfsani istəklərdən uzaq olub, tövbə üçün hazır olmaqdır.

Qiyam – cisim və ruhun Allah qarşısında durmasıdır. Bu zaman insan başını təvazö niyyəti ilə aşağı salmalıdır. Yəni təkəbbürdən uzaq olduğunu göstərər.

Qiyam – İlahi ibadətə hazır olmaq deməkdir.

Qiyam – insanın inkişaf və tərəqqi yolunda fəaliyyət göstərməsidir. Namazqılan tənbəlliyi və süstlüyü kənara qoyub, ümidlə ayağa qalxar və Allaha çatmaq üçün hərəkət edər.

Qiyam – namazqılanın şeytanla, nəfsani istəkləri ilə mübarizəsinin nişanəsidir. Əkbər və əsğər cihadının nişanəsidir.

Qiyam – bərabərliyin təcəllisidir. Namazda hamı bir nəfər kimi Allah qarşısında ayağa qalxarlar: qarası, ağı, sarısı, yoxsulu, zəngini, cavanı, qocası…

Qiyam onu göstərir ki, heç kəs başqasından üstün deyildir. Hamı Allah dərgahının bəndəsidir. Qiyam zamanı təkəbbür divarı sökülər, yoxsullla zəngin yan-yana dayanar.

Qiyam – Allah qarşısında ehtirama riayət etməkdir. Namazqılan Allahın ehtiramını saxlayaraq, ayağa qalxar və mətanətli şəkildə ibadətə başlayar.

Qiyam – Allaha bəndəlik haqqını əda etməkdir.

Qiyam – Allahla ünsiyyət qurub, onunla söhbətdən ləzzət almaqdır.

Qiyam – insanın həm batində və həm də zahirdə Allaha yaxınlaşmaq istəyidir.

Daha çox xəbərlər