“Azərbaycanda kimin villası yoxdur ki?!” – Deputatdan Ramil Bayramlı ilə bağlı AÇIQLAMA
Ramin Bayramlının villasının videosu mediada böyük səs-küyə səbəb oldu. Azərbaycanda bəzi məmurların adlarının bu tip mövzularla hallanması da artıq adi hala çevrilib. Cənab Prezident İlham Əliyev məmurlara sadə olmağı, vətəndaşlara xidmət etməyi, vətəndaşların problemləri ilə maraqlanmağı, bir sözlə, sadəlövh olmağı tövsiyə və əmr etsə də, məmur özbaşınalığı hadisələri hələ də davam etməkdədir.
Məsələ ilə bağlı Sonxeber.az saytına açıqlama verən deputat Razi Nurullayev bildirib ki, bu gün Azərbaycanda əksər məmurların villası, bahalı maşını, biznesi, başqa əlavə gəlir yerləri var:
“Mənim bu barədə bir məlumatım yoxdur və elə bir video görməmişəm. Amma Azərbaycan reallığında onsuz da 1-2 il vəzifədə işləyəndə milyarderə çevrilmək məsələsi var. Mənim bu məsələ haqqında bir fikrim yoxdur, amma mən bir məsələni bilirəm ki, xeyli vəzifəli şəxslər cəmiyyətdə ciddi narazılıq yaradırlar. Narazılıq da ondan ibarətdir ki, insanlara düzgün xidmət göstərilmir, əhaliyə ayrılan pullar vətəndaşlara xərclənilmir. Bu problemlər də buradan qaynaqlanır.
Bu gün Azərbaycanda kimin villası yoxdur ki?! Azərbaycanda villası, bahalı maşını, biznesi, başqa əlavə gəlir yerləri olmayan məmur var? Siz belə bir məmur tanıyırsınız? Azərbaycanda neçə faiz insan var ki, ancaq əmək haqqı ilə yaşayır. “Əməkhaqqı ilə yaşayan məmur” ifadəsi mövcuddur? Belə bir konsepsiya, belə bir ideya varmı? Əlbəttə, yoxdur. Azərbaycanda bütün vəzifəli şəxslərin villası da var, biznesi də var. Çoxu da dövlət büdcəsindən istifadə edərək özünə var-dövlət yığıblar. Bu reallıqdan kim qaça bilər? Sadəcə olaraq, kimlərsə hədəfə alınanda, ona qarşı kampaniya çevirirlər. Mən isə bu kampaniyalarda iştirak etmək istəmirəm. Mən şəxsən Ramin Bayramlı ilə danışıram, lazım olanda, sözümü də deyirəm, tənqidimi də edirəm, xahişimi də dilə gətirir, hətta bəzi məsələləri tələb edirəm. Amma bu gün ona qarşı danışmayacağam. Çünki Azərbaycanda insanların ən eybəcər xüsusiyəti ondan ibarətdir ki, ayrı-ayr məmurları hədəfə alır, onlara qarşı kampaniya çevirib “vururlar”. Guya ona qarşı kampaniya çevirən məmurların özləri “süddən çıxmış ağ qaşıqdır”lar? Xeyr! Cəmiyyətin bütün strukturları bu gündədir. Hansı məmur əməkhaqqı ilə yaşayır ki, indi bu gün bir nəfəri götürüb hədəf alaq? Mən bu cür kampaniyaları, bu cür hədəfləmələri cəmiyyətimiz üçün ziyanlı sayıram və orada iştirakçı olmaq istəmirəm”.

