Fransadakı mühacir jurnalist işğaldan azad olunan kəndinə – evinə getdi, bunları yazdı FOTOLAR
MACAL – Müqəddəs torpaqlarda
Qardaş, xəyalımı soraqlasan sən,
Vətəndə hər cansız, hər canlıda gəz.
Ancaq ürəyimi tapmaq istəsən,
Başqa yerə getmə, Mərcanlıda gəz.
Bu misralar atamın 2013-cü ildə qələmə aldığı, oba həsrətini və valideyn nisgilini içində barındıran “Sazda etdiyim nəsihəti unutma oğul!” adlı yazıdan götürülüb.
Atamın anasının, yəni mənim Vəzifə nənəmin öz oğluna (atama) xitabən işlətdiyi ifadədən adını alan bu yazı, atamın özünü Böyük Mərcanlıda gördüyü təsirli yuxudan bəhs edir.

Böyük Mərcanlı kəndinin qəbiristanlığının yerləşdiyi əraziyə, elat arasında “Saz” deyirdilər. Mən Bakıda olarkən, bu barədə kirvəm Mürvət əmiylə danışanda, tərəkəmələrin qamışlıq əraziyə “saz” dediyini öyrəndim.
Böyük Mərcanlının kənd qəbiristanlığı ənənəyə uyğun olaraq kəndə bitişik yox, kənddən təxminən 2-3 kilometr aralıda, vaxtıyla qamışlıq olan təpəlik ərazidə salınıb.
Mən, Molla Muqdətin nəvəsiyəm, bunu həmişə fəxrlə demişəm. Babam qatı sovet təbliğat maşının güclü olduğu, kommunizm rüzgarının əsdiyi dövrdə, öz evində gizlicə camaat namazı qıldırıb, oruc tutub, ibadətlə məşğul olub, ruhani ocaq kimi tanınıb.
Nənəmin sənəddə adı Vəzifə kimi getsə də, əsl adı Vəzuhadır. Müqəddəs kitabımız Qurani-Kərimdəki Zuha (yaxud Duha) surəsinin ilk ayətindən götürülüb.
Rəhmətlik əmim Çərkəz Məcid isə şair və yazıçı olub, SSRİ-nin çöküşü dönəmində kəskin fikirləri və çıxışlarıyla tanınıb.
İndi hər üçünün məzarı “saz” adlanan həmin kənd qəbiristanlığında yerləşir. Otuz ilə yaxın müddətdə öz atanın, ananın və qardaşının məzarlarını ziyarət edə bilməmək çox ağırdır, daha doğrusu ağır idi, nəhayət ki, bu həsrətə son qoyduq.
Cəbrayıla, Böyük Mərcanlı kəndinə gedişimiz ani oldu. 11 illik həsrətdən sonra doğma Azərbaycana gəlişimdə, 13 günlük qısa səfər çərçivəsində müvafiq qurumlara müraciət edərək, Cəbrayıla, Böyük Mərcanlı kəndinə getmə istəyimi bildirmişdim.
Ümumiyyətlə, Cəbrayıl və Böyük Mərcanlı adı bizə həmişə doğma olub. Oğul nəvəsinə Cəbrayıl adı qoymaq da elə atamın istəyi idi.
Cəbrayıl elim-obam,
Mərcanlı yuvam mənim.
Cəbrayıl ana babam,
Cəbrayıl nəvəm mənim…
Cəbrayıl və Mərcanlının doğmalığını göstərən bu şeir misraları da atama məxsusdur.
İlkin razılıq cavabı gəldikdə artıq mənim Azərbaycandakı bir həftəm dolmuşdu. İyul ayının 15-i, oğlum Cəbrayılın doğum günündə məsələ artıq dəqiqləşdi.
Atamın isə mənim bu müraciətimdən xəbəri yox idi. Bu barədə ona iyulun 16-sı axşam, bütün proses tam dəqiqləşəndən sonra məlumat verdim.
Beləliklə, Fransaya qayıtmağıma 3 gün qalmış, iyulun 17-si, səhər sübh tezdən Cəbrayıla doğru yola çıxdıq.
Horadizə çatdığımızda saat səhər doqquz, yaxud onun yarısı idi. Bizi hərbçilər qarşıladılar. Burada qəhrəman hərbçilərimizlə bərabər səhər yeməyi yedik, tanış olduq, söhbətləşdik. Yolçu yolunda gərək deyib, çox vaxt itirmədən Böyük Mərcanlının yolunu tutduq.

Böyük Mərcanlıdakı evimizin qalıqları
Horadizdən işğaldan azad olunmuş ərazilərə gedərkən, sola doğru bir yol 2016-cı ildə işğaldan tam azad olunmuş və artıq yaşayış olan Cocuq Mərcanlı kəndinə burulur. Düz yolda isə post qurulub, maşınlar və sərnişinlərin icazəsi yoxlanılır, bu yolla Şuşaya qədər getmək mümkündür.
Post yoxlanışından sonra öncə dağılmış asfalt, sonra kələ-kötür torpaq yolla müqəddəs yurda doğru gedirik. Əslən Xankəndindən olan sürücümüz Rövşən hər nə qədər ehtiyatla və yavaş sürsə də, nahamar yollarda minibus bizi atıb-tuturdu.
Rövşən deyirdi ki, Xankəndini uşaq vaxtı tərk etsə də, evlərini açıq-aydın şəkildə xatırlayır, indi ora gedəsi olsa, rahatlıqla evlərini, məhəllələrini tapa bilər.
Hər nə qədər, yolların minalardan təmizləndiyi deyilsə də, hər ehtimala qarşı bizi minaaxtaranlar da müşayiət edirdi. İçimdə qəribə bir həyəcan vardı, sanki Məkkəni, Kəbəni ziyarətə gedirdim.
Ata yurdunda olmaq, 30 ilə yaxın işğaldan azad edilmiş bu müqəddəs torpaqlarda gəzmək insanın hisslərini kuliminasiya nöqtəsinə çıxarır, illərlə içimizdə yığılan duyğular, boğduğumuz qəhər, sevinc göz yaşlarına çevrilir.
2016-cı ildə işğaldan azad etdiyimiz, Azərbaycan bayrağının dalğalandığı Lələtəpə postunu aralıdan görürük, ordumuzla bir daha fəxr edirik, qəlbimiz qürurla dolur.

2016-cı ildə işğaldan azad olunan Lələtəpə
İşğaldan azad olunmuş ərazilərin hər bir tərəfində abadlıq işi gedir, ərazi böyük şantiyə, inşaat sahəsini xatırladır. Bir tərəfdə yollar çəkilir, digər tərəfdə elektrik, su və qaz xətləri quraşdırılır. Çoxlu sayda işçi qrupunun bu əraziyə cəlb edildiyini, cəmləşdirildiyini görmək mümkündür.
Azərbaycan dövləti, buradakı alt yapı işlərinin sürətli bitirilməsini, daha sonra öz yurdlarından didərgin düşmüş vətəndaşlarımızın qayıtma prosesinə başlamağı istəyir. Yüzlərlə, bəlkə də minlərlə işçi gecə-gündüz, qış-yay demədən işğaldan azad olunmuş torpaqlarımızda işləyir. Bu mənzərə qətiyyətli dövlət, fədakar vətəndaş tandeminin ən bariz nümunəsidir.
Şuşaya doğru iki yol gedir, biri Cəbrayılın içindən keçən, əsgərlərimizin Şuşaya qədər getdiyi, Ali Baş Komandanın da “Zəfər Yolu” adlandırdığı, digəri isə dağların arasından tunellerlə bir başa Şuşaya gedib çıxacaq olan pullu yoldur.
Öncə kəndə getməyi qərarlaşdırmışdıq, daha sonra kənd qəbiristanlığına, Cəbrayıl rayonunun mərkəzinə gedəcəkdik.

Cəbrayıl rayon mərkəzindəki dağıntılar
30-40 kilometrlik bir məsafəni bir saat yaxud bir az daha artıq müddətdə qət etdikdən sonra, nəhayət kəndin yerləşdiyi əraziyə çatdıq.
Bizi kəndin xarabalıqları qarşıladı. İlahi, bu necə bir vəhşət, bu necə barbarlıqdır?!
Kənd yerlə-yeksan olunub, bütöv halda bir daxma belə yoxdur. Hər tərəf yaşayış dağıntıları, ev qalıntılarıdır. Bütün təsərrüfatlar da viran edilib.
Bir daş, daş üstünə qoyulmayıb, hər şey yerlə bir edilib. 30 illik işğal dövründə bu ərazilər böyük bir xarabalığa çevrilib. Çünki ermənilər buranın onların vətəni olmadığını özləri də bilirdilər.
Bizi müşayiət edən hərbçilərdən biri deyir ki, işğaldan dərhal sonra, 90-cı illərdə buradakı yaşayış məskənləri qarət olunduqdan sonra hər ev 200 dollara iranlılara satılıb. Özünü müsəlman adlandıran qonşularımız öz yurd-yuvalarından qaçqın düşən digər məzlum müsəlman qardaşlarının göz yaşı qurumadan, ah-naləsi, fəryadı dinmədən, buradakı evlərin daşlarını söküb, qapı-pəncərəsini çıxarıb, İrana aparıblar. Xüsusən, İranın Azərbaycanla sərhədyanı bölgələrində tikilmiş bir çox evin daşı, pəncərəsi, qapısı Qarabağdan aparılıb. Görəsən, o qarğışın, fəryadın ağırlığından başqasının mülkünü dağıdıb özlərinə ev quranların, bu talanda iştirak edənlərin evləri bir gün öz başlarına uçmayacaqmı?!
90-cı illərin ortalarında Xudafərin körpüsünün o tayında açıq bazarlar olurmuş. Bizim didərgin düşmüş soydaşlarımızın bir qismi İrana gedərək bu bazarlarda öz ailəsinin, qohumlarının miraslarını, qiymətli əşyalarını, əlyazmaları axtarırlarmış.
Ortada öz malımızı yenidən özümüzə satan bir həyasızlıq nümunəsi var.
Bu da bizim imtahanımızdır ki, şimalda Rusiya, cənubda İranla qonşuyuq. Solumuzda isə gah İranın, gah Rusiyanın bizə qarşı hürdürdüyü, istifadə etdiyi, bir qəbilə dövləti var.
Böyük türk şairi Mehmet Akif Ersoya istinad edilən belə bir deyim var: “Süleymaniyəni yıxmağa, iki qazma kürək, iki irqat (işçi, fəhlə), yenidən qurmağa isə bir memar Sənan, bir də Sultan Süleyman lazımdır”.
Bax, bizdə də elə bu vəziyyətdir. Erməni vandallarının amansızcasına tar-mar etdiyi, dağıtdığı o yerləri biz böyük bir əzmlə, şövqlə yenidən qurmaqdayıq. Bizim memar Sənanımız da, Sultan Süleymanımız da bu gün bir obrazda birləşib, o da ölkənin Ali Baş Komandanıdır. O, yeri gələndə dəmir yumruq, yeri gələndə mühəndisin əlidir.
“Bağırov körpüsü” adlanan yeri keçib, kəndin içinə doğru yol alanda atamın həyəcanını hiss etmək mümkün idi.
Böyük Mərcanlını gəzərkən iki epizod mənim üçün çox ağır və emosional idi.
Birincisi Babamın dağıdılmış evini və viranə qoyulmuş həyətini görmək.
İkincisi babamın, nənəmin və əmimin məzarlarını ziyarət etmək.

Babamın, nənəmin və əmimin məzarları başında
Atam dəmiryolunu axtarırdı. Uşaq vaxtı biz də Bakıdan qatara minib, Böyük Mərcanlının dəmiryolu stansiyasında enib, babamızın evinə gedərdik.
İndi nə stansiya var, nə də dəmiryolu… Dəmirləri söküb çox gümanki İrana satıblar, yerində geniş xəndəklər qazıblar.
Mərcanlıda axtarışa davam edirdik, atam anidən maşını saxlatdı. Partlamış su borusunun yanında maşından endik. Atam o yan, bu yana var-gəl edir, öz evlərini tapmağa tələsirdi. Minaaxtaranlar bizim göstərdiyimiz istiqaməti yoxladıqdan sonra bir cığırla ətrafı gəzir, bir iz tapmağa çalışırdıq.
Xeyli aşağı-yuxarı getdikdən, Böyük Mərcanlı kəndini qarış-qarış gəzdikdən sonra, atamın maşını ilk saxlatdığı yerdən keçən cığırla, nəhayət baba ocağının yerləşdiyi evin qalıqlarını tapdıq. Darvaza qapılarının paslı dirəkləri, həyətdə qurumuş su quyusunu görəndə artıq öz həyətimizdə olduğumuzu bildik.

Atamla Cəbrayılın girişində
İnsanın böyüdüyü, boya başa çatdığı ata-baba yurdunu viranə görməsi çox ağırdır.
Ev dağılmışdı, biz də dağılmışdıq, bütün xatirələr də bu dağıntının altında qalmışdı… Atamın kənardan öz evlərinin qalıqlarını seyr edib qəhərlənməsini gördüm.
Bu gün sadəcə daş qalağına çevrilən bu evdə nə qədər insanın keçmişi vardı. Bu evdə dünyaya göz açan əmim oğulları bu gün dünyanın dörd bir yanına səpiliblər. İnsan bir dəfə öz yurdundan didərgin düşdüsə bu, onun alın yazısına çevrilir…
Kənddən çıxıb “Saz” adlanan yerdə yerləşən kənd qəbiristanlığına gedəndə maşınımızın önündə üç kənd qaranquşu bizi müşayiət edirdi. Daha doğrusu, sanki bizə bələdçilik edirdilər. Artıq qəbiristanlığa yaxınlaşanda onlar məzarların qarşısındakı təpələrə doğru uçdular.
Kənd qəbiristanlığı təpənin üstündə salınıb. Atam qəbirlərin təpənin aşağı hissəsində olduğunu bildirdikdə biz təpəni sol tərəfdən dolaşmalı olduq. Mənfur düşmən, qəbiristanlığın ortasından dairəvi, səngərəbənzər xəndəklər qazdığı üçün oradakı qəbirlər yerlə-yeksan olunub, ətrafındakı qəbirlərdən isə baş daşı dağılan da vardı, sağlam qalanı, yenidən təmir olunanı da…
Təpədən sağ tərəfdə aşağıdakı axtarışlarımız öz nəticəsini verdi, məzarları tapdıq.
Hər üç yanaşı qəbrin önündə duranda bir anlıq mənə elə gəldi ki, babam, nənəm və əmim öz məzarlarından qalxıb, bizi qarşıladılar.
Çox ağır, bir o qədər ruhani və mənəvi yükü ağır mənzərə idi ki, bunu heç vaxt unutmayacam…
Atamın başdaşlarına sarılaraq ağlamasının, fəryadının sözlə izahı yoxdur. Mən bu anları görüntüyə alarkən hıçqırırdım.
Bir kişinin ağlamasından böyük faciə yoxdur bəlkə də dünyada… Qəbiristanlıqda hökm sürən sükutun özü ağı deyirdi… Bu ağır atmosferdə, bəlkə də sadəcə ağlamaqla toxtaqlıq tapmaq olardı..
Babam Molla Muqdətin, Vəzifə nənəmin, əmim, şair Çərkəz Məcidin qəbri önündə onların ruhlarına Fatihə oxuduq, dualar etdik.
Qəbiristanlıqdan ayrılanda sanki əhli qübur da bizim arxamızca gəlirdi, biz torpağın üstündə addımlayırdıq, onlar torpağın altında…
Daha sonra Cəbrayılın rayon mərkəzinə gedərkən, yolüstü oğlum Cəbrayılın kirvəsi Saleh bəyin doğulduğu yerə, Horovlu kəndinə baş çəkdik.

Horovlu kəndi, məktəbin qalıqları
Eyni mənzərə idi, hər tərəf dağıdılmış, daş-daş üstündə qalmamışdı.
Bu qədər dağıntının içində yolüstü Mehdili kəndindən keçərkən, buğda zəmisində traktorun işləməsini görmək əhvalımı yenidən müsbətə köklədi. Deməli, işğaldan azad edilən kimi bu torpaqlarda artıq əkin-biçinə başlanılıb. Bu, özü artıq bir çox mətləbdən xəbər verir.
Cəbrayıl rayon mərkəzində tarixi çinar ağacının yanında durduq.

Məşhur Çinar kəhrizi
Bizə bildirildi ki, 800 il yaşı olan və təbiət abidəsi kimi qorunan, “Xan çinarı” adlandırılan şərq çinarının əsas gövdəsi kəsilib, lakin sonradan törəyən ağac gövdəsi də, kifayət qədər ehtişamlı idi.
Ən çox su tutumu olmasıyla bilinən məşhur Çinar kəhrizi də, məhz bu ağacın yanında yerləşir.
Təəssüf ki, kəhriz vəhşi vandallar tərəfindən dağıdılıb, üstü torpaqla örtülüb.
Qarşısında yerləşən çayxana isə, yerlə yeksan edilib.

Cəbrayıl narı
Cəbrayılı gəzəndə bir daha əmin oldum ki, işğaldan azad olunmuş torpaqlarımızda böyük ekoloji soyqırımla yanaşı, milli, mədəni və tarixi miraslarımızın dağıdılması və qarət olunması, qarşımızdakı düşmənin nə qədər qəddar, modern dünyadan uzaq, humanistlikdən kənar, heç bir geniş, hətta ibtidai təfəkkürü belə olmadığını görmək mümkündür.
Cəbrayılda, qızmar günəşin altında Dostluq bulağından su içmək də bizə nəsib oldu.

Dostluq bulağında
Cəbrayılda olarkən, Böyük Mərcanlı, Horovlu kəndi və rayon mərkəzindən Fransaya aparmaq üçün torpaq götürdüm.
Böyük Mərcanlıdan və rayon mərkəzindən gətirdiyim torpağı, Fransadakı evimizin həyətinə səpdim.
Çox qəribə və metafizik duyğulardır.
Horovlu kəndindən gətirdiyim torpağı isə, qürbətdə yaşayan horovlululardan bir neçəsinə hədiyyə kimi verməyi planlayıram.
Son olaraq, səfərin təşkilində əməyi olan hər kəsə təşəkkür edirəm.
Allah hər bir yurd həsrəti çəkən həmvətənimizə, öz doğma el-obasına getməyi ən qısa zamanda nəsib eləsin.
Elnur Məcidli, Paris – Bakı – Cəbrayıl – Paris





