Cəbr, yoxsa ixtiyar?
Cəbr dedikdə o nəzərdə tutulur ki, insan rəftar və əmllərində məcbur olsun. Heç bir ixtiyarı və azadlığı olmasın. Əşəri firqəsi bu nəzərdədir ki, insan bütün işlərinə məcburdur və hər şey Allahın əlindədir və insanın bir işi görməyə heç bir ixtiyarı və azadlığı yoxdur. Yəni insan bir bitki kimidir, ya da yuxarıdan aşağı atılan bir daşa bənzəyir. (Tebyan)
Bu yanlış əqidə ona görə meydana gəlibdir ki, bu insanlar cəbrlə bağlı şübhələri həll edə bilməyiblər. Biz Əhli-beyt (ə) davamçılarının əqidəsinə görə, bu nəzər yanlışdır. Çünki bu əqidə:
1. Allahın ədaləti ilə uyğun gəlmir.
2. Peyğəmbərlərin (ə) hədəfi ilə ziddiyyət təşkil edir.
3. Quran ayələri ilə ziddiyyət təşkil edir.
4. Cəmiyyətdə təhlükəli nəticələr qoya bilər.
Əhli-beyt (ə) məktəbi bu fikirdədir ki, insan bir işi görmək istəyən zaman bu iş həm ona aiddir, çünki onun tərəfindən həyata keçir, həm də Allaha aiddir. Çünki insanın malik olduğu bütün güc və qabiliyyələtləri Allah ona vermişdir. Bizim əqidəmizə görə insan ixtiyar sahibidir və azaddır. Həyatda heç bir cəbr yoxdur.
Bəs onda bu yanlış əqidə haradan meydana gəlmişdir? Onun yaranmasında təsiri olan iki amili araşdıraq:
Siyasi amil.
Hələ qədim zamanlardan siyasətçilər insanların qəzəbini yatızdırmaq üçün, inqilab və qiyamların qarşısını almaq üçün bu fikrə əl atmış və demişdilər ki, insan azad deyildir və heç bir ixtiyarı yoxdur. Onu hərəkət etdirən – taleyidir. Əgər kimsə padşah və kimsə kölədirsə, bu – İlahi qəza və qədərə görədir. Bu nəzər o qədər yayılmışdır ki, insanların zehninə daxil olmuş və zalım hökmdarlara çox yardım etmişdir.
Ustad Mütəhhəri bu haqda yazır: “Tarix onu göstərir ki, Bəni Üməyyənin zamanda qəza və qədər məsələsi Əməvi siyasətçiləri üçün möhkəm bir mövzu idi. Onlar ciddi şəkildə cəbr mövzusuna tərəfdarlıq edirdilər. İnsanın ixtiyar sahibi olması və azad olması əqidəsində olanları isə dinə müxalif hesab edib, ya öldürür, ya da zindana atırdılar”.
Psixoloji amil.
Həyatda məğlubiyyətə uğramış və zəif əqidəli insanlar bu həqiqəti etiraf etməyə hazır deyildirlər ki, səhvlərinə görə məğlub olublar. Özlərini təmizə çıxartmaq üçün günahlarını taleyin üzərinə atırlar. Bu yolla da rahatlıq tapırlar. Əlbəttə yenə də deyirik ki, insan həyatında cəbr yoxdur. Hətta ictimai amillər belə, cəbri deyildir. Baxmayaraq ki, ətraf mühit, mədəniyyət, ictimai və iqtisadi amillər insana təsir qoyur, lakin son qərar insanın özündədir.
Həzrət Musa (ə) Fironun sarayında böyüməsinə baxmayaraq, haqq yolunu tutur. Nuhun (ə) oğlu peyğəmbər ailəsində böyüməsinə baxmayaraq, kafir olur. Bunun kimi çox misal çəkmək olar ki, ətraf mühit və başqa amillər insanın azadlğını əlindən ala bilməz. Bəlkə öz iradə və ixtiyarları ilə mübarizə aparıb, haqq yolunu seçmişdilər. Kəhf səhabələri kimi.
Tarixə nəzər salan zaman görmək olur ki, o kəslər ki, inqilab edib və dəyişiklik etmək istəyib, cəbrə inanmayanlar olub. İnsan bütün bu amillərə qarşı müqavimət göstərib, həmin vəziyyətə hakim ola bilər. Cəmiyyətə hakim olan vəziyyəti dəyişdirə bilər.
Beləliklə, deyə bilərik ki, yuxarıdakı amillər ancaq zəminə ola bilər. Lakin insan azad və ixtiyar sahibidir.

