2018-ci ildə xurma ixracı dəyər baxımından 26 faiz, həcm baxımından isə 28 faiz artıb
ARANTV.AZ xəbər verir ki, Qeyri-neft sektorunun inkişafına yönələn addımlar artıq uğurlu nəticələrini verir. Məsələn, “Made in Azerbaijan” brendi ilə dünyanın müxtəlif ölkələrinə məhsullarımız ixrac olunur və ölkəyə milyonlarla dollar vəsait daxil olur. “Azexport” portalına isə ötən il 514 milyon dollar məbləğində ixrac sifarişi daxil olub. İxrac potensialına görə pomidor, qızıl və xurma ilk üçlükdə qərarlaşıb. Xurma hətta bəzi aylarda birinci yerə yüksəlib.
Yola saldığımız il Azərbaycan üçün bir çox sahələrdə uğurla yadda qaldı. Ötən il ixrac potensialı da xeyli artıb. 2018-ci ildə qeyri-neft sektoru üzrə 1 milyard 589 milyon dollar dəyərində məhsul ixrac olunub. Bu da 2017-ci illə müqayisədə 10 faiz artım deməkdir. Meyvə-tərəvəz ixracı isə 11 faiz artıb. İxracı artan məhsullar siyahısında xurma ilk üçlükdə qərarlaşıb. 2018-ci ildə xurma ixracı dəyər baxımından 26 faiz, həcm baxımında isə 28 faiz artıb. İl ərzində Azərbaycandan 115 milyon ABŞ dolları dəyərində xurma ixrac olunub. İxracın həcmi isə 151 min ton təşkil edib. Bu Azərbaycan tarixində ən yüksək dəyərdə xurma ixracıdır.
Dünyada da Azərbaycan xurma istehsalında ön sıralardadır. Ölkəmiz bu məhsulun ixracında yalnız İspaniya və Çindən geri qalır. Bu məhsulun istehsalında Balakən rayonunun da böyük payı var. Gəlirli sahə olduğundan rayon sakinləri xurmanın yetişdirliməsində maraqlıdılar. Həyətlərindən yığılan məhsulları rayonda fəaliyyət göstərən xurma emalı müəssisəsinə təhvil verən sakinlər həm də öz dolanışıqlarını təmin edirlər.
Rayonda 3 ildir ki, fəaliyyət göstərən xurma emalı müəssisəsində il boyu xurma emal olunur. Mütəxəssislərin fikrincə təzə xurmanın ixracı ilə yanaşı onun emalının da inkişafı vacibdir. Emal olunan xurma ölkəyə daha çox gəlir gətirə bilər.
Müəssisədə xurmanın doşabı və sirkəsinin hazırlanması üzərində iş aparılır. Gələn il bizim bu məhsullar avropa bazarlarına ixrac olunacaq. Bir sözlə “Made in Azerbaijan” brendi ixrac coğrafiyası ilə yanaşı məhsul çeşidini də çoxaldır.

