Nümunəvi ziyalı ömrü
Ana dilim – Azərbaycan,
Ata yurdum – Azərbaycan!
Onun adı gələn yerdə
Ürək deyir: ay can, ay can!
Elbəyi Sadiq
Pedaqogika üzrə elmlər doktoru, professor, metodist, dilçi-alim, şair, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Pespublikası qabaqcıl təhsil işçisi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Elbəyi Sadıq oğlu Maqsudov 20-yə yaxın kitab və proqramın, 200-ə yaxın elmi məqalənin müəllifi olmuş, elmi nəticələrini dünyanın bir sıra ölkələrində keçirilən konfrans, qurultay və seminarlarda beynəlxalq ictimaiyyətə çatdırmışdır.
Elbəyi Maqsudovun tərcümeyi-hal göstəricilərinə qısa nəzər salaq: 1955-ci ildə Babək rayonunun Gərməçataq kəndində dünyaya göz açıb. “Tənha kəndin harayı” adlı şeirində “Gəzib təbiətin öz bağçasını, O kəndə bəxtəvər günlər görərdik”, – deyən E.Maqsudov “Böyük vətənimin kiçik parçası” şeirində yazırdı:
Ay “Kərəm çatağı”, “Gərməçatağım”,
Gəncliyim səninlə mətinləşibdir,
Ey mənim torpağım, suyum, ocağım,
Sənsiz yaşamağım çətinləşibdir.
Böyük vətənin kiçik parçası adlandırdığı, doğulub boya-başa çatdığı, ilk təhsilini aldığı kəndin orta məktəbində də ilk əmək fəaliyyətinə başlayıb. Ömrünün 25 ilini orta ümumtəhsil məktəblərində Azərbaycan dili və ədəbiyyat tədrisinə həsr edib. O, “Azərbaycan dili dərslərində fənlərarası əlaqədən (rus dili fənni ilə) istifadənin imkanları və səmərəli yolları” mövzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru (1992) və “Azərbaycan və türk dilinin müqayisəli tədrisinin tələbələrin linqvistik təfəkkürünün inkişaf etdirilməsinə təsiri” mövzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə elmlər doktoru (2008) elmi dərəcələrini almışdır. Bir alim taleyinin zəhmətlə yüksələn ömür yolu belə iftixar dolu tarixlərlə zəngindir: 2000-ci ildə dosent, 2014-cü ildə isə professor elmi adı alıb. Bizim mühitimizdə olan adamlar yaxşı bilir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 4 diplomunu almaq hər alimə nəsib olmur. O, buna zehninin gücü, alnının təri və tükənməz enerji ilə çalışmasının nəticəsində nail olub. Nümunəvi alim ömrünün ziyası onun həyatının, elmi fəaliyyətinin nuruna çevrilib. Neçə-neçə fundamental əsərləri biri-birinin ardınca işıq üzü görüb. “Ana dili dərslərində dillərarası əlaqədən istifadənin ümumi məsələləri”, “Azərbaycan dilinin tədqiqi və tədrisi məsələləri” (Bakı: 2012), “XXI əsrin öyrənciləri üçün Azərbaycan dili və ədəbiyyatdan testlər”, “Azərbaycan dilinin Türkiyə türkcəsi ilə əlaqəli tədrisi üçün çalışmalar”, “Dillərarası əlaqə təliminin metodikası” (Bakı: 2003), “Dillərin müqayisəli tədrisi: imkanlar və vasitələr” (2004) və s. əsərləri bu gün olduğu kimi gələcəkdə də ən yaxşı elmi-metodik vəsaitlər sırasında olacağına əminik. Alimin min bir zəhmətlə hazırladığı “Azərbaycanca-türkcə, türkcə-azərbaycanca qarşılıqlı dilçilik terminləri lüğəti” tərcüməçiliklə məşğul olan mütəxəssislərin imdadına çatan ən dəyərli kitablardan biridir.
Professor Elbəyi Maqsudov Azərbaycan dilinin tədrisi metodikası ilə bağlı müntəzəm tədqiqatlar aparmış, doğma ana dilimizin ali və ümumtəhsil müəssisələrində tədrisi zamanı qarşıya çıxan çətinlikləri təcrübədə müşahidə etmiş, həlli yollarını isə incə lirizmlə, elmi ağırlığa bədii ovqat verərək yumşaltmağa, yəni elmlə poetikanın vəhdətində çatdırmağa səy göstərmişdir. Azərbaycan dilinin aktual problemlərini özünəməxsus şəkildə ortaya qoymaqla Elbəyi Maqsudov tərzini və üslubunu yaratmağa nail olmuşdur. Fikrimizcə, təcrübə ilə tədqiqatçılıq birləşəndə mükəmməl əsər meydana çıxır ki, onu da yalnız əsl pedaqoq-alim yaza bilər. Bundan da uğurlu nəticə əldə oluna bilər ki, biz bu nümunəni Elbəyi Maqsudovun “Poetik-praktik Azərbaycan dili” (Bakı: 2017) əsərində bilavasitə şahidi olduq. Elbəyi müəllimin möhkəm elmi bazası, zəngin potensial imkanları, ümumxalq danışıq dilinə yaxından bələd olması buna real zəmin yaratmışdır. Elbəyi müəllim bu əsərdə sadə, dəqiq və aydın bir tərzdə ifadə etmək istədiyi fikri, mülahizəni izah edib və fikrini oxucuya aydın çatdırıb, həmçinin adi təsadüf kimi görünən dil hadisələrinin dərin köklərini üzə çıxarmağa nail olub. Müəllif bu kitabda ən incə, ən zərif, bir növ əksər oxucu üçün müəmma şəklində olan məsələlərin izahı ilə məşğul olub.
Elbəyi müəllim zəhmətlə dolanıb, alın təri ilə yaşayıb, qiymətli əsərlər ortaya qoyub. Həm pedaqoji, həm elmi, həm də bədii yaradıcılıqla məşğul olub. Maraqlı elmi tədqiqatların müəllifi olan Elbəyi Maqsudov Elbəyi Sadiq kimi də oxucusuna yaxşı tanış idi. O, “Sevgim də, ruhum da ancaq vətəndir” (Baki: 2017), “Poetik türkəçarələr” (Naxçıvan: 2012), “Təmsillər” (Naxçıvan: 2012) və s. bədii əsərlərin müəllifi olmaqla özünə geniş oxucu auditoriyası qazanıb. Elbəyi Sadiq bədii yaradıcılıqda həmişə öz müvazinətini qoruyan, gələcəyi düşünən, vətənin hər bir qayğısını öz qəlbində yük edən, onun sevinci ilə sevinən, kədəri ilə qəmlənən, haqqın, ədalətin carçısı kimi çıxış edib. Keçmişin yaxşı cəhətlərini qoruyub gələcəyə ötürməklə yanaşı, ümidini mənsub olduğu xalqın xoşbəxt gələcəyinə bağlayıb. Sızlayan kaman kimi ürək dərdlərini poetik dillə səmimi şeirlərə köçürüb:
Kimsədə olarsa, vəfa, etibar,
O sahib çıxacaq öz daşlarına.
Yiyəsiz qalanda tənha bulaqlar,
Çevrilər dağların göz yaşlarına.
Onun ürəyini ağrıdan vətənlə bağlı nisgillər göz yaşına çevrilərək misralara səpələnib. Səmimi yazılmış “Vətənə gəldim, imana gəldim”, “Möcüzəli dilim mənim”, “İnsanlar və dünya”, “Məktəb, şagirdlər və ürəyim”, “Qrammatik qəzəllər” və s. şeirlər silsiləsi oxucuların əbədi yaddaşanda kök salıb. Məqamı gəlmişkən qeyd edim ki, Elbəyi Sadiqin “Naxçıvanlılar”, “Zəfər marşı”, “Vətəndir”, “Elm məbədim”, “Anacan”, “Ata” və s. 10-a yaxın lirik şeirlərinə bəstələnən mahnılar dillər əzbərinə çevrilib və uzun illərdir ki, sevilə-sevilə də ifa olunur və dinlənilir.
Bu məqaləni yazarkən faktları dəqiqləşdirmək üçün Elbəyi Sadiqin əsərlərini, ələlxüsus da, “Təmsillər”ini bu gün yenə əvvəldən axıra kimi təkrar vərəqlədim və diqqətlə oxudum. Məndə o qənaət hasil olur ki, Elbəyi Sadiq özünü yazmağa məcbur etməyib, içindəki təlatüm, beynindəki yorğun düşüncələr onu təbdən çıxarıb və təmsil yazmağa məcbur edib. Özünəməxsus yazı tərzi, üslubu olan E.Sadiq mühitə poetik baxış və həyati həqiqətlərə bədii don biçərək şair olub. Və onun ruhunun qidasına çevrilən bədiilik, gördüklərini təmsillərə çevirib ədəbiyyata gətirmək onun həvəskarlıqdan peşəkarlığa gedən yolunun ilkin qaranquşu olub. Oxuduqca heyrət edirəm: o, fikrin poetik ifadəsi üçün çətinlik çəkməyib, əksinə, eyni fikri, eyni ideyanı çox rəngarəng şəkildə ifadə etmək gücünə sahib olub. Məlum məsələdir ki, keçiləcək yol insan üçün qaranlıq olduqda, aşılmaz sirli oyunlar içərisində çabalayan insan təngnəfəs olur. O, çox böyük təvazökarlıqla, səmimiyyətlə təmsillərində sirli-soraqlı bu dünyadan baş açmaq, bu dünyanın məntiqini duymaq və qavramaq kimi anlayışları ifadə edib.
İlk baxışda Elbəyi müəllimin təmsilləri ilə müəllimliyi arasında ziddiyyətli xarakter müşahidə olunur: həyatda daha artıq dərəcədə sakit, təmkinli olan bir adam təmsillərin müəllifi kimi artıq dərəcədə emosionaldır:
Dil şıltaqlıq eyləyib
Nə istəsə deyirdi.
Əvəzində yazıq baş
Tez-tez yumruq yeyirdi.
Mən onun təmsillərini ilk dəfə oxuyanda yanımdakı həmkarımdan dəfələrlə soruşmuşdum: “Bu təmsillərin müəllifi bizim Elbəyi müəllimdir?!” Çünki pedaqoq-müəllim kimi çox ciddi, yerişində, duruşunda, danışığında, hətta baxışlarında belə təmkinli olan, həmişə ciddi elmi əsərlərin müəllifi kimi tanıdığımız tədqiqatçı-alim, pedaqoqun üsyankar təmsillərini ilk dəfə oxuyanda təəccübümün arxasında cismən tanıdığım portret canlanmışdı – Elbəyi Maqsudov siması… O, bizim mühitimizdə özü-sözü bir, təmənnasız, imanı kamil, yetim-yesirin arxası-köməyi olan sakit təbiətli, həlim xasiyyətli, yumşaq qəlbli, necə deyərlər, “bir qarışqanı belə əzməyən” nurani insan kimi tanınırdı. Məncə, çoxları onun haqqında belə düşünürdü. Çünki hərtərəfli ziyalıya xas müsbət keyfiyyətlər Elbəyi müəllimin şəxsində cəmləşmişdi.
Elbəyi müəllimi ilk dəfə nə zaman gördüyüm yadıma gəlmir, amma onu bir müəllim, bir professor, bir şair və bir insan kimi kəşf etdiyim gün dəqiq yadımdadır və heç zaman da yadımdan çıxmayacaq. Artıq o günlər ün yetməz, səs çatmaz bir uzaqlıqdan – illərin arxasından bir xatirə kimi boylanır. Xəyalən həmin günlərə gedirəm: …tale elə gətirmişdi ki, mən müəllimimlə Naxçıvan Dövlət Universitetinin Xarici tələbələrlə iş üzrə dekanlığında dərs deyirdim. Bir gün fakültəmizin dəhlizində qarşılaşanda dekanlığa hədiyyə etdiyi “Azərbaycanca-türkcə, türkcə-azərbaycanca qarşılıqlı dilçilik terminləri lüğəti”in fotosurətini əlimdə görəndə təəccübləndi… Bəyəm, mən bunun orijinalını sənə bağışlamamışam?.. Mən də dedim ki, yəqin əvvəl elmi dərəcəsi olanlara vermisiz, aspirantlara sıra gəlməyib… Elbəyi müəllim sakit və nigaran səslə “adam küsəyən olmaz, sən keç mənim dərsimi əvəz et. Dekanatlığın qapısından boylanıb, Xanəli müəllim (bizim dekanımız idi – Z.İ.), mənim vacib işim var, bir azdan qayıdıram”, – dedi. O vaxt Elbəyi müəllimgilin evi indiki Heydər Əliyev adına Hərbi liseyin yerində idi, yəni universitetdən çox uzaq olmasa da, yaxın da deyildi. Dərs bitməmiş əlində kitabla içəri daxil oldu… Elbəyi müəllimin mənə yazdığı ilk avtoqraflı kitabı yenə əlimdədir və öz xətti ilə yazdığı ürək sözlərini oxuyuram: “Gələcəyinə böyük ümid bəslədiyim istedadlı tələbəm, mən inanıram ki, sən yaxşı filoloq alim olacaqsan. Zülfiyyə xanıma müəllifdən kiçik bir yadigar…”. Universiteti yenicə bitirmiş aspirant üçün bir gün gözləməyə səbri yetmədən qısa zaman kəsiyində – bir neçə dəqiqəyə evindən gedib kitab gətirmək, onun qəlbini almağa çalışmaq, avtoqrafda “kiçik bir yadigar” sözlərini yazmaq – sadəcə, təvazökarlığın ifadəsi deyildi, bu, sadəliyin, səmimi və zəngin təbiətin ifadəsi idi. Elbəyi müəllim, həqiqətən də, sadə bir insan idi və onun bu sadəliyi ilə müdrikliyi arasında çox üzvi bir vəhdət var idi. Onun real təbiəti haqqında da bilavasitə müşahidə etdiklərimin bir qismini qələmə almaq istərdim… Nostalji borc hissi: mən Elbəyi müəllimi həqiqi xalq adamı kimi tanımışam. Hər bir ifadəsində mənsub olduğu xalqı düşünən, elinə-obasına sədaqət nümayiş etdirən, ümumxalq düşüncəsinin ziyasına çevrilən bir ziyalı kimi xatirimdədir. Onun taledən ömür payı bir o qədər də uzun olmadı… amma bu ömrü gəncliyin maariflənməsinə, gəncliyin savadlı gələcəyinə sərf etdi. O, bu yolda əlindən gələni əsirgəmədi. Pedaqoji işdə tələbələrini öz biliyi, öz ziyası ilə işıqlandırdı. Professor Elbəyi Maqsudov özündən sonra cəmiyyətimizə töhfələr verə biləcək kadrlar yetişməsi üçün neçə-neçə aspirant və doktoranta elmi rəhbərlik etdi və onların uğurla müdafiə etməsinə zəmin oldu. Elbəyi müəllim kadr hazırlığına böyük əhəmiyyət verib və bu istiqamətində səmərəli fəaliyyət göstərib. Bu məqamı əbəs yerə xatırlamadım, çünki dövlətin həyatında və cəmiyyətin inkişafında yüksək ixtisaslı kadrlar mühüm rol oynayır. Təsadüfi deyil ki, hər hansı bir ölkənin tərəqqisi bir çox amillərlə yanaşı, ziyalılarının, vətəndaşlarının bilik səviyyəsi ilə də müəyyən olunur. Buna görə də hər bir elm adamının fəaliyyətinin vacib bir sahəsini çalışdığı ixtisas üzrə elmi kadrlar yetişdirmək işi təşkil edir ki, Elbəyi müəllim bu sahədə nümunə idi…
Son olaraq onu qeyd edə bilərəm ki, Elbəyi müəllim 60 ildən bir az artıq yaşadı. O, bu ömrün 40 ilini elmi istedadını Azərbaycan dilçiliyinin inkişafına sərf edən, öz xalqına sədaqətlə və namusla xidmət göstərən, bütün varlığını elmin, təhsilin inkişafına, Azərbaycan dilinin saflığının təmin olunmasına verən yeri doldurulmaz dilçi alimlərdən oldu. Belə mənalı həyat sahibini təkcə elm adamları, müəllimlər deyil, onun yetirmələri, onu tanıyanlar unutmayacaq və hər zaman ehtiramla yad edəcəklər.
Zülfiyyə İSMAYIL,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Naxçıvan Bölməsi

