Ənənəvi tədrisin bərpası yoluxma sayını artıra bilər- MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Müsbət dinamika vətəndaşlarda arxayınlıq yaratmamalı, əksinə…
Son zamanlar yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar aparılan statistika göstərir ki, ağır xəstələrin sayı və gündəlik yoluxma hallarında ciddi azalma müşahidə edilir. Hətta sağalananların sayı yoluxanları üstələyir, ölüm halları azalır. Nəticə etibarilə, sanitar-epidemioloji durum yaxşılaşmağa doğru dəyişir. Yoluxma sayının və ölüm hallarının azalması hər şeyin ötüb keçdiyi və arxada qaldığı təsəvvürü yaratmamalı, əksinə vətəndaşları daha artıq ehtiyatlı olmağa və məsuliyyətli davranmağa sövq etməlidir.
Nəzərə almaq lazımdır ki, sentyabrın 22-dən dərslər ənənəvi qaydada başlayır. Bununla yanaşı, payız-qış mövsümündə digər respirator infeksiyaların da yayılma ehtimalı artır. Həmin mövsümdə COVID-19 digər virus infeksiyaları kimi aktivləşə bilər. Bütün bunlar isə virusdan qorunmaq üçün məsuliyyətimizi daha da artırmalıdır.
Mütəxəssislər pandemiya ilə mübarizənin davam etdiyi, sanitar-epidemioloji vəziyyətdəki müsbət dinamikanın müşahidə olunduğu belə bir dövrdə vətəndaşlara bir sıra çağırışlar etdilər.
Vaksinasiya prosesi tələbələr arasında tam icra edilməlidir

Tibb üzrə fəlsəfə doktoru, həkim-infeksionist Vüqar Cavadzadə “İki sahil”ə açıqlamasında bildirdi ki, hazırda epidemioloji durum stabildir, nəzarət altındadır. Gündəlik yoluxmaların sayı da azalmağa doğru gedir, yəni epidemik vəziyyəti müsbət qiymətləndirmək olar: “Bunu qorunmaq üçün əks-epidemik tədbirlərə riayət olunmalıdır, hər bir insan tibbi maskadan istifadə etməli, fiziki məsafəni saxlamalıdır. Yoluxmanın azalması təbii ki, bioloji amillərlə bağlıdır. Yoluxmalar artdığı kimi azalır da. Sadəcə olaraq çalışmalıyıq ki, növbəti dəfə artmanın qarşısını alaq.”
İnfeksionistin sözlərinə görə, hazırda ölkəmizdə koronavirusun “Delta” ştammı yayılıb. Artıq biz pik nöqtəni keçdik. Gündəlik yoluxma 3-4 min arasında dəyişirdi. Hazırda isə yoluxma sayı 700-1000 nəfər civarındadır. Yoluxma sayı getdikcə azalmağa doğru gedir. Bilirik ki, “Delta” ştammı COVID-19 infeksiyasına nisbətən 30-40 faiz sürətli yayılmaq xüsusiyyətinə malikdir. Bu ştamm sürətli yayılma ilə yanaşı xəstəliyi olan şəxslər arasında ölüm hallarının artmasına da səbəb olur.
V.Cavadzadə qeyd etdi ki, ənənəvi tədrisin bərpası, məktəblərin açılması çox güman ki, yoluxmanın yenidən artmasına gətirib çıxara bilər: “Bunun qarşısını almaq üçün valideynlər vaksinasiya prosesində fəal iştirak etməli, gigiyenik qaydalara riayət olunmasına nəzarət etməli, eyni zamanda, universitet tələbələri də peyvənd olunmalıdırlar. Qarşıdan payız-qış mövsümü gəlir və koronavirusla yanaşı, digər hava-damcı infeksiyaları da artacaq. Bunlar ümumi xəstələrin sayının artmasına, epidemik durumun çətinləşməsinə səbəb ola bilər. Ona görə də bunu əvvəldən düşünməliyik və profilaktik tədbirlərə riayət etməliyik.
Mütəxəssis vurğuladı ki, hazırda ölkədə peyvəndlənmə uğurla davam etdirilir. Azərbaycanda istifadə olunan AstraZeneca, Pfizer, Sputnik V və Sinovac vaksin növləri var. Vaksinasiyadan keçənlərin ümumi sayı 7 977 574, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 619 842, ikinci mərhələ üzrə isə 3 357 732 nəfər təşkil edir. Bu onu göstərir ki, əhalinin 40 faizi peyvənd olunub. Peyvəndlənmə prosesi davam etdirilr. Düşünürəm ki, tələbələrin böyük əksəriyyəti peyvəndlənmədən kənarda qalıb. Üniversitetlər qapalı yer olduğuna, tələbələr günün əsas hissəni ali məktəblərdə keçirdiklərinə, universitetlərdə tələbə sıxlığı yarandığına görə yoluxma sayında artım müşahidə oluna bilər. Ona görə də vaksinasiya prosesi tələbələr arasında da tam icra edilməlidir.
Mövsümi qrip yoxsa, COVID-19?

19 saylı Şəhər Poliklinikası baş həkimin müavini Yeganə Cəfərova isə “İki sahil”ə açıqlamasında qeyd etdi ki, son günlər yoluxma sayında əhəmiyyətli dərəcədə azalmanın əsas səbəblərindən biri vətəndaşların vaksinasiyada aktiv iştirak etməsidir. Hətta üçüncü doza vaksini qəbul etmək üçün müraciət edənlərin sayı az deyil. Müsbət dinamikanı qoruyub saxlamaq üçün vətəndaşlar öz şəxsi gigiyenalarına diqqət etməli, tibbi maskadan istifadəyə, ara məsafənin qorunmasına diqqət etməlidirlər. Bununla yanaşı peyvənd olunmayanlara COVID-19 əleyhinə vaksin vurdurmağı məsləhət görürük.
Y.Cəfərova xatırlatdı ki, yeni tədris ilinin başlaması ilə əlaqədar məktəblərə axın olacaq ki, bu da sıxlıq yaradacaq. Bildiyimiz kimi, uşaqlar fiziki məsafənin gözlənilməsi, tibbi maskadan istifadə qaydalarına düzgün əməl etmirlər. Bütün bunları nəzərə alaraq, müəllim və valideynlər birmənalı uşaqları təlimatlandırmalıdırlar ki, ara məsafəsini gözləsinlər, sanitar-gigiyena qaydalarına əməl etsinlər, bir-biri ilə əl ilə görüşməsinlər, sıx təmasdan çəkinsinlər.
Mütəxəssisin sözlərinə görə, payız-qış mövsümü adi mövsümi qriplərin geniş vüsət aldığı bir dönəmdir. Bu dönəmdə COVID-19 xəstəliyi ilə diferensasiya olunacaq dərəcədə həmin xəstəliklərə ciddi yanaşacaqlar. Mövsümi qrip keçirmiş şəxslər COVID-19-a yoluxmasalar belə, onlarda da COVID-19 testləri aparılacaq. Dəqiqləşdirdikdən sonra ki, onlarda COVID-19 virusu aşkar olunmayıb, ondan sonra mövsümi qrip üçün aparılan müalicə metodları istifadə olunacaq.
Həmsöhbətimiz vurğuladı ki, hazırda istifadə olunan bütün vaksin növləri virusun 4 ştammı üçün nəzərdə tutulub: “İndiki epidemioloji durum daha qənaətbəxşdir. Çünki əhali artıq vaksinasiyanın vacibliyini və xeyrini gördükdən sonra canla-başla peyvənd olunma prosesində iştirak edirlər. Vətəndaşlar tərəfindən bu mövzu ilə bağlı xüsusi şikayət və narazılıq da yoxdur. Vaksinin ilk dozasını qəbul edən şəxslər görürlər ki, səhhətlərində ciddi dəyişikliklər baş vermir. Peyvəndlənmə prosesinə başlamazdan öncə sosial şəbəkələrdə vaksinlə bağlı kifayət qədər qara piar kampaniyası aparıldı. Vətəndaşlar COVID-19 peyvəndlərinə “öldürücü doza” kimi baxırdılar. Yanvar ayının 18-dən etibarən ölkəmizdə peyvəndlənmə prosesi həyata keçirilir. Artıq peyvəndlənmə ilə bağlı statistik rəqəmlərə nəzər saldıqda görürük ki, əhali vaksinlənmədə aktiv iştirak edir.
Y.Cəfərova əlavə etdi ki, vətəndaşlar vaksinlənmə prosesində tam iştirak etməlidirlər: “Yəni, birinci dozanı qəbul edənlər ikinci dozanı da mütləq vurdurmalıdırlar. Hər kəs şəxsi gigiyenasına fikir verməli, ara məsafəsini qorumalı, tibbi maskadan düzgün və maksimum istifadə etməli, insanların kütləvi və sıx olduğu məkanlara getməkdən çəkinməlidirlər”.
Əgər övladınızda kiçik olsa belə, klinik əlamət müşahidə edirsinizsə…

Pediatr-İnfeksionist Aytən Ziyadova isə bildirdi ki, virusa yoluxma sayında ciddi azalma müşahidə edilir. Təbii ki, bu, son epidemioloji vəziyyətin daha yaxşı olduğunu göstərir. Həmçinin, COVID-19 virusuna yoluxub sağalan şəxslərin də sayında yüksəliş biz həkimləri sevindirir. Yoluxma sayındakı əhəmiyyətli azalmanın əsas səbəbi peyvəndlənmə prosesinin doğru şəkildə aparılmasıdır. Artıq peyvəndin tam dozasını qəbul edənlərin sayı artır.
A.Ziyadova vurğuladı ki, yeni tədris ilində uşaqların virusa yoluxma ehtimalı arta bilər. Bu zaman istər valideynlər, istərsə də müəllimlər diqqətli olmalıdırlar. Hər hansı kliniki əlaməti olan şagird dərhal məktəbdən təcrid edilməli, müəyyən bir müddət izolyasiya olması mütləqdir. COVID-19 infeksiyasının ağırlaşması “Mis-c” sindromudur ki, valideynlər bu hala diqqət etməlidirlər. Bu sindromun əsas kliniki əlamətləri gözdə qızarıqlıq, səpkilər, uşaqda ani halsızlıq, yüksək hərarətdir. Bu sindrom valideyn və müəllimlərin diqqətində olmalı bir haldır.
Müsahibimiz əlavə etdi ki, payız-qış mövsümündə digər qrip infeksiyaları da aktivləşə bilər. Bu isə valideynləri çaşdıran məqamlardandır. Əgər övladınızda kiçik olsa belə, kliniki əlamət müşahidə edirsinizsə vaxtında həkimə müraciət etməli və səbəbi aydınlaşdırılmalıdır. Bəzən valideynlər özbaşına müalicələr tətbiq edirlər. Bu zaman yalnış müalicə metodu xəstəliyin ağırlaşmasına səbəb olur. Bu da yolverilməz haldır. Həmçinin uşaqların yuxu və qidalanma rejiminə diqqət etmək lazımdır. Çünki immun sistem birbaşa bunlarla əlaqədardır ki, bu məqamlara da ciddi diqqət edilməlidir.
Həmsöhbətimiz xatırlatdı ki, virusun “Delta” ştammının sürətli yoluxuduruculuq qabiliyyəti təsdiqlənib. “Delta” ştammı sürətli yoluxma ilə yanaşı ciddi ağırlaşma verməsi ilə seçilir. Ancaq vaksin olunan insanları sayı artdıqca, immunizasiya ciddi şəkildə aparıldıqca xəstələrin ağırlaşmasının, eləcə virusa yoluxmanın sayı da azalacaq. Bəzən cəmiyyətdə belə yalnış fikir formalaşıb ki, vətəndaş peyvənd olunmasına baxmayaraq ağırlaşma halı müşahidə olunur. Onu nəzərinizə çatdırmaq istəyirəm ki, iki dozadan 14 gün sonra bədəndə immunitet yaranmağa başlayır.
Unutmaq lazım deyil ki, yoluxma riski qalmaqdadır və ehtiyatsızlıq nəticəsində xəstələrin sayında yenidən artma baş verə bilər. Qaydalara nə qədər ciddi və düzgün əməl olunarsa, yoluxma sürəti azalar və virusun zəncirvari yayılmasının qarşısı alınar.

