“Gözəgörünməz ölüm” – mina təhlükəsi
Minalar keçmiş təmas xəttindən əlavə işğalçıların özlərindən öndə və geridə yerləşən, hətta hərbi zərurət olmayan ərazilərdə də aşkar edilir
Hazırda dünyada onlarla ölkədə on milyonlarla partlamamış minaların qaldığı ehtimal edilir. Belə yerlərin əksəriyyətində silahlı qarşıdurmaların bitməsindən bir neçə il keçməsinə baxmayaraq hələ də o ərazilərdə piyada əleyhinə minalar yenə də insan tələfatına səbəb olur.
İkinci Qarabağ savaşı başa çatsa da, torpaqlarımız erməni işğalından azad olunsa da, lakin erməni faşistləri yenə müxtəlif vasitələrlə insanların qətlə yetirilməsinə cəhd edir və bəzi hallarda buna nail olurlar. Bu barədə Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlara məlumat versə də, Ermənistan tərəfi bu gün də minalanmış sahələrin tam xəritəsini təqdim etmir, müxtəlif bəhanələrlə bundan boyun qaçırırlar. Bu da hərbçilərin, həmçinin mülki əhalinin faciəli ölümü ilə nəticələnir.
Xatırladaq ki, ötən il, müharibə bitəndən bir neçə gün sonra mütəxəssislər və yerli ekspertlər işğaldan azad edilmiş ərazilərin tamamilə minalardan təmizlənməsi üçün azı 10-15 il müddətin lazım olduğu qənaətinə gəlmişdilər. Bu gün müzəffər ordumuzun 44 gündə erməni işğalından azad etdiyi ərazilərimizdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən intensiv minatəmizləmə işləri aparılır. Ermənistan ordusunun işğal etdiyi bölgələrdə məhsuldar əkin sahələri, ümumiyyətlə, hərbi zonaya daxil olmayan bölgələr də minalanıb.
Yer minaları əsasən 2 qrupa ayrılır: Piyada Əleyhinə (PƏ) və Texnika Əleyhinə (TƏ) minalar. Tank əleyhinə minalar fuqas və kumulyativ minalar qrupuna bölünür. PƏ minalar isə fuqas, qəlpəli, sıçrayan qəlpəli və istiqamətlə qəlpələnən minalara ayrılır.
ANAMA-nın Monitorinq və keyfiyyətə nəzarət şöbəsinin müdiri Elnur Qasımovdan aldığımız məlumata görə, düşmən 30 il ərzində minaların bütün növlərindən istifadə edib. Hazırda əldə olunan faktlara əsasən, düşmən piyadalar əleyhinə fuqas (yəni partlayış dalğalı) minalardan daha çox istifadə edib.
Mütəxəssis onu da bildirdi ki, aşkar edilməkdə olan minaların istehsal illəri, aşkar edildikləri relyef bu dağıdıcı hərbi sursatların növləri, yerləşdikləri dərinlik müxtəliflikləri, yeni və solmuş rəng çalarları və sair kimi texniki halları işğaldan azad edilmiş ərazilərdə tapılan minaların son 30 il ərzində hər il basdırıldığını və minalı sahələrə texniki qulluq göstərildiyini deməyə əsas verir: “ Hər hansı səbəbdən partlamış minaların yaratdığı boşluqlar yeni minalarla əvəz edilib. Partlayıcı maneələr sayılan mina sahələrini daha da ölümcül etmək üçün düşmən tərəfindən məsafədən idarə edilən partlayıcı obyektlər basdırılıb”.
Minalar keçmiş təmas xəttindən əlavə olaraq işğalçıların özlərindən öndə və geridə yerləşən, hətta hərbi zərurət olmayan ərazilərdə də aşkar edilir. E.Qasımov vurğuladı ki, Minatəmizləmə Agentliyi beynəlxalq qurumlarla müəyyən olunmuş səviyyədə əməkdaşlıq edir: “ Agentliyin heyəti bir çox ölkələrdə təlim kurslarında iştirak edib, həmin təcrübələri tətbiq edib və öz qaydalarını daim təkmiləşdirib. Yeni hallara və icra olunacaq əməliyyatlara öncədən uyğunlaşmaq üçün daim metodiki inkişaf işləri aparılır. ANAMA-nın əməkdaşları Vətən müharibəsindən öncə xarici ölkələrdə humanitar minatəmizləmə əməliyyatlarında təlimatçı, eləcə də əməliyyat rəhbərləri və icraçıları qismində yaxından iştirak ediblər. Qazanılan təcrübələr də bu gün öz bəhrəsini verir. Dünyada humanitar minatəmizləmə sahəsində çalışan təşkilatları BMT-nin İMAS (Beynəlxalq Mina Fəaliyyət Standartları) standartları birləşdirir. Bu sahədə çalışan heyət mümkün qədər həmin standartlara cavab verməyə çalışır”.
E. Qasımov 2020-ci ilin noyabrından bu ilin avqust ayının sonunadək olan məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə aparılan təmizləmə əməliyyatları zamanı piyada əleyhinə 9406, tank əleyhinə 4092 mina və 10 529 ədəd partlamamış hərbi sursat aşkarlandını söylədi: “Nəticədə 4 575 hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib”.
Azərbaycan dünyada mina və partlamamış hərbi sursatlardan əziyyət çəkən ölkələr sırasında liderlərdən biridir. Təkcə postmüharibə dövründə 140-dan çox vətəndaşın minaya düşməsi halı qeydə alınıb.

