Sosial 

Bir savaşın sirri – biz necə qalib gəldik…

Bu gün Azərbaycanda Anım Günüdür. Ötən ilin bu günü Vətən müharibəsi başladıldı, 44 gün davam etdi və Şuşa başda olmaqla, Azərbaycanın işğal altındakı xeyli ərazisi azad edildi.

Qələbənin əldə edilməsinin, müharibənin uğurla aparılmasının əsas səbəbi xalq-dövlət birliyinin olması idi. İlham Əliyev cəmiyyəti səfərbər edib, böyük bir savaşa start verdi. O bu savaşa çoxdan başlamışdı.

İlham Əliyev heç kimin gözləmədiyi, bilmədiyi, sezmədiyi bir sistemlə, ardıcıllıqla və israrla Vətən müharibəsinə hazırlaşıb. 2016-cı ilin aprelində savaşa cəhd oldu, amma bəlli səbəblərdən yarımçıq saxlandı. Bundan 4 il sonra Ali Baş Komandan Böyük Vətən müharibəsi başladıb, torpaqların böyük hissəsini azad edə bildi.

İlham Əliyev və Ərdoğanın imzaladığı Şuşa Bəyannaməsində nə yazılıb?

Bu savaş Türkiyə-Azərbaycan birgə hərbi-siyasi ittifaqının sayəsində qələbə ilə yekunlaşdı. İllərdir, azərbaycanlıların “Türkiyə Azərbaycana Qarabağ məsələsində açıq hərbi dəstək verməlidir”, “Türkiyə Azərbaycanda hərbi baza yaratmalıdır” arzuları reallaşdı. Hətta biz arzuladığımızdan, gözlədiyimizdən də ötə oldu. Türkiyə açıq şəkildə və artıqlaması ilə Azərbaycana kömək etdi. Öz savaşı kimi baxdı savaşımıza. Düşmənimizi düşməni bildi. Bölgənin siyasi konfiqurasiyası dəyişdi. Azərbaycan başda Türkiyə olmaqla böyük müttəfiqlər qazandı. Azərbaycan-Türkiyə hərbi-siyasi müttəfiqliyi, iki ölkənin Qarabağdakı birgə fəaliyyəti bölgəni gələcəkdə daha ciddi münaqişələrdən xilas etdi.

Возможно, это изображение (2 человека, на открытом воздухе и текст)

Bütün narazılıqlara, narahatlıqlara, etirazlara rəğmən, biz bu savaşda Rusiyanın açıq dəstəyini gördük. Putinin məlum duruşu, yanaşması olmasaydı, qələbəmizin əldə edilməsi xeyli çətinləşərdi. İlham Əliyev bütün provokasiyalara, çağırışlara, tənqidlərə baxmayaraq, Rusiya ilə münasibətləri yüksək tutdu. Putinlə yaxınlaşdı, dostlaşdı. Azərbaycan müxalifəti deyirdi ki, Rusiya ilə dalaşmaq, düşmən olmaq lazımdır. Hələ 2008-ci ilin avqustunda Gürcüstan böhranında müxalifət açıq şəkildə təklif edirdi ki, Azərbaycan Rusiyaya qarşı savaşa başlasın, Gürcüstanı müdafiə etsin. 1992-1993-cü illərin acı təcrübəsindən dərs çıxarmayanlar nədənsə Rusiya amilini nəzərə almaq istəmirdilər. Onunla dost-müttəfiq olmaq əvəzinə, düşmənçilk etməyə həvəs göstərirdilər. Zaman onların hesablarının yanlış olduğunu göstərdi və İlham Əliyevin Rusiya ilə münasibət sisteminin doğru olduğunu isbatladı.

Bu savaşla Azərbaycan Ordusunun imici düzəldi. Məğlub, korrupsioner, rüşvətçi ordu obrazı getdi, onun yerinə qalib, məğrur və vətənpərvər ordu imici gəldi. Xalq hərbçilərinə güvəndi, inandı. Hələ 2020-ci ilin iyul ayının 12-də Polad Həşimovun şəhid olması Azərbaycan xalqında öz ordusu və generaliteti haqda formalaşmış təsəvvürü kökündən dəyişdi. Əslində, biz savaşı Polad Həşimovu itirdiyimiz gündən qazanmağa başladıq.

Bu savaşda əsas sözü vətənpərvər, dürüst, peşəkar və NATO standartlarına cavab verən, Türkiyə hərbi məktəbi görmüş zabit heyəti dedi.

Hazırda savaşsonrası proses başlayıb. Diplomatik müddət dövriyyədədir. İnformasiya savaşı aparırıq – bu sahədə də Azərbaycan düşməndən çox öndədir. Azərbaycan dövləti torpaqların geri qalanını da siyasi-diplomatik yolla geri qaytarmağı hədəfləyib. Bacaracaqmı? Bəziləri bu prosesi gözdən salmağa çalışır. Bunun fiasko olacağını deyirlər. Əsas tezisləri də Rusiya sülhməramlılarıdır. “Rusiya Qarabağı işğal etdi”, – deyib, hay-küy salırlar. Amma belə olmadığını özləri də yaxşı bilirlər. Sadəcə ictimai rəyin qulağını oxşayan başqa tezis yoxdur söyləməyə. Rusiyadan düşmən obrazı yaradıb, o obrazın arxasında hakimiyyətə qarşı barrikada qurmaq çox asandır.

44 günlük müharibədə tarix yazan Azərbaycan - TƏHLİL

Fəqət, proses gedir. Azərbaycan ərazilərini bərpa etməkdə qərarlıdır. İşğaldakı digər torpaqlar danışıqlarla geri qaytarılmalıdır. Danışıqlar baş tutmasa, dəmir yumruq işə düşəcək. Bunu prezident İlham Əliyev sentyabrın 27-də xalqa müraciətdə bir daha xatırlatdı.

Hər şeyə rəğmən, şübhəsizdir ki, qələbənin baş qəhrəmanı ordumuzdur, Azərbaycan xalqıdır, Ali Baş Komandandır, şəhid valideynləridir. Azərbaycan xalqı 44 gün ərzində yumruq kimi birləşdi. Savaş xalqı oldu, ordu xalqı oldu, əsgər xalq oldu. Şəhid xalq oldu, qazi xalq oldu, Qarabağ xalq oldu. Qarabağ mövzusu qədər bu xalqı birləşdirən, yumruğa çevirən ikinci mövzu yoxdur. 44 günlük müharibə Azərbaycan xalqını və dövlətini dünyaya tanıtdı.

Ən əsas məqamlardan biri də budur ki, dünya bildi, azərbaycanlılar işğal faktı ilə barışmır. Bu, çox vacib amildir.

Xalq olaraq təqvimdən işğal və məğlubiyyət günlərini sildik. İndi qalib millət kimi yenidən tarix yazırıq. Bu yazıya pozu yoxdu, olmayacaq!

Daha çox xəbərlər