İşğalçı Ermənistan təxribatları ilə Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz
44 günlük İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ilk raket hücumuna məruz qaldığı 4 oktyabr 2020-ci il tarixindən bir il ötür
Tarixin ayrı-ayrı dövrlərində himayədarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı moyqırımı törədən, deportasiya nəticəsində azərbaycanlıları öz ata-baba yurdundan çıxaran, ən təəccüblüsü isə törətdiyi cinayətlərə, vəhşiliklərə görə cəzalındırılmaq, sanksiyalara məruz qalmaq əvəzinə başı sığallanan Ermənistanın əsassız torpaq iddiası nəticəsində 1988-ci ildən başlanan və artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin 30 ildə həllini tapmaması təcavüzkara dəstək deyildimi? Dağlıq Qarabağın Azərbaycanın əbədi və əzəli torpağı olduğunu qəbul etdikləri qətnamələrlə, verdikləri bəyanatlarla rəsmən bildirən BMT də daxil olmaqla sənədlərdə nəzərdə tutulan şərtlərə əməl etməyən, işğal altında saxladığı Azərbaycan torpaqlarında xalqımıza məxsus tarixi abidələri, milli-mənəvi dəyərlərimizi dağıtmaqla bu əraziləri özününküləşdirməyə çalışan, ekoloji terrorlar törədən Ermənistanın təcavüzkarlığına 30 ildə «Dur!» deyən tapılmadımı? Ötən bu illər ərzində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışan, danışıqlarda beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan Azərbaycandan fərqli olaraq Ermənistan daim danışıqlardan müxtəlif bəhanələrlə yayınmağa çalışır və himayədarlarının dəstəyi ilə buna nail olurdu. Amma bilirdi ki, bu «yayınmaların» bir sonu olacaq. İllərdən bəri Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan başqa ölkələrdən gətirilən erməniləri Dağlıq Qarabağda yerləşdirməklə də beynəlxalq hüququn ziddinə hərəkət edirdi. Bağlanmış atəşkəsə belə əhəmiyyət verməyən işğalçı, eyni zamanda, törətdiyi təxribatlarla, əsassız iddiaları ilə Azərbaycana qarşı ideoloji mübarizəsinə də haqq qazandırırdı.
Aprel döyüşlərində, Günnüt əməliyyatında Ermənistana ciddi dərs verən Azərbaycan Ordusunun xəbərdarlığından nəticə çıxarmayan Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi xalqımızın səbir kasasını daşırdı. 2020-ci ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatlar törədərək, eyni zamanda, yeni ərazilərə sahib olmaq iddiasını səsləndirərək daha irəli gedən Ermənistan layiqli cavabını aldı. Sentyabrın 27-dən başlayaraq düşmənə ağır zərbələr endirən, illərdən bəri işğal altında qalan torpaqlarımızı azad edən Milli Ordumuzun gücü, qüdrəti, rəşadəti qarşısında diz çökən Ermənistan, bu ölkənin baş naziri Nikol Paşinyan çıxış yolları axtardı, qapı-qapı düşərək kömək dilədi. Siyasi savadsızlığını heç bir beynəlxalq hüquq normalarını tanımamaqla bəyan edən Ermənistanın baş nazirinin «məğlubedilməz erməni ordusu» ilə bağlı formalaşdırdığı mif 44 gündə dağıdıldı. Azərbaycan Ordusunun gücü qarşısında özünü itirən Nikol Paşinyanın döyüş meydanında məğlubiyyəti ilə barışmayaraq çıxış yolu kimi Azərbaycanın mülki əhalisini hədəfə alması onun faşizm ideologiyasını fəaliyyətinin əsası kimi qəbul etdiyini bir daha ortaya qoydu. Ordumuzun strateji əhəmiyyətə malik Hadrutu və bir neçə yüksəkliyi azad etməsini həzm edə bilməyən Nikol Paşinyanın göstərişi əsasında qədim tarixə malik, Azərbaycanın böyük şəhərlərindən olan Gəncə davamlı atəşə tutuldu. Qeyd edək ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Ümumilikdə bu dəhşətli terrorlar nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Eyni zamanda, Azərbaycanın digər böyük şəhəri olan Bərdədə törədilmiş terror nəticəsində 29 nəfər həlak olub, 112 nəfər yaralanıb. Ümumilikdə staistikaya diqqət yetirsək Ermənistan hakimiyyətinin tapşırığı əsasında təkcə Gəncə və Bərdə deyil, eyni zamanda, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.
İşğalçı dövlətin silahlı qüvvələri bununla beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin həmin dövrdə israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozdular. Bu qanlı terror hadisəsi Ermənistanın dövlət səviyyəsində terroru himayə edən ölkə olduğunu bir daha sübut etdi. Gəncə şəhərinin raket zərbələrinə məruz qalması beynəlxalq hüququn kobud şəkildə pozulması ilə bərabər, düşmən ölkənin məkrli məqsədlərindən xəbər verirdi. Amma əhali öz iradəsini, Vətən, torpaq sevgisini ortaya qoyaraq, Prezidenti, ordusu ilə birliyini, həmrəyliyini nümayiş etdirərək yaşadığı ərazini bir gün belə tərk etmədi. Ölkə Prezidenti İlham Əliyev həmin vaxtlarda Gəncədə törədilən cinayətlə bağlı “Twitter” hesabındakı paylaşımında bir daha bəyan edirdi ki, Ermənistanın Gəncəyə raket hücumu erməni faşizminin növbəti təzahürüdür. Ermənistanın bu alçaq əməlləri Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə əlaqədar rəsmi “Instagram” səhifəsindəki paylaşımında dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırmışdı.
Ermənilərin törətdikləri Gəncə terrorunun nəticələrini müşahidə etmək üçün hadisə yerinə gələn diplomatların münaqişənin əsl mahiyyəti ilə bağlı suallara cavab veriləcəyi bildirilsə də, uzun illər ərzində həqiqəti eşitmək istəməyən, reallığı təhrif edənlər yenə də susmağa üstünlük verdilər. Azərbaycanın 44 gündük Vətən müharibəsində tarixi Qələbəsi bu dövlətlərə, beynəlxalq təşkilatlara da ciddi mesaj oldu. BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edib işğala son qoyan, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən ordumuz şəhidlərimizin, həlak olan mülki əhalinin qisasını döyüş meydanında aldı.
44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin, xalqının gücünü, əzmini, döyüş ruhunu bir daha dünyaya nümayiş etdirdi. Dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, rəşadətli ordumuzun qüdrəti, birliyimiz, həmrəyliyimiz işğal altında olan bütün torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağının dalğalanması ilə nəticələndi. 44 gün həqiqət anı kimi bütün qaranlıq məqamlara işıq saldı. Artıq Dağlıq Qarabağ münaqişəsi arxada qalıb, əzəli Azərbaycan torpaqları hazırda quruculuq və bərpa dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərimizi ziyarət edən, Ermənistan silahlı qüvvələrinin törətdikləri cinayətlərdən dəhşətə gələn beynəlxalq təşkilatların nümayəndələri və digər xarici qonaqlar bir daha Qarabağ torpaqlarında heç yerdə görmədikləri faciənin, vandalizmin şahidi olduqlarını etiraf edirlər. Azərbaycan tarixi Qələbəsi ilə nəinki bölgəni, bütövlükdə dünyanı erməni faşizmindən xilas etdi. Dövlətimizin başçısı bildirir ki, vəzifəmiz ondan ibarətdir ki, erməni faşizmi bir daha bu bölgədə baş qaldırmasın. Artıq “Dağlıq Qarabağ münaqişəsi” termininin arxada qaldığını bildirən ölkə Prezidentinin bəyan etdiyi kimi, bu termindən yalnız tarix haqqında danışanda istifadə etmək olar.

