Azərbaycan tarixində Qələbə günlərinin ildönümləri dövrü başlayıb
Talış kəndinin, Suqovuşanın azad edilməsi müharibənin taleyinə necə təsir edib?
Oktyabrın 3-ü və 4-ü Talış kəndinin, Suqovuşan qəsəbəsinin və Cəbrayıl rayonunun işğaldan azad edildiyi günlərdir. Artıq Azərbaycan xalqı qələbə il dönümlərini qeyd etməyə başlayır.
Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsindən 1 gün sonra Cəbrayıl rayonu da şanlı Ordumuz tərəfindən düşməndən təmizləndi. Bu, ölkənin, tarixində, xalqın taleyində ciddi dönüş oldu. Təxminən 300 ilə yaxındır, torpaq itirirdik. Azərbaycan işğal edilə-edilə kiçilirdi. Məğlubiyyətlərdən gözümüzü aça, başımızı qaldıra bilmirdik. Xalq olaraq girdiyimiz bütün savaşlarda uduzurduq. İl boyu məğlubiyyət və faciələrin il dönümlərini qeyd edə-edə dalana dirənmişdik. Artıq proses geridönüş hal aldı. Oktyabrın 3-dən qələbə günlərini qeyd etməyə başladıq.
![]()
Murad Sadəddinov
Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, uzun illər Azərbaycanın öz ərazilərini itirməsinin səbəbi təkcə bizdən asılı deyildi, ölkəmizin ətrafında formalaşan geopolitik güclərin maraqlarından irəli gələn hadisələr idi: “Biz balaca bir dövlət kimi böyük dövlətlər arasında belə ağır hadisələrlə üzləşmişdik. Amma Azərbaycan müstəqilliyindən istifadə edib gücləndi. Birinci növbədə Azərbaycanın iqtisadi müstəqilliyinin təmin olunması sonradan yaşanan bütün proseslərin təməlini qoydu. Artıq Azərbaycan böyük iqtisadi güclərin təzyiqlərinin qarşısını ala bildi. İkincisi, Azərbaycan əlində sərbəst vəsait olduğu üçün istənilən yerdən müasir silahlar əldə etmək imkanına malik idi. Öz silahlı qüvvələrimizi müasir silahlarla təmin elədik. Ordu quruculuğu prosesi çox güclü şəkildə getdi, Türkiyə ordusu ilə birgə hərbi təlimlərin davamlı keçirilməsi də qələbəmizdə şərtlərdən biridir. Azərbaycan Ordusunu bütün istiqamətlər üzrə gücləndirməklə düşmən üzərində üstünlüyü əldə eləmişdi”.

Ekspert qeyd etdi ki, qələbəni şərtləndirən daha bir mühüm məsələ Azərbaycan xalqının heç zaman Qarabağı unutmaması, işğalla barışmaması, torpaqlarımızın azad edilməsi üçün ölkə Prezidentinin ətrafında sıx birləşməsi idi. Azərbaycan xalqı müharibəyə çoxdan hazır idi. Bu 27 ildə Qarabağı unutmadıq, fikrən də olsa, torpaqları güzəştə getmədik: “Nəsillər dəyişdi, insanlar qocaldı, öldü, yeniləri doğuldu, amma kimsə Qarabağdan vaz keçmədi. Tovuz döyüşləri isə cəmiyyətə yeni stimul verdi-savaş stimulu. Azərbaycanlılar Vətənə sevgi, düşmənə nifrət silahına sarıldı. Biz belə şeyləri bədii ədəbiyyatlardan, tarix dərslərindən oxumuşduq. Oxuduqlarımızdan daha üst səviyyə olaylar yaşadıq. Qalib gəldik. General Polad Həşimovun və silahdaşlarının şəhid olması isə son damla oldu. Azərbaycanlılar ayağa qalxıb dövlətdən düşmənə qarşı vuruşmaq üçün silah istədilər. Sən demə, həmin ərəfədə Azərbaycan dövləti Vətən müharibəsinə başlayıb torpaqları işğaldan azad etmək üçün hazırlaşırmış.
44 günlük müharibədə Azərbaycan Ordusunda bir dənə də olsun fərari olmadı. Bu çox böyük faktdır, bu, Azərbaycan xalqının, bütün gənclərimizin, hərbçilərimizin torpaqlarımızın azadlığını necə istədiyinin bir sübutudur. Azərbaycan Ordusu hər bir qarış torpaq, hər bir kənd uğrunda ölümə hazır olduğunu nümayiş etdirib qəhrəmanlıq salnaməsi yazdı. Müharibənin ilk günlərindən belə oldu, ermənilərin çox ciddi qüvvə cəmləşdirdiyi Suqovuşan və Talış kəndlərimizin azad olunması uğrunda bir həftə davam edən döyüşlər, bu döyüşlərdə Azərbaycan Ordusunun hərbçilərinin qəhrəmanlıqları dünya hərb tarixinə düşən hadisələr oldu”.

Politoloqun sözlərinə görə, müharibənin nəticəsinə təsir edən dördüncü faktor bizə tarix boyu maneçililk törətmiş geopolitik güclərin balansının bu dəfə zərərimizə pozulmaması idi: “Azərbaycan Prezidentinin apardığı diplomatik siyasət burada öz sözünü dedi. Türkiyənin regional gücə çevrilməsi də bizim xeyirimizə işləyən faktorlardan oldu. Azərbaycan Rusiya ilə, Pakistanla, İsraillə, İngiltərə və başqa ölkələrlə çox düzgün münasibətləri öncədən qurmağı bacardı. Azərbaycan Prezidentinin diplomatiyası müharibə vaxtı bizə qarşı olacaq qüvvələrin neytrallaşmasına gətirib çıxardı.
Bir sözlə, əsasən 4 faktor müharibəni Azərbaycanın qələbəsi ilə nəticələndirdi.
Azərbaycan həmişə elan edirdi ki, biz Ermənistanla təkbətək qalsaq, Ermənistanı çox asanlıqla yerində oturda və ərazi bütövlüyümüzü təmin edərik”.
M.Sadəddinov qeyd etdi ki, Talış kəndinin Suqovuşanın, cəmi bir gün sonra Cəbrayıl şəhərinin azad edilməsi Azərbaycan Ordusunda çox böyük ruh yüksəkliyi yaratdı, orduda, xalqda qələbəyə inamı birə on artırdı, böyük mənəvi güc verdi. Ermənistan ordusunda isə dəhşətli dərəcədə ruh düşkünlüyü, qorxu, “məğlubiyyətdən qaçmaq mümkün deyil” kimi psixoloji gərginlik yaratdı və məhz bundan sonra erməni ordusunda kütləvi fərarilik başlandı, erməni ordusunun çöküşü prosesi sürət götürdü: “Suqovuşanın azad edilməsi Azərbaycan üçün hərbi strateji baxımdan da imkanlarını genişləndirdi. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Qələbənin birinci ildönümündə Suqovuşana gedib və orada dövlət bayrağımızı ucaldıb.

Prezident orada çıxışında Suqovuşanın azad edilməsinin müharibənin taleyinə ciddi təsir etdiyini vurğuladı. Bu ərazinin bir neçə istiqamət üzrə strateji əhəmiyyəti var. Suqovuşanın strateji əhəmiyyətlərindən biri bu ərazidən çox mühüm strateji yolların keçməsidir. Daha bir strateji əhəmiyyəti ərazidə yüksəkliklərin çoxluğudur. Həmin strateji yüksəkliklərdən düşmən Azərbaycan ordusunu, yaşayış məntəqlərimizi davamlı atəşə tuturdu. Suqovuşanın azad edilməsi ilə Ermənistan ordusu bu üstünlükdən məhrum oldu və yüksəkliklərin ordumuz tərəfindən nəzarətə götürülməsi düşmənin xeyli qüvvəsinin təcrid edilməsi ilə nəticələndi. Daha bir strateji əhəmiyyəti isə Su Elektrik Stansiyasının burada yerləşməsidir.
Ölkə başçısının Suqovuşanın azad edildiyi günün birinci ildönümündə orada dövlət bayrağımızı ucaltması, söylədiyi fikirlər buranın Azərbaycan üçün nə dərəcədə əhəmiyyət daşıdığını, müharibənin taleyində hansı rolu oynadığını bir daha nümayiş etdirir”.

