Cəbhədən Xəbər 

Yatsam yuxuma girməzdi ki, 27-ci doğum günümdə hədiyyəm Qarabağımızın azadlığı olacaq- MÜSAHİBƏ

Döyüş meydanı nə qədər çətin idisə, Vətən uğrunda mübarizə də o qədər şərəfli və qürurverici idi

İkinci Qarabağ savaşının əsrə bərabər 44 günündə tarix yazan, düşmənə  qan udduran, üçrəngli bayrağımızı Qarabağ səmalarına ucaldan, 30 illik yurd həsrətimizi vüsala qovuşduran polad biləkli, mübariz ruhlu igidlərimizdən biri də Fərid Azər oğlu Hadıyevdir.

Vətən müharibəsi iştirakçısı Fərid Hadıyev ilə söhbətimiz zamanı savaşın başladığı günə qiyabi ekskursiya etdik, igid əsgərin keçdiyi şərəfli döyüş yolunun oxunmamış kitaba bənzəyən səhifələrini birlikdə vərəqlədik, onun xatirələri ilə keçən ilin bu günlərində cəbhədə baş verənləri yada saldıq:

Söhbətimizi təqdim etməzdən öncə Vətən müharibəsi iştirakçısı  haqqında qısa məlumatı oxucularımızın diqqətinə çatdırırıq: Fərid Azər oğlu Hadıyev 10 noyabr 1993-cü ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb. 2000-2011-ci illərdə 279 nömrəli tam orta məktəbdə təhsil alıb.  2011-2015-ci illərdə Azərbaycan Texniki Universitetinin Nəqliyyat və logistika fakültəsində ali təhsil alıb. 2015-2016-cı illərdə Ağcəbədidəki “N” saylı hərbi hissədə manqa komandiri kimi hərbi xidmətdə olub. 2018-ci ildən Heydər Əliyev Beynəlxalq Aeroportunun Aviasiya Təhlükəsizliyi Baş İdarəsində aviasiya təhlükəsizliyinə baxış üzrə mütəxəssis olaraq çalışır. Ailədə 3 uşaqdılar, iki bacı bir qardaş. Fərid ailənin böyük övladıdır.

Vətən müharibəsi iştirakçımızın döyüş gündəliyinə keçid alaq:

Uşaqlıqdan öz vətənpərvərliyi ilə fərqlənən Fərid Hadıyev Vətən müharibəsində könüllü olaraq iştirak edib, cəbhə xəttinin ön sıralarında döyüşərək vətəndaşlıq borcunu yerinə yetirib: “Hamımız bilirdik ki, bir gün müharibə olacaq. Həmişə “Youtube”da Birinci Qarabağ döyüşlərinin videolarını izləyirdim. Allaha yalvarırdım ki, müharibə olacaqsa, mənim də yaşım düşsün ki, ön cəbhədə döyüşə bilim. Qarabağ torpağını görmək, orada döyüşmək mənə çox maraqlı idi. Qeyd edim ki, hərbi xidmət dövrüm Aprel döyüşlərinə təsadüf edib. İlk dəfə topun, “Qrad”ın səsini həmin savaşda eşitdim. Amma həmin döyüşdə ön cəbhədə deyildim. Tovuz döyüşlərindən, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimov şəhid olmasından sonra əvvəlcə Müdafiə Nazirliyinə yazılı, daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü olaraq müraciət etdim. Vətən müharibəsi başladıqdan bir gün sonra Səfərbərlik Xidmətindən hərbi çağırış gəldi. Bir neçə gün Füzulidə təlim keçdikdən sonra döyüş meydanına yollandıq. İkinci Qarabağ müharibəsində ön cəbhədə döyüşlərin sonuna qədər döyüşdüm.”

Savaş mənim üçün Qubadlıdan başladı

Müsahibimiz müharibədə həm manqa komandiri, həm də tağım komandirinin müavini olub: “İlk dəfə düşmənlə üz-üzə Qubadlının girişində gəldim. İllərin nifrəti, şəhidlərimizin qisasını almaq istəyi ilə erməni dığasını məhv etmək istəyirdim.  Müharibədən qorxmayan insan yoxdur, sadəcə o hissi boğmağı bacarmalısan. Şükürlər olsun ki, həmin o duyğunu boğmuşduq və Azərbaycan ordusuna qorx hissi yadlaşmışdı. İlk atəş gözləmədiyimiz vaxtda gəldi. Düşmən tərəfi minamyot, pulemyot və atıcı silahlarla hücuma başladı. Döyüş meydanındakı yerimizi tutub,  düşmənin cavabını necə lazımdırsa verdik, onları susdurduq. Bundan sonra döyüşmək bizim üçün adi hala çevrilmişdi. Düşmənlə üz-üzə gələndə ancaq onu məhv etməyi düşünürdük.”

F.Hadıyev vurğulayıb ki, müharibə vaxtı ən çox valideynlərini və bacısı qızı balaca Leylanı düşünüb: “Hər gün olmasa da, çalışdığım qədər ailəmə zəng edirdim ki, narahat olmasınlar. Biz olduğumuz yerlərdə şəbəkə zəif olduğundan zəng etmək çətin olurdu. Ailəm soruşurdu ki, döyüş yoldaşların necədir? Salamatsınız?  Mən də cavab verirdim ki, narahat olmayın, hər şey yaxşıdı, irəliyə doğru gedirik, hər şey yaxşıdı, vəziyyət nəzarətimiz altındadır. Onlar da ordumuz üçün dua edirdilər.”

Müharibə bizə ölümdən qorxmamağı öyrətdi

Deyirlər ki, ölüm bir göz qırpımı qədər yaxındır. Müharibə iştirakçısının sözlərinə görə, savaş vaxtı hər dəfə minamyotun səsi gəldikdə ölümün yaxınlaşdığını hiss edib: “Hər an ölümlə üz-üzə idik. Minamyotlar, snayperlər, ağır atıcı silahlar, səs-küy, partlayışlar, yanğınlar… Düşmən tərəfdən atılan minamyotun səsi gəldikdən sonra 4 saniyə vaxtın olur, həmin 4 saniyədə sənin həyatda qalma, yaşama şansın 50-50-yə bərabər olur. Minamyot mərmisi atılandan sonra ya şəhid, ya qazi olursan, ya da qismətində varsa sağ qalırsan. Dəfələrlə olub ki, minamyot bizim yaxınlığımıza düşüb, səngərimizin qabağını bərkitdiyimiz torpağı, kisələri üstümüzə atıb. Müharibə bizə ölümdən qorxmamağı öyrətdi.

Əsir düşməmək üçün son gülləsini özünə tuşladı…

Müsahibimiz müharibənin ən kədərli anlarından birini xatırladı: “Hərbi hissəmizin “zampolit”i, polkovnik-leytenant Qərib Baxşəliyevin şəhid olması xəbərini eşitdik. O, mühasirəyə düşüb, döyüşdükdən sonra, əsir düşməmək üçün son gülləsi ilə özünü öldürmüşdü. Çox dəyərli insanın, igid Azərbaycan oğlunun itkisi hər birimizə çox pis təsir etmişdi. O, vaxt tapdıqca bizə baş çəkər, bizimlə maraqlanardı. Məşhur bir sözü var idi, “kişilər qorxmayın! Hər şey yaxşı olacaq qələbə bizimdir!”. Onun hər kəs qızıl adam kimi tanıyırdı. Hər zaman xatırlayacağam. Allah onun timsalında bütün şəhidlərimizə rəhmət eləsin.

Şəhidlik elə bir zirvədir ki, ünvanı əbədiyyətdir

“Şəhid olacağınızı düşünürdüzmü” sualına Fəridin cavabı belə oldu: “Şəhidlik elə bir zirvədir ki, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, yüksək əxlaq, əqidə var. Elə buna görə də şəhidlərimiz şüurlu şəkildə ölümü gözə ala bilirlər.  Şəhid olacağımı düşünəndə təkcə valideynlərim üçün üzülürdüm. Düşünürdüm ki, bu xəbər ailəmizə deyiləndə onlar hansı hisləri keçirər, necə dözər, ağlayar, qəlbi buna tab gətirərmi, onlara kim necə dəstək olar.  Bunları düşünəndə bir az pis olurdum..”

Düşməni “güllə yağışına” tutduq

Savaş iştirakçısı döyüşlərdən unutmadığı bir məqamı da bizə danışdı: “Qubadlı döyüşlərində bizə “İrəli” əmri verildi.  3 hərbi maşın gedirdik.  Ünvana çatanda  bizə əmr verildi ki, atəş dəstəyi verin ki, pusquda qalan 7-8 nəfərlik qrup oradan çıxa bilsin. Bizim tağım irəlilədi və hər kəs cəld şəkildə öz yerini tutdu. Göz açmağa imkan vermədən hündür mövqedə yerləşən düşməni “güllə”yağışına” tutduq.  Hər birimiz ürəklə vuruşurduq ki, qardaşlarımız düşmən pusqusunda xilas ola bilsinlər Dığaları yaxşıca susdurduq.”

Müharibənin izləri beynimizdən heç zaman silinməyəcək

Həmsöhbətimiz bildirdi ki, bizim orada yaşadıqlarımız, gördüklərimiz, döyüş vaxtı eşitdiyimiz səslər daim yaddaşımızda qalacaq: “Müharibədə aclıq da, susuzluq da, itki də olur. Əsas odur ki, biz qalib ordunun əsgərləriyik. Bununla həm özümüz, həm ailəmiz, həm də xalqımız qürur duyur. Allahın verdiyi ömrü yaşadığımız müddətdə müharibə dövrü heç zaman unudulmayacaq, müharibənin izləri beynimizdən heç zaman silinməyəcək”.

Vətən uğrunda mübarizə şərəfli və qürurvericidi

Qəhrəman əsgərimiz ordumuzun yüksək döyüş əzmindən də bəhs etdi: “Döyüşlər zamanı sevinirdik ki, nəhayət işğal altında olan torpaqlarımızı erməni işğalından azad edirik. Ordumuz yüksək döyüş hazırlığına malikdir.  30 illik həsrətimizə 44 gündə son qoyduq. Dünya bir daha şahid oldu ki, Azərbaycan ordusu nəyə qadirdir və hansı hünərin sahibidir. Bu, bizim Vətən qarşısında borcumuz idi. Vətənə canımız qurban, nə zaman ehtiyac olarsa, yenə də gözümüzü qırpmadan döyüşə gedərik. Onu qeyd edim ki, Ordumuzun gücü, qüdrəti, döyüş hazırlığı  sizin televizorda izlədiyiniz, xəyalınızda canlandırdığınızdan qat-qat çoxdur. Fəxr edirəm ki, 27 yaşımda İkinci Qarabağ müharibəsində iştirak etməklə arzuma çatdım”.

Doğum günümün hədiyyəsi Zəfər müjdəsi oldu

Müsahibimiz həmin dövrlərin ən sevincli gününü, ordumuzun bayram ovqatını bizimlə bölüşdü: “Ən xoşbəxt anları Qələbə günü yaşadıq. Mənim üçün ikiqat bayram idi. Çünki həmin tarixdə həm doğum günüm oldu, həm Zəfər xəbəri gəldi. Bu müjdəyə bütün Azərbaycan sevindi. Həmin vaxt biz gecə növbəsində idik. Hər an düşmən hücum edə bilər, kəşfiyyat keçə bilər deyə, növbəli şəkildə xidmət aparırdıq. Birdən qışqırıq səsləri gəldi, narahat olduq… Əsgərlərdən biri gəldi ki, müharibə bitdi, Qələbə bizimdir. Əslində biz istəyirdik ki, müharibə davam etsin, daha çox düşməni məhv edək, qisasımızı alaq”.

F.Hadıyev qeyd edib ki, bundan sonra onun üçün ən unudulmaz doğum günü 2020-ci il noyabrın 10-u tarixidir: “Döyüş yoldaşlarımla Qələbə sevinci ilə Qubadlıda ad günümü qeyd etmişdik.  Yatsam yuxuma girməzdi ki, 27-ci doğum günümdə hədiyyəm Qarabağımızın azadlığı olacaq. İşğaldan azad olunmuş torpağımızda, əlimizdə kolbasa çörəklə qeyd etdiyim ad günü şənliyim ən bahalı restoranda qeyd edəcəyim mərasimdən milyon qat artıqdır.  Zəfər soraqlı 27-ci doğum günümü heç vaxt unutmayacağam.”

Sonda qeyd edək ki, Prezident İlham Əliyevin  müvafiq Sərəncamına əsasən, Fərid Azər oğlu Hadıyev  Qubadlının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə  “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

 

Daha çox xəbərlər