Gündəm 

Əgər Paşinyan bilsəydi ki…

Və yaxud daldan atılan daş hara dəyir?

Otuz ilə yaxın bir müddətdə Azərbaycan torpaqlarını işğal edən və həyasızcasına havadarlarının hesabına meydanda at oynadan Ermənistan müzəffər Azərbaycan Ordusu ilə 44 günlük müharibədə öz layiqli cavabını aldı. Acı məğlubiyyətlərini qəbul etməkdən başqa çarəsi qalmayan mənfur düşmənlərimiz Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etməyə məcbur qaldıqlarını etiraf edirlər. Ermənistanın baş naziri Nikol Paşinyanın Litva səfərindəki açıqlamaları belə deməyə əsas verir.

44 günlük Vətən müharibəsindən sonra da Ermənistanda bəzi revanşizm meyilləri müşahidə olunurdu. Xarici havadarlarının köməkliyi ilə yaranmış vəziyyəti öz xeyirlərinə dəyişə biləcəklərinə hardasa kiçik də olsa ümidləri olan Ermənistanın xam xəyallarını yenə yarımçıq qoymağı bacardıq. Azərbaycanın parlaq qələbəsi ilə yekunlaşan müharibədən sonrakı bir il ərzində həyata keçirilən siyasət və ölkəmizin beynəlxalq nüfuzu dəqiq təhlil edildikdən sonra deyəsən Ermənistan tərəfi 10 noyabr Bəyanatının şərtlərinin yerinə yetirilməsindən başqa yolunun olmadığını dərk etməyə başlayıb. Paşinyanın Litvaya səfəri zamanı “gərək 7 kəndi qaytarardıq” ifadəsi əslində vaxtilə irəli sürülən şərtləri qəbul etməmələrinin hansı acı nəticələrə gətirib çıxaracağını hesablaya bilmədiklərinin də etirafıdır. Mövcud vəziyyətdə isə Paşinyan hakimiyyəti artıq çarəsizlikdən reallıqları açıq- aşkar dilə gətirməyə başlayıb. Bu, gözlənilən idi. Çünki 44 günlük müharibə və ağır məğlubiyyət Ermənistanda köklü sosial-iqtisadi böhrana səbəb oldu, insanlarda gərgin mənəvi-psixoloji durum yarandı ki, bütün bunlar da nəticə etibarilə ölkədə daxili qarşıdurmanın pik həddə çatmasına səbəb oldu. Ermənistan əhalisi hökumətin yarıtmaz siyasətinə qarşı ya müxtəliif zamanlarda yığılaraq etiraz edir, ya da bunun heç bir işə yaramadığını görüb çarəni Ermənistanı tərk etməkdə görürlər. Əlbəttə, bu da onsuz da batmaqda olan bir dövlətdə, eyni zamanda, demoqrafik süqutun da sürələndiyini göstərir.

Beləliklə, mövcud vəziyyət Nikol Paşinyanı artıq Ermənistanın müxtəlif istiqamətlərdə tənəzzülə uğradığını açıq şəkildə dilə gətirməyə vadar etdi. Litvaya səfəri zamanı oradakı erməni icmasının nümayəndələri ilə görüşən Nikol Paşinyan Ermənistanın bugünkü acı məğlubiyyətə düçar olmaması üçün vaxtilə aparılan danışıqlar zamanı hətta referendum variantının da müzakirə olunduğunu, Qarabağdakı azərbaycanlıların bu referendumda iştirakına, əvvəl yaşadıqları yerə qayıtmasına razılıq verdiyini deyib. Amma özü də yaxşı anlayırdı ki, Azərbaycan işğal faktının aradan qaldırılmasından başqa heç bir variantla barışa bilməzdi. Ermənistan üçün yeganə xilas variantı sülh yolu ilə torpaqların qaytarılması idi ki, bunu da vaxtında etməməyin peşmançılığını yaşayırlar.

N.Paşinyan çıxışında bildirib ki, bu gün çoxları müharibəyə yol verməməkdən danışır. “Anlamaq lazımdır ki, müharibəyə yol verməməyin yeganə şərti ərazilərin qaytarılması olub. Odur ki, biz əraziləri qaytarmalıydıq. Ən azı 5 rayonu. O biri iki rayon məsələsi başqadır. Əslində isə gərək qeyri-şərtsiz 7 rayonu qaytarardıq.” Məğlub ölkənin rəhbərinin sözlərinə görə, Ermənistanın son 30 ildə ən böyük problemi onda idi ki, bu illər boyu ermənilər reallıqla üzbəüz olmayıblar: “Bu gün ki, Şuşa haqqında bu qədər danışırlar… Bəs bu 30 ildə Şuşada neçə yaşayış evi tikilib? Heç bir dənə də. Bəs niyə? Kimsə heç soruşmur ki, niyə tikilməyib? Nədir bunun səbəbi? Məntiqi nədir ki, tikilməyib? Pulları olmayıb? Məncə, cavabı aydındır” Görüş iştirakçılarının birinin “Yəqin saxlaya biləcəklərinə əmin olmayıblar”, sualına isə “Bunu siz dediniz, mən demədim”, – deyə Paşinyan cavab verib.

Ermənistan hökumətinin dünya ölkələrində verdiyi bu açıqlama və dialoqlardan da aydın görmək olur ki, Azərbaycan təkcə döyüş meydanında deyil,eyni zamanda, diplomatik masada da qalib tərəfdir. Ermənistanın isə yalnız bir yolu var. Nə qədər ki, gec deyil, onlar aqressiv siyasət yürütməkdən əl çəkməli, region dövlətləri ilə ədavətə son qoymalı, Azərbaycan və Türkiyə ilə ortaq nöqtələr tapmalıdır. Yoxsa hələ bundan sonra da “dəmir yumruğun” dadını görməyə davam edəcəklər.

Daha çox xəbərlər