Gündəm 

Ermənistanın sülh müqaviləsini imzalamasına nələr mane olur?

Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın gözlənilən görüşü mühüm hadisələrin başlanğıcı ola bilər

Azərbaycanla Ermənistan arasında hava yolunun qarşılıqlı şəkildə açılması  ondan xəbər verir ki, Cənubi Qafqazda sülhün bərqərar olması üçün ciddi əsaslar var. Hətta Prezident İlham Əliyev bu həftə  Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin  yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etibarnaməsini qəbul edərkən bir daha rəsmi Bakının mövqeyini bəyan etdi. Bildirdi ki, Azərbaycan tarixin bu səhifəsini çevirmək və Ermənistanla normal münasibətlər qurmaq istəyir. «Biz sülh müqaviləsi, delimitasiya və kommunikasiyaların açılması ilə bağlı danışıqlara başlamağa hazırıq. Bu proses qismən başlayıb».

Eyni zamanda, dövlətimizin başçısı Avropa İttifaqını da bu işə töhfə verməyə çağırdı. Təbii ki, Azərbaycan Prezidentinin bu fikirləri o anlamı verir ki, böyük sülh sazişinə aparan yol daha da qısala bilər. Burada diqqətçəkən məqam odur ki, Ermənistan rəhbərliyi nəhayət anlamağa çalışır ki, bölgədə təhlükəsizliyin və inkişafın  yeganə yolu  sülh dialoqlarına müsbət yanaşmaqdır.

Lakin bu addımı atmağa Paşinyan ona görə tələsmir ki, keçmiş hakimiyyətlərin dövründən qalma ciddi maneələr var. Belə ki, Ermənistan dövlət səviyyəsində hələ də Azərbaycana qarşı ərazi iddiasından imtina etməyib. Söhbət ilk növbədə hüquqi əngəllərdən, o sırada qüvvədə olan qanunvericilik aktlarından gedir. Hələ hərbi canilər Koçaryan və Sarkisyan dönəmində qəbul olunan qanunların birində deyilir ki, Ermənistan rəhbərləri Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi göstərildiyi sənədlərə qol çəkə bilməzlər. Üstəgəl, bu ölkənin konstitusiyasında qardaş Türkiyəyə qarşı da ərazi iddiası yer alır.

Deməli, sülh müqaviləsinin baş tutması üçün həmin aktlar ləğv olunmalı, iki qonşu dövlətə qarşı əsassız ərazi iddiasına rəsmən son qoyulmalıdır. Belə görünür ki, Paşinyanın fikrindən  Azərbaycanla sülhə nail olmaq keçsə də, Ermənistandakı postmüharibə dövrünün ağır psixoloji gərginliklə müşahidə olunması, və xüsusilə radikal müxalifətin hədələri onu gözləmə mövqeyi tutmağa məcbur edir.

Lakin gec-ya tez Paişinyan hakimiyyəti Azərbaycanın şərtlərini qəbul edəcək. Çünki onların bundan başqa çıxış yolları yoxdur. Axı, Ermənistan indi bir dövlət kimi iflas olmaq həddindədir. Onun çıxış yolu qonşuları,  xüsusilə  güclü Türkiyə və Azərbaycanla iqtisadi əməkdaşlıqdan  keçir. O da aydındır ki, çox şey məğlub ölkənin rəhbərliyindən, konkret olaraq Nikol Paşinyandan və onun bu yöndə radikal-revanşist qüvvələri susdurmaq bacarığından və iradəsindən asılı olacaq.

Şübhə yoxdur ki, radikal müxalifət ən əvvəl yuxarıda qeyd edilən normativ-hüquqi aktları əsas götürərək Paşinyana sonadək mane olacaq və Ermənistanın blokada rejimində qalmasına çalışacaq. Ancaq nəzərə alsaq ki, sərhədlərin və kommunikasiyaların açılması, qarşılıqlı iqtisadi əməkdaşlığa start verilməsi beynəlxalq birliyin, o cümlədən Türkiyənin, Rusiyanın, Avropanın, ABŞ-ın da tələbidir. Eyni zamanda ortada qalib Azərbaycanın iradəsi var.

İndi hər şey  Ermənistan rəhbərliyinin öz xalqının gələcəyi naminə hansıtarixi qərarları verməsindən asılıdır. Müharibədən sonra Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın gözlənilən ilk görüşü bu xüsusda mühüm hadisələrin başlanğıcı ola bilər.

Daha çox xəbərlər