Əsas səhifə 

Azərbaycan idmanının uğur salnaməsi

Son 18 ildə ölkəmizdə hansı mötəbər beynəlxalq yarışlar keçirilib?

Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən önəmli başlanğıcların əsası qoyulub. Belə əlamətdar günlərdən biri də oktyabrın 15-nə təsadüf edir. 2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev xalqımızın yüksək etimadını qazanaraq ilk dəfə Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu, ölkədə bu siyasətə alternativin olmadığını nümayiş etdirdi.

Artıq cənab İlham Əliyevin birinci dəfə Prezident seçilməsindən 18 il ötür. Ötən dövrdə Azərbaycanda bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də olduqca böyük nailiyyətlər, inkişaf müşahidə edilib. Belə ki, bu dövr ərzində idmançılarımız mötəbər beynəlxalq yarışlarda böyük uğurlar qazanıblar. Nəhəng idman infrastruktur layihələrinin, Olimpiya İdman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına mühüm töhfələr verib. Həmçinin ölkəmizdə bir çox mötəbər idman yarışları uğurla təşkil edilib. Bu yarışlardan ilki 2003-cü ildə keçirilən yeniyetmə cüdoçuların Avropa çempionatı olub. Bakıda, Heydər Əliyev adına İdman – Konsert Kompleksində keçirilən bu yarışda 30 ölkədən 300-dək cüdoçu iştirak edib. 2004-cü ildə isə Azərbaycanda Bədii gimnastika üzrə Dünya kuboku uğrunda yarış keçirilib. Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən yarışda dünyanın 22 ölkəsindən 47 gimnast iştirak edib. 2004-cü ildə keçirilən irimiqyaslı turnirlərdən biri də Taekvondo üzrə Avropa Olimpiya lisenziya turniri olub və bu yarış Bakı İdman Sarayında keçirilib. Turnirdə Avropanın 39 ölkəsindən 268 idmançı mübarizə aparıb. Bədii gimnastika üzrə 27-ci dünya çempionatı da 2005-ci ildə Azərbaycanda keçirilib. Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən həmin yarışda 47 ölkəni təmsil edən gimnast qızlar iştirak ediblər. 2006-cı ildə respublikamızda baş tutan digər bir beynəlxalq yarış isə Hərbçilərin güləş üzrə 24-cü Dünya çempionatı olub. Sərbəst güləş və yunan-Roma güləşi üzrə yarışların keçirildiyi bu idman tədbiri Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutub. Çempionatda 20 ölkənin 200-dən çox pəhləvanı mükafatlar uğrunda mübarizə aparıb. Sərbəst, klassik Roma güləşi və qadın güləşçilərin dünya çempionatı isə 2007-ci il sentyabr ayında Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil edilib. Yarışda 102 ölkədən 2500-dən çox idmançı iştirak edib.

Azərbaycanın paralimpiya hərəkatı tarixində Bakıda keçirilən ilk mötəbər yarış 2007-ci ildə paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı olub. Pekin Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq xarakteri daşıyan yarışda Fransa, Böyük Britaniya, Finlandiya, İtaliya, Serbiya, Macarıstan, İspaniya, Almaniya, İsveç, Türkiyə, Ukrayna, Bolqarıstan, Rusiya, Latviya, Litva və Yunanıstanı təmsil edən 100-dən çox idmançı iştirak edib. 2009-cu ildə Bakıda keçirilən bədii gimnastika üzrə 25-ci Avropa çempionatına dünyanın 32 ölkəsindən 186 gimnast qatılıb. Elə həmin il ölkədə qaydasız döyüş üzrə Dünya kuboku (Bakı İdman Sarayında) keçirilib. Yarışda Azərbaycan millisi də daxil olmaqla, 25 ölkəni təmsil edən 120-dən çox idmançı mükafat uğrunda mübarizə aparıb. 2010-cu ildə ölkəmizdə Heydər Əliyev adına İdman-Konsert Kompleksində daha fərqli bir idman növü – Qılıncoynatma üzrə gənclər və kadetlər arasında yarış keçirilib. Bu yarışlarda dünyanın 87 ölkəsindən 1565 idmançı iştirak edib. 2010-cu il ərzində ölkəmizdə daha bir beynəlxalq yarış – Bodibildinqçilər arasında 64-cü Dünya çempionatı baş tutub. Bu yarışda 63 ölkənin idmançısı birincilik uğrunda mübarizə aparıb.

2010-cu ildə Azərbaycanın paytaxtında keçirilən mötəbər yarışlardan biri də gənclər arasında boks üzrə Dünya çempionatı olub. Bu yarış Bakı Sərhədçi Olimpiya İdman Mərkəzində keçirilib. Çempionatda 96 ölkədən 500 idmançı iştirak edib. Sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatı da 2010-cu ildə Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunub. Bu yarışda Azərbaycan da daxil olmaqla, 36 ölkədən 383 idmançı sərbəst, yunan-Roma güləşi üzrə mübarizə aparıb.

Ölkəmizdə keçirilən daha bir idman yarışı da Cüdo üzrə “World Masters” beynəlxalq turniri olub. Bu turnir 2011-ci ildə Bakıda baş tutub. Reytinq xalları verən World Masters seriyasında 42 ölkəni təmsil edən 300-dən çox idmançı mübarizə aparıb. Sərhədçi İdman Olimpiya Mərkəzində baş tutan bu yarış 2012-ci il London Yay Olimpiadasına lisenziya xarakteri daşıyırdı. Boks üzrə XVI Dünya çempionatı da 2011-ci ilin sentyabrın 26-dan oktyabrın 8-dək Bakıda keçirilib. Çempionatda 113 ölkədən 570 boksçu mübarizə aparıb. Bu, ölkələrin və idmançıların sayına görə rekord göstəricidir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2012-ci il ölkəmizdə “İdman ili” elan olunub. Bu Sərəncam Azərbaycanda idmanın inkişafına böyük təkan verib, bu sahəyə olan böyük marağı daha da artırıb.

2012-ci ildə isə Yeniyetmələr arasında sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatı respublikamızda keçirilib. 21-27 avqust tarixini əhatə edən bu yarışda 41 ölkədən 850 idmançı iştirak edib. 2012-ci il 22 sentyabr – 13 oktyabr tarixlərində isə 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı paytaxtımızda baş tutub. Yarışda 16 ölkədən yaşı 17-dən aşağı olan futbolçu qızlar iştirak ediblər. Bu, Azərbaycanda keçirilən ilk FİFA tədbiri və Avrasiyada baş tutan ilk U-17 qadınlararası dünya çempionatı olub. 2012-ci ildə Bakıda “GT3 və klassik Formula 1” yarışı olub. Oktyabrın 26-28-də keçirilən yarışda 10 komanda (hər birində 2 sürücü olmaqla) iştirak edib və 2,1 kilometrlik yarış zolağını qət ediblər. Yarış 300 milyon izləyicini əhatə edib, 120 ölkədə televiziya kanalları vasitəsilə yayımlanıb.

İdman tariximizin ən şərəfli səhifələrindən biri də Azərbaycanda “Bakı-2015” Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasıdır . Bu Oyunların təqviminə 30 idman növü daxil edilib. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Bu mötəbər yarışın açılış mərasimi 12 iyun tarixində Bakı Olimpiya Stadionunda baş tutub. Yarışlarda 50 ölkənin 10 000 idmançısı 30 idman növündə mübarizə aparıb. 17 gün davam edən yarışlar 28 iyun tarixində yekunlaşıb.

Azərbaycanda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası, Formula-1 Qran-Prisi ilə yanaşı, nüfuzlu və mötəbər yarışlardan biri də “Baku-2017” IV İslam Həmrəyliyi Oyunları olub. 12-22 may 2017-ci il tarixində keçirilən bu yarışlarda 21 idman növü üzrə 56 dövlətin 6000-ə yaxın idmançısı mübarizə aparıb.

Ölkəmiz 2017-ci ildə ilk dəfə Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə də ev sahibliyi edib. Azərbaycan idmanda daha bir uğurunu 2019-cu ilin may ayında reallaşdırıb. Belə ki, Bakı Olimpiya Stadionu UEFA Avropa Liqasının final matçına yüksək səviyyədə ev sahibliyi edib. Bundan əlavə, 2021-ci ildə futbol üzrə Avropa çempionatının 3 qrup və 1 dörddə bir final mərhələsinin oyunu Bakıda təşkil olunub.

Bu gün, idmanla yanaşı, bütün sahələrdə Azərbaycan öz tarixinin çox şərəfli, sürətli inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Bütün bu nailiyyətlər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanın milli maraqlarına əsasən həyata keçirilən siyasi xəttin nəticəsidir. Hər birimiz öz növbəmizdə səlahiyyətlərimiz daxilində dövlətimizin inkişafı, eləcə də Azərbaycan idmanının uğur salnaməsini daha da zənginləşdirmək naminə əlimizdən gələni etməliyik.

Daha çox xəbərlər