Əsas səhifə 

Xalqın etimadına layiq Lider

COVID-19 pandemiyasının qlobal iqtisadiyyata mənfi təsirinin davam etməsinə baxmayaraq cari ilin ötən dövrünün sosial-iqtisadi yekunları onu deməyə imkan verir ki, Azərbaycan iqtisadiyyatı inkişaf yolundadır. Xüsusilə də qeyri-neft sektorundakı artım tempi bu sahənin inkişafı istiqamətində həyata keçirilən siyasətin uğurundan xəbər verir.

Qeyd etdiklərimizi rəqəmlərlə sadalasaq, ilk növbədə onu vurğulamalıyıq ki, pandemiyanın davam etməsinə baxmayaraq cari ilin may ayından iqtisadiyyatda yenidən artım başlayıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-avqust aylarında ölkədə 54 milyard 730,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalsa da  qeyri neft-qaz sektorunda  5,7 faiz artım qeydə alınıb. ÜDM istehsalının 40,4 faizi sənaye, 10,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5 faizi tikinti,  1,8 faizi informasiya və rabitə, 1,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,4 faizi digər sahələrin payına düşüb.

Ölkə iqtisadiyyatının lokomotivi olan sənayedə bu dövrdə  32,1 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çox məhsul istehsal edilib. Sənayenin neft-qaz sektorunda məhsul istehsalı 0,3 faiz azalıb,  qeyri neft-qaz sektorunda isə 18,4 faiz artıb. Sənaye məhsulunun 62,5 faizi mədənçıxarma sektorunda, 31,6 faizi emal sektorunda, 5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

2021-ci ilin yanvar-avqust aylarında, həmçinin əsas kapitala 8 milyard 259,4 milyon manat məbləğində vəsait yönəldilib. İstifadə olunmuş vəsaitin 68,5 faizi məhsul istehsalı sahələrinə, 24,1 faizi xidmət sahələrinə, 7,4 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 64,6 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 59 faiz, büdcə vəsaitləri 20,8 faiz, bank kreditləri 5,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,8 faiz, sair vəsaitlər isə 7,7 faiz təşkil edib.

Sadalanan sahələrdə əldə olunmuş nailiyyətlər ölkəmizin xarici ticarət əlaqələrində də özünü büruzə verib. Belə ki,  cari ilin ilk 8 ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin dəyəri  20 milyard 285 milyon ABŞ dolları olub ki, bunun da 12 milyard 935 milyon dolları ixracın, 7 milyard 350 milyon dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 30,9 faiz, idxal isə 9,85 faiz artıb. Nəticədə xarici ticarətdə 5 milyard 586 milyon dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 75,1 faiz çoxdur. Nəticə etibarilə qlobal enerji bazarında əlverişli vəziyyət  və qeyri-neft sektorunun ixrac potensialının yüksəlməsi xarici ticarət balansının profisitinin kəskin artmasına imkan verib. Xarici ticarətdəki müsbət dinamika profisitli tədiyə balansını dəstəkləyən amil olmaqla ölkənin strateji valyuta ehtiyatlarının ilin əvvəlindən 4,8 faiz və ya 2,4 milyard dollar artaraq 53,2 milyard dollara çatmasına şərait yaradıb. Profisitli tədiyə balansı isə valyuta bazarında təklifi və beləliklə qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir.

Bu isə bütövlükdə manatın məzənnəsinin nəinki bugünkü sabitliyinə, həm də bütövlükdə gözlənilən sabitliyinə təminat verir. Manatın məzənnəsinin sabitliyi inflyasiyanın aşağı səviyyədə formalaşmasını şərtləndirir. Nəticədə bu ilin yanvar-avqust aylarında 4,8, təkcə avqust ayında isə 6,7  faizlik inflyasiya qeydə alınıb ki, bu da dünya ölkələri ilə müqayisədə aşağı göstərici hesab edilir. Söhbət ondan gedir ki, hazırda dünyanın əksər ölkələrində inflyasiyanın yüksəlməsi və qəbul edilmiş hədəflərdən kənarlaşması müşahidə edilir. Belə ki, avqustda illik inflyasiya səviyyəsi Avrozonada son 117 ayın maksimumuna çataraq 3 faiz, ABŞ-da 156 ayın maksimumuna çataraq 5,3 faiz, Rusiyada son 60 ayın maksimumuna çataraq 6,7 faiz, Qazaxıstanda son 56 ayın maksimumuna çataraq 8,7 faiz, Belarusda son 56 ayın maksimumuna çataraq 9,8 faiz, Ukraynada son 39 ayın maksimumuna çataraq 10,2 faiz, Gürcüstanda son 123 ayın maksimumuna çataraq 12,8 faiz və Türkiyədə son 28 ayın maksimumuna çataraq 19,3 faiz təşkil edib.

İqtisadiyyatdakı qənaətbəxş dinamikadan yaranan sabitlik iqtisadi fəallığın və istehlak nikbinliyinin yüksəlməsi kreditlərə olan tələbi artırıb. Bank sisteminin kredit portfeli avqust ayında 1,6 faiz, ümumilikdə 8 ayda isə 7,4 faiz çoxalıb. İstehlak kreditləri 12,9 faiz, ipoteka kreditləri 12,2 faiz artıb. Həmçinin de-dollarlaşma meyilləri davam edir. Belə ki, avqust ayında dollarlaşma fiziki şəxslərin depozitləri üzrə 44,7 faizə, kredit portfeli üzrə isə 26,8 faizə enib. Halbuki, fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi 2016-cı ildə 85 faiz olmuşdu.

İqtisadi fəallıq özünü əmək bazarında da göstərir. Belə ki, 2021-ci il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 min nəfər və ya 0,5 faiz artaraq 1 milıyon 689,7 min nəfər olub ki, onlardan 905,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 784,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. 2021-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,8 faiz artaraq 728,5 manat olub.

Bundan başqa, ölkədə “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılması, şəffaflığın və hesabatlılığın təmin edilməsi istiqamətində görülən işlərin miqyası da genişləndirilir. Təkcə bir faktı qeyd etmək lazımdır ki, Dövlət Gömrük Komitəsi cari ilin yanvar-avqust ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 12,4  faiz artıqlaması ilə əməl edib. Bununla da proqnozdan əlavə 351,99 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub. Həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə yanvar-sentyabr aylarında proqnozdan 20,2 faiz çox vergi toplanaraq dövlət büdcəsinə yönəldilib. Ödənilən vergilərin 74,1 faizi qeyri-neft-qaz sektorunun, 25,9 faizi neft-qaz sektorunun payına düşüb.

Bu uğurlar Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 18 ilin yalnız 8 ayını əhatə etsə də, əldə olunan nailiyyətlər dövlət başçısının 18 illik titanik fəaliyyətinə söykənir. Başqa sözlə, cənab İlham Əliyev 2003-cü ilin oktyabr ayının 15-də keçirilmiş prezident seçkilərində seçicilərin böyük əksəriyyətinin  dəstəyini qazanmaqla dövlət başçısı seçildikdən sonra Azərbaycanda iqtisadi sahədə növbəti mərhələnin əsasını qoyub. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti davam etdirən Prezident İlham Əliyevin ötən müddətdə daha 3 dəfə – 2008, 2013 və 2018-ci illərdə xalqın yüksək etimadını qazanması dövlətimizin başçısının rəhbərliyi ilə  həyata keçirilən məqsədyönlü siyasətin, o cümlədən iqtisadi islahatların uğurunun göstəricisidir.

Həyata keçirilən islahatların başlıca prinsipi onun dövrün tələblərindən irəli gəlməsidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev  “Real” televiziyasına müsahibəsində bildirmişdi ki,  2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaq, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaq, insanların rifah halını yaxşılaşdırmaq, daha güclü, qüdrətli dövlət qurmaqdır: “Yəni, bugünkü reallıqlar, dünyada baş verən və bölgəmizdə yaşanan hadisələr diktə edir ki, biz daha səmərəli iş aparmalıyıq və şəffaflıq əsas prinsip olmalıdır”. Bu fikir özü-özlüyündə bir daha onu nümayiş etdirir ki, ölkə iqtisadiyyatının inkişafı vətəndaşın rifahının yüksəldilməsinin, onun sosial problemlərinin həllinin qarantıdır və ölkə başçısının yürütdüyü siyasət də bunu bir daha sübut edir.

Daha çox xəbərlər