Siyasət 

Rusiya və Avropa Ermənistanın xilası üçün yarışa girib – ekspertlər səbəbləri açıqladı

Avropa Birliyinin Ermənistana 2.6 milyard avro investisiya vədinin ardınca Rusiya Putini söyən İrəvana daha 1 milyard dollar sərmayə yatıracaq; təhlilçilər deyirlər ki…

Ermənistan elə matah olub ki, onu Qərb dövlətlərindən də dəstəkləyənlər var, Rusiya da yenə himayəçiliyini davam etdirir. Əslində bunu Ermənistandan daha çox, ermənilərə qahmar adlandırmaq olar.

Dünyada erməniliyin və ermənilərin bir siyasi alət olması, ondan həmsədr ölkələrin və digər qüvvələrin istifadə etməsi özlərinə də agahdır. Ona görə bu təcavüzkar, işğalçı ölkənin cinayətlərinə baxmayaraq, onu bölgədə qoruyurlar, qayğısına qalırlar. “Yeni Müsavat” bildirir ki, məsələn, Rusiya Ermənistana daha 1 milyard dollar sərmayə yatıracaq. Bu barədə Rusiya baş nazirinin müavini deyib. Maraqlıdır ki, Ermənistanda anti-Rusiya isteriyası gücləndikcə, hətta Putini təhqir elədikcə Moskva ermənilərə daha çox qayğı göstərir, yardım və kömək edir. Bu, nə ilə bağlıdır? Ermənistan doğrudanmı Rusiya üçün vazkeçilməz önəm daşıyır?   

Eyni zamanda, Avropa Birliyi Ermənistana 2.6 milyard avro (3 milyard dollardan çox) investisiya ayıracağını vəd edib. Onun 18%-ni Fransa öz üzərinə götürüb. Göründüyü kimi, Rusiya və Avropa Ermənistanın xilası üçün sanki yarışa girib. Bu mərkəzlər illik büdcəsi cəmi 3 milyard olan Ermənistanı düşdüyü dərin iqtisadi-sosial böhran bataqlığından çıxara biləcəklərmi? Ən əsası, onlar nədən Ermənistan üzərində əsir, onun çöküşünü istəmirlər? Halbuki Ermənistanın tək xilas yolu bəllidir: təcili şəkildə Azərbaycan və Türkiyə ilə anlaşmaq, sərhədlərin açılması, sülh sazişini bağlamaq və normal münasibətlər qurmaq.

Amma istər Rusiyadan, istər Qərbdən dotasiya Ermənistanı bu anlaşmalara getməkdən yayındırır, bu ölkəni “iki qucaq”da oturmağa sövq edir, qul və nökəri olmaqda davam etdirir. Digər tərəfdən, bu vəsaitlərin ayrılmasını strateji mübarizə də aldandırmaq olar. Gürcüstandan sonra Ermənistan uğrunda Qərb və Rusiya çəkişmədədir. Hazırda Qərbyönümlü Paşinyan hakimiyyətdə olsa da, Moskva ilə hesablaşmaya bilmir. Xüsusən müharibənin nəticələrindən sonra İrəvan Kremlin sözlərini tez-tez eşitməli olur. Bəs başqa məqsəd nədir? Ermənilər niyə Avropa və Rusiya üçün əhəmiyyət kəsb edir?

Arzuxan Əlizadə — Vikipediya

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistan bölgədə süni şəkildə yaradılmış qondarma dövlət olub. Onun sözlərinə görə, onu bufer dövlətə çevirərək maraqları naminə istifadə ediblər: “Rusiyanın Ermənistanda həmişə hökmranlığı olub və bu ölkəyə vassalı kimi baxıb. Unutmaq olmaz ki, Rusiyanın orada 102-ci hərbi bazası yerləşib, Paşinyana qədər bütün rəhbərlər Moskvanın idarəçiliyi altında olub. Amma Soros Paşinyanı hakimiyyətə gətirməklə Qərb Rusiyanı bölgədə sıxışdırmağa çalışdı. Bunu da Ermənistanla etmək mümkün idi. Belə görünür ki, indi Qərb və Rusiya Ermənistan üstündə yarışa giriblər”.

A.Əlizadə hesab edir ki, həm Qərb, həm Rusiyadan bu yardımlar Azərbaycana olmalı idi: “Çünki dəstək verdikləri Ermənistan 30 ildə ərazilərimizi xarabalığa çevirib, daşı daş üstünə qoymayıb. Ona görə bu investisiyalar bizə ayrılmalıdır ki, işğaldan azad edilən şəhərlərimizi yenidən qura bilək. Amma biz görürük ki, Avropa Birliyinin 2.6 milyard ayırmaq planı var, ümumilikdə isə 5 milyard nəzərdə tutub, bir yandan da Rusiya sərmayə ayırır. Bütün bunlar elə vaxtda baş verir ki, Azərbaycan Ermənistanın işğalından azad etdiyi əraziləri öz gücünə abadlaşdırır”.

Təxribatlarda Ermənistan qədər Rusiya da məsuliyyət daşıyır

 Züriyə Qarayeva

Siyasi şərhçi Züriyə Qarayevanın sözlərinə görə, Avropa İttifaqı tərəfindən ayrılan ianə ilə bağlı vədlər Şuranın prezidenti Mişel tərəfindən iyul ayında Cənubi Qafqaza səfər zamanı verilsə də, hələ də icra olunmayıb: “Düşünmürəm ki, pandemiya və sanksiyalardan dolayı iqtisadiyyatı bərbad vəziyyətə düşən Rusiya da indiki durumda vədinə əməl edə bilsin. İstənilən halda bu vədlər həm Qərb, həm də Rusiya tərəfdən Ermənistanın əks cəbhəyə meyillənməsinin qarşısını almaq məqsədi daşıyır”.

Ekspertin fikrincə, dövlətlərin əksəriyyəti geosiyasi yönünü seçdiyi halda Ermənistan hələ də “iki stul”da əyləşmək siyasətinə davam edir: “Bu strategiya hər iki qütbü bu dövlətlə bağlı addımlar atmağa vadar edir. Ermənistanın indiki durumunda bu ianələr verildiyi təqdirdə belə onun işinə yaramaqdan daha çox başına problemlər açacaq. Çünki bu ianələr heç vaxt qarşılıqsız verilmir və qarşılığında edilməsi tələb olunanlar İrəvanı əks qütb qarşısında çıxılmaz vəziyyətə salacaq. Ermənistan xarici borclarından və silah sənayesindən istifadəsinə görə Rusiyanın vassalıdır. İrəvan Qərbə yön aldığı halda Kreml bu ölkədəki şəbəkəsini işə salaraq hakimiyyət üçün problemlər yarada bilər”.

Təhlilçinin sözlərinə görə, eyni mövqeyinə davam edərsə,  Ermənistanın “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Qərbə inteqrasiyası mümkünsüz olacaq: “Ki, bu da növbəti seçkilərdə Paşinyanın seçilmə ehtimalını aşağı endirir. Bir sözlə, ayrılan yardımlar Ermənistanı dirçəltməkdən daha çox onun sonunu gətirə bilər”.

Daha çox xəbərlər