30 illik həsrətimizin son nidası – Qarabağ Azərbaycandır!
30 ilə yaxın bir müddət ərzində Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalçı ordusu tərəfindən zəbt edilərək talanmış, bir milyondan artıq əhali öz yurd-yuvasından didərgin salınmışdı. Xalqımıza qarşı tarixdə misi-bərabəri olmayan dəhşətli soyqırımlar törədilmişdir . Saysız-hesabsız günahsız azərbaycanlılalar vəhşicəsinə qətlə yetirilmiş, soyqırımına məruz qyulmuşdular. Bütün bu müddət ərzində Azərbaycan hökuməti məcburi köçkün düşmüş əhalisinə lazımi dəstəyi göstərməklə yanaşı, bu münaqişəni sülh yolu ilə həll etmək naminə uzun illər siyasət apardı. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidi ilə növbəti dəfə hakimiyyətə gəldikdən sonra yenicə yaranmış dövlətçiliyimizin qorunub saxlanması ilə yanaşı, cəbhə bölgəsində hərbi uğursuzluqları aradan qaldırmaq, düşmənin hücumunun qarşısını almaq, iqtisadi, siyasi və psixoloji cəhətdən ağır durumda olan Azərbaycanı möhkəmləndirmək namunə ilk növbədə ordu quruculuğu kimi mühüm strateji bir sahəni formalaşdırmaq üçün əsaslı addımlar atdı. Onun rəhbərliyi altında qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik təmin olundu. O çətin və həssas dövrdə ölkəni xilas etmək üçün ilk növbədə ulu öndər Heydər Əliyev xalqı birliyə çağıraraq öz ətrafında birləşdirdi.
Həmin dövrdə qismən zəiflədiyini, hərbi uğursuzluqlarla üzləşdiyini görən təcavüzkar Ermənistan rəhbərliyi dahi şəxsiyyət Heydər Əliyevin güclü siyasəti qarşısında aciz qalaraq 1994-cü ilin mayında cəbhə bölgəsində atəşkəsi təmin edən Bişkek protokolunu imzalamağa məcbur oldu. Lakin atəşkəs imzalanmasına əməl etməyən ermənilər cəbhə bölgəsində demək olar ki, hər gün təxribatlar törədir, hərbi qulluqçularla yanaşı, mülki şəxsləri də hədəfə alırdı.
Qəlbində vətən sevgisi olan hər kəs Ulu Öndərin siyasətinə öz dəstəyini göstərir, onun ətrafında birlik nümayiş etdirirdi. Ulu öndər Heydər Əliyev xüsusilə xaricdə təhsil almış peşəkar zabit kadrların gücündən istifadə edərək ordu quruculuğuna start verdi. Ordu quruculuğu prosesi uzun illər davam edərək möhkəmləndi. Nəticədə Cənubi Qafqazda ən güclü orduya çevrildi Azərbaycan Ordusu.
İllər ötdükcə, Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistanın bu hərəkətlərinə dünya dövlətləri də susmaqda davam etdi, ikili siyasətlər aparıldı.
Milli Ordunun güclənməsi Heydər Əliyevin zamanında olduğu kimi cənab İlham Əliyevin rəhbərliyi altında da dövlət siyasətinin əsas istiqamətlərindən oldu. Azərbaycan Prezidenti bütün siyasi arenalarda işğalçı Ermənistanı sülhə çağırır, torpaqlarımızı dinc yolla boşaltmağa dəvət edirdi. Bütün bu çağırışlara məhəl qoymayan Ermənistan xarici qüvvələrin təsirinə arxalanaraq terrorçuluq siyasətini davam etdirirdi. Son zamanlarda Ali Baş Komandan İlham Əliyev Ermənistanın sülh yolu ilə torpaqlarımızdan çəkilməyəcəyi təqdirdə, xalqımızın öz torpaqlarını azad etmək üçün silaha sarılacağını gizlətmir və Silahlı Qüvvələrimizin buna tam qadir olduğunu dəfələrlə bəyan edirdi. Bu mövzuda olan çıxışlarının birində demişdi: “Orduya ayrılan xərclər hər il artır… Bundan sonra da orduya ayrılacaq vəsaitlər artacaqdır…Bizim ordumuz istənilən vaxt torpaqlarımızı düşməndən azad etməyə qadirdir.”
Ali Baş Komandanın bu cür siyasəti ölkə vətəndaşları, o cümlədən yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlərin və qaçqınların torpaqlarımızın azad ediləcəyinə olan inamını günü-gündən artırırdı.
Beləliklə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik strategiyası günü- gündən güclənərək cənab İlham Əliyevin prezidentliyi dövründə daha da genişləndi. İqtisadi cəhətdən güclənməkdə olan Azərbaycan transmilli layihələr həyata keçirərək regionda aparıcı ölkəyə çevrildi. Bütün bu illər ərzində beynəlxalq aləmdə ərazi bütövlüyümüzü dəstəkləyən bir çox sənədlər qəbuluna nail olan siyasət aparıldı. Dünyanın ən böyük beynəlxalq təşkilatları Qarabağ münaqişəsi ilə bağlı ədalətli qətnamələr qəbul edərək Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Lakin, Ermənistan nə beynəlxalq təşkilatların qərarlarına, nə də Azərbaycan Prezidentinin sülh çağırışlarına məhəl qoymamağa davam edirdi. Dəfələrlə irimiqyaslı təxribatlar törətməyə cəhd edən Ermənistan ordusu hər dəfə Azərbaycan Ordusu tərəfindən susdurulurdu. 2015-ci ilin avqust ayında, 2016-cı ilin aprelində döyüşlər baş verdi. Bu döyüşlərdə Azərbaycan ordusu xeyli üstünlüklər qazandı, 2000 hektar ərazi azad edildi. 2020-ci ilin iyulunda Ermənistan yenə Tovuz rayonu ərazisində dövlət sərhədlərimizi pozmağa cəhd göstərdi. Bu dəfə də Azərbaycan Ordusu hücumların qarşısını qətiyyətlə aldı.
2020-ci ilin sentyabr ayının 27-də erməni qəsbkarları yenidən müxtəlif təyinatlı silahlardan istifadə etməklə təmas xəttini keçməyə cəhd göstərdi. Bu hücumun qarşısını da ordumuz qətiyyətlə aldı və Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatları başlandı. Əks-hücum əməliyyatı Vətən müharibəsi kimi 44 gün davam etdi. Hələ müharibə başlanmazdan xeyli əvvəl və məlum Tovuz döyüşlərindən sonra Azərbaycan xalqı monolit birlik nümayiş etdirərək Ali Baş Komandana və ordusuna güclü dəstək verdi. İnsanlar kütləvi şəkildə səfərbərlik üçün müraciətlər edirdilər. Siyasi hakimiyyətlərində bir-birini əvəz edən erməni cəlladlarının və onların işğalçı ordusunun törətdiyini terror və cinayətlərdən, hətta tarixi Azərbaycan torpaqlarında etdikləri səfərlər, bu səfərlər zamanı rəqsləri ilə göstərdikləri nümayişkaranə “tamaşalar”lar Azərbaycan xalqının və ordusunun dolmuş səbr kasasını daşdırmaqdaydı. Uşaqdan böyüyə artıq hamı dərk edirdi ki, erməni işğalçıları nəinki sülh yolu ilə torpaqlarımızdan çıxmaq istəyir, əksinə cəbhəboyu ərazilərimizdə möhkəm istehkamlar qurur, maneələr yaradırdılar. Dəfələrlə Ali Baş Komandan yüksək tribunalardan bəyan etmişdir: “Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpaqlarından rədd olsun!”
Nəhayət, gözlənilən gün gəldi. Ali Baş Komandan 2020-ci ilin 27 sentyabrında Azərbaycan Ordusuna əks-hücum əmrini verdi. Uzun illər davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həlli üçün şans yarandı. Bir çox nüfuzlu beynəlxalq təşkilatların həll edə bilmədiyi, bəlkə də etmək istəmədiyi münaqişəni Azərbaycan ordusunun qətiyyəti həll etdi.
Döyüş başlanan andan xalqımızın ürəyi ordumuzla birgə vururdu. Bundan ruhlanan Azərbaycan əsgəri Ali Baş Komandanın döyüş əmrini ard-arda qələbələrlə davam etdirirdi. İlk andan ağır itkilərə məruz qalan düşmənin rəhbərliyi xarici havadarlarına müraciətlər edərək Azərbaycanın döyüşü dayandırmasını xahiş edirdi. Rusiyada humanitar atəşkəs haqqında sənəd imzalandı. Riyakar Ermənistan atəşkəsin ilk gecəsi Gəncəyə-dinc əhaliyə raket zərbəsi endirdi. Elə bu hadisə Ermənistanın işğalçı və terrorçu dövlət olmasını bir daha sübut etdi. Oktyabrın 3-də Suqovuşan, 4-də Cəbrayıl, 9-da Hadrut, 17-də Fizuli, 21-də Zəngilan, 25-də Qubadlı, noyabrın 8-də Şuşanın azad olunması ordumuzun böyük qələbəsi idi.
Ermənistanın xəyalında canlandırdığı “yenilməz ordusu” ordumuz tərəfindən darmadağın edildi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycanın ən böyük tarixi qələbəsini təsdiq edən tarixi gündür. Ordusu Azərbaycan Ordusu tərəfindən darmadağın edilən Ermənistan bu aktı imzalamaqdan başqa çıxış yolu tapmadı. Bu üçtərəfli bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyası oldu. Azərbaycan Prezidentinin döyüşlər başlayan ilk gündən dəfələrlə bəyan etdiyi fikrinə- Ermənistan qoşunu müəyyən zaman kəsiyində torpaqlarımızdan çıxarsa, Azərbaycan tərəfi döyüşü dərhal dayandırar- əməl etmədi. Lakin ordusunun Azərbaycan Ordusu tərəfindən əzilərək məhv olduğunu, darmadağın edildiyini görən Ermənistan rəhbərliyi nəhayət ki, kapitulyasiyaya məcburən imza atdı. Çünki düşmənin bundan başqa çıxış yolu qalmadı. Azərbaycan Ordusu hətta ən çətin relyeflərdə belə əzmlə döyüş aparır, düşmənin dərsini layiqincə verirdi. Qorxuya düşən düşmən ordusunun əsgər və zabitləri qaçaraq fəralilik edirdilər. Soyuq hava şəraitində sıldırım qayalıqlara dırmaşan, hətta küçə döyüşləri aparan igid döyüşçülərimiz irəliləyərək ən strateji yüksəklikləri və gözəl Şuşamızı noyabrın 8-də mənfur düşməndən azad etdi. Bundan sonra düşmən məğlubiyyətə uğradığına daha çox inanmağa başladı və təslim olmağa məcbur oldu. Beləliklə də, 15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda Laçın rayonları bir güllə atılmadan boşaldıldı. Bu, böyük ərazilərin azad edilməsində ordumuzun itki verməməsi üçün çox mühüm əhəmiyyətli bir qərar idi. Üçtərəfli Bəyanatda Dağlıq Qarabağın statusu haqqında heç bir fikir yoxdur. Nə statusdan, nə muxtariyyətdən, nə də mədəni muxtariyyətdən söhbət belə gedə bilməz. Bölgədə gələcək əməkdaşlıq formatında bizim üçün dost və qonşu ölkələr-Türkiyə və Rusiyanın əməkdaşlığı qeyd olunmalıdır. Naxçıvanın Azərbaycanla quru yolla əlaqəsi bu sənəddə təsdiq edilir. Nəhayət, Naxçıvanın 30 illik blokadasına son qoyulur, həm də türk dünyası ilə nəqliyyat, tranzit -rabitə əlaqələri bərpa olunur.
Vətən müharibəsi zamanı xalq, ordu, iqtidar birliyi və iradəsi bir daha sübut etdi ki, bu xalqın torpağına göz dikən hər kəsin aqibəti Ermənistan kimi olacaq. Müharibə zamanı Azərbaycan tərəfi torpaqlarımızda qanunsuz məskunlaşan mülki erməni əhalisinə bir güllə belə atmadı. Lakin, mənfur ermənilər döyüş bölgəsindən kənar Tərtər, Goranboy, Gəncə, Ağdam, Ağcabədi, Bərdə rayonlarında dinc əhalini iriçaplı mərmilərlə atəşə tutdu. İnsan tələfatı, dağıntılar törətdi. Bu ərazilərdə yaşayan insanlar yurd-yuvalarını tərk etmədi, əksinə möhkəm iradə nümayiş etdirərək ordumuza mənəvi dəstəyini göstərdi. Bu birlik, bu dəyanət xalqımızın nə qədər vətənpərvər olduğunu bir daha təsdiqlədi. 44 günlük müharibədə müzəffər ordumuzun 5 min kvadratkilometrdən artıq ərazisini işğaldan azad etməsi çox böyük tarixi zəfərdir. Bu zəfəri Azərbaycan əsgəri öz gücü və qəhrəmanlığı ilə tarixə yazdı. Onların göstərdiyi bu şücaət bir çox xarici hərbi ekspertlərin müzakirə mövzusuna çevrildi. Hamı qeyd edirdi ki, Azərbaycan Ordusu çox nizamla, müharibə qaydalarına uyğun, bir sözlə, XXI əsrin müharibəsini aparır. Şuşa döyüşləri isə bir çox ordularda nümunə kimi öyrədiləcəkdir. Bu uzun illər formalaşıb inkişaf etmiş, müasir güc və texnika toplamış rəşadətli Azərbaycan Ordusunun peşəkarlığının göstəricisi oldu. Ən başlıcası isə istər hərbiçilərimizin, istərsə də bütünlüklə xalqımızın vətənpərvərlik ruhunun yüksək səviyyədə olması idi. Döyüşlər zamanı yaralanıb hospitalda müalicə olunan əsgər həkiminə bildirir ki, “doktor, məni buraxın , döyüşə-yoldaşlarımın yanına qayıtmalıyam”. Azərbaycan Ali Baş Komandanın ətrafında birləşərək öz şirin canlarından keçməyə hazır olduqlarını bildirən igidlərimizin qeyrəti, vətənpərvərliyi, igidliyi kimi keyfiyyətləri idi yaralı əsgərin yenidən döyüş meydanına can atması. Vətən müharibəsi zamanı üç minə yaxın igidlərimiz canlarından keçərək şəhidlik zirvəsinə ucaldı. Canlarından keçməklə xalqın qəhrəmanlıq tarixini-böyük Zəfərini, azadlığını və bütövlüyünü canı ilə qazanıb, qanı ilə yazan şəhidlərimiz ölməzlik simvoluna çevrildilər. Onlar bu xalqı işıqlı sabaha aparan əbədiyaşar qəhrəmanlarımızdır. Bu xalq yaşadıqca onların yarımçıq qalan arzuları və xatirələri gələcək nəsillərin qəlbində və əməlində əbədi yaşayacaq. Eləcə də döyüşlərdə ağır yaralanan igid qazilərimiz böyük Zəfərimizin canlı tarixi olaraq gələcək nəsillərə örnək simvoluna çevrildilər. O möhtəşəm tarixi qələbədən bir il ötür. 27 sentyabr Anım günü kimi tariximizə daxil oldu. Xalqımız bu günü müqəddəs şəhidlərimizin ruhuna böyük ehtiramla, qürur hissi ilə yad etdi. 8 Noyabr isə tarixi Zəfər Günümüz olaraq 30 illik həsrətimizin son nidasıdır. Bu nida uzun illər Vətən həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlərin dogma yurd həsrətinə son qoydu. Ali Baş Komandanın “Dəmir yumruğ”unun ətrafında sıx birləşən xalqımız öz tarixi torpaqlarının sahibi oldu.
Artıq Azərbaycan Qafqazda yeni əməkdaşlıqları nəzərdə tutan böyük layihələrə başlayıb. Bölgədə liderliyini qoruyub saxlayan ölkəmiz 30 ilə yaxın bağlı qalmış nəqliyyat və komunikasiya xətlərini yeniləmək üçün çox böyük geosiyasi və infrastruktur layihələr həyata keçirməkdədir. Ali Baş Komandanın uzaqgörən siyasəti və taktikası nəticəsində artıq dünya ölkələri də Ermənistanı işğalçı dövlət kimi tanımaqdadır. Dalana dirənərək regionda böyük layihələrdən kənara qalan Ermənistan bundan sonra məğlub tərəf olaraq Azərbaycanın diktəsi ilə şərt və tələblərə razılaşmaq məcburiyyətində qalır.
Azad olunmuş torpaqların dirçəldilməsi, abadlıq, bərpa və quruculuq işlərinin başlanması biz məcburi köçkünlərdə və eləcə də bütün xalqda böyük fərəh və qürur hissi yaradır. Ali Baş Komandanın və respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın azad olunmuş torpaqlara səfərlərindən hər dəfə böyük qürur duyuruq. Artıq Qarabağa qayıdışın astanasındayıq. Bu günləri bizlərə yaşadan, tarixi torpaqlarımızı düşməndən təmizləyən Ali Baş Komandan cənab İlham Əliyevə, qəhrəman şəhidlərimizə və müzəffər Azərbaycan Ordusuna əbədi minnətdarıq. Otuz ildən sonra haqq mübarizəmiz qalib gəldi. Əbədi olsun!
Zəfərin mübarək, Azərbaycan!
Bəsirə Məmmədli,
Laçın rayon M.İsmayılov adına Cicimli kənd tam orta məktəbinin direktoru

