Ədalətin təntənəsi, insan hüquq və azadlığına göstərilən diqqətin parlaq təzahürü
Artıq icrasına başlanan “Zəfər” amnistiyası özündə bütün məqamları ehtiva edir
İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Ölkəmizdə insan amilinə verilən dəyər atılan hər addımda özünü qabarıq şəkildə büruzə verir. Cənab İlham Əliyevin 2003-cü ildə irəli sürdüyü və artıq reallığa çevrilən “Neft kapitalını insan kapitalına çevirək!” tezisi də bunun bariz nümunəsidir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin 17 iyun 2007-ci il tarixli Fərmanı ilə Ümummilli Lider tərəfindən 1998-ci ildə ölkəmizdə ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq Azərbaycanda Milli İnsan Hüquqları Günü kimi təsis edilməsi də deyilənlərin təsdiqidir. İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın qəbulu da insan amilinə diqqətin təzahürüdür. Həmçinin Milli Konstitusiyamızın qəbulundan ötən bu 26 ildə ali sənədə üç dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi də dövlətimizin yeniləşməyə, təkmilləşməyə nə qədər maraqlı olduğunu təsdiqləyir. Əlavə və dəyişikliklərin bir qismi insan hüquq və azalıqlarının yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə, bir qismi isə idarəçilik sistemində yeniləşməyə xidmət edir.
Onu da qeyd edək ki, ötən illər ərzində Azərbaycan insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir.
Əfv sərəncamları və amnistiya aktları dövlətin insan hüquq və azadlıqlarının qorunmasına diqqətinin ifadəsidir. Dövlət başçısı İlham Əliyevin əlamətdar hadisələr ərəfəsində əfv sərəncamları imzalaması da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan humanizm siyasətinin uğurla davam etdirilməsinin təsdiqidir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda həyata keçirdiyi humanizm siyasətinin vacib istiqamətlərindən biri cinayət törətmiş, cinayətini etiraf etmiş və peşman olmuş şəxslərə qarşı humanizm, onların əfv edilməsi, bağışlanması olub. Məhz bu siyasətin davamı nəticəsində 1995-2021-ci illər ərzində əvvəlcə ulu öndər Heydər Əliyev, sonra isə Prezident İlham Əliyev tərəfindən 67 əfv Fərman və sərəncamları qəbul edilib. Bunların nəticəsində 9 minə yaxın məhkum azadlığa buraxılıb. Hər bir insan ləyaqətlə və azad yaşamağa layiqdir. Amnistiya aktları, əfv sərəncamları bu yolda büdrəmiş insanlara yeni şans verməklə, onları cəmiyyətimizə qaytarmaqla onlara yenidən həyatın, azadlığın dəyərini dərk etməyə, öz səhvlərini anlayıb doğru yola qayıtmağa kömək edir. Ölkəmizdə mərhəmətlilik, geniş qəlblilik, xeyirxahlıq, bağışlamaq bacarığı ən ali və insani keyfiyyətlər kimi qiymətləndirilir.
“8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərarı deyilənlərin təsdiqidir. Qərarda Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin əzəli torpaqlarımız olan Qarabağı və Şərqi Zəngəzuru uzun sürən işğaldan azad etdiyi, 2020-ci il noyabrın 8-də Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olan Şuşa şəhərinin qəhrəman Azərbaycan övladlarının hədsiz Vətən sevgisi və şücaəti sayəsində düşmən əsarətindən azad edilməsinin müharibənin gedişində həlledici rol oynadığı 8 noyabr tarixinin, həmçinin uzun illər işğal altında olan torpaqlarımızın azad edilməsi üçün misilsiz səylər göstərmiş ümummilli lider Heydər Əliyevin vəsiyyətinin həyata keçirildiyi gün olduğu, Vətən müharibəsi dövründə yüksək əzm, möhkəm iradə, vahid amal ətrafında birləşmək, bütün gücünü və imkanlarını səfərbər etmək, əsgərinə, şəhid və qazilərinə sonsuz ehtiram kimi ali xüsusiyyətlərini nümayiş etdirmiş Azərbaycan xalqının özünəgüvən hissinin və qələbə ruhunun Zəfər Günü ilə daha da yüksəldiyi, ərazi bütövlüyümüzün təmin edilməsi ilə bərqərar olmuş ədalət və hüququn aliliyi ideallarının hər bir dövlət və cəmiyyət üçün əhəmiyyəti, humanizm ənənələrini davam etdirərək, cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, cəzadan azad olunacaq şəxslərin dövlətimizin rifahına və inkişafına öz töhfələrini verəcəyi önə çəkilərək Vətən müharibəsində qazanılmış tarixi Qələbənin birinci ildönümü ilə bağlı bu qələbənin memarı olan ölkə Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsün dəstəkləndiyi və 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiyanın elan edilməsi öz əksini tapıb.
Bu mühüm addım Azərbaycan dövlətinin növbəti humanist addımı kimi yüksək dəyərləndirilir. Bu sənədin hazırkı dövrün ən böyük amnistiya aktı olduğu və Zəfər Günü ərəfəsində bu amnistiyanın Azərbaycan cəmiyyətinin insan hüquqlarına, haqqa-ədalətə inamını daha da möhkəmləndirəcəyi bildirilir.
Artıq amnistiya aktının icrasına başlanılıb. Göründüyü kimi, bütün hallarda dövlət öz vətəndaşının yanındadır. Düşünürük ki, dövlətin bu humanist addımının şamil olunduğu məhkumlar bağışlanmalarından nəticə çıxaracaq, qalib ölkənin vətəndaşı olaraq Azərbaycanımızın qarşıdakı illərdə daha da qüdrətlənməsinə öz töhfələrini verməyə səy göstərəcəklər. Sənədin məhz Zəfərimizin ildönümü ilə bağlı olması ikiqat məsuliyyətdir. 30 ilə yaxın dövrün torpaq həsrətinə 44 gündə son qoyulması Azərbaycan xalqının yenilməzliyini, məğrurluğunu dünyaya nümayiş etdirdi. Qələbəmizi şərtləndirən amillər sırasında torpaq, Vətən sevgisi xüsusi qeyd edilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 7-8 noyabr tarixlərində Şuşaya səfəri zamanı hərbçilər qarşısında çıxışında Zəfərimizə gedən yolu, Azərbaycanın bu illər ərzində qazandığı uğurları təhlil edərkən bu məqamı xüsusi qeyd etmişdir ki, digər önəmli amil gənc nəslin tərbiyəsi ilə bağlı idi: “Çox yaxşı başa düşürdük ki, əgər bizim silahımız da, sursatımız da olsa, iqtisadiyyatımız da güclü olsa, beynəlxalq müstəvidə də uğur qazansaq, əgər bizim vətəndaşlar torpaq uğrunda, Vətən uğrunda öz gücünü göstərməsələr, qalan amillərin heç bir əhəmiyyəti olmayacaq. Tərbiyə işlərinə çox böyük fikir verərək gəncləri vətənpərvərlik ruhunda tərbiyə etdik. İmkan vermədik ki, işğalla bağlı olan tarix unudulsun. Qarabağı unutmadıq, əksinə, hər bir kürsüdən bu məsələ ilə bağlı istər ölkə daxilindəki tədbirlərdə, istər beynəlxalq tədbirlərdə daim bu mövzu birinci nömrəli mövzu idi.” Gənclərimiz vətənpərvərlik ruhunda yetişərək canlarını fəda edib öz qanları bahasına düşmənin əlindən müqəddəs torpaqlarımızı aldılar.
Dövlətin vətəndaşına diqqət və qayğısı hər addımda özünü qabarıq şəkildə büruzə verir. Vətəndaşın vəzifəsi üzərinə düşən borcu yerinə yetirmək, dövlətinin maraqlarını qorumaq, onun hərtərəfli inkişafına öz töhfəsini verməkdir. 44 günlük İkinci Qarabağ müharibəsi hakimiyyət-xalq birliyinin sarsılmazlığını bir daha sübut etdi. Prezidentinin ətrafında sıx birləşən xalqımız qürurludur. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub, ölkəmizin həyatında yeni mərhələ başlayıb. Bərpa və quruculuq işlərinin miqyasının genişliyi Böyük Qayıdışın qısa zamanda reallığa çevriləcəyini təsdiqləyir. Cənab İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işləri ilə bağlı irəli sürdüyü təşəbbüslərə, qəbul etdiyi qərarlara, imzalanan Fərman və sərəncamlara diqqət yetirdikdə yenə də əsas amilin vətəndaşa diqqət, vətəndaş məmnunluğunun artırılması, onların rahat yaşayışının təmin edilməsi olduğu açıq-aydın görünür. “Zəfər” amnistiyası kimi tariximizə yazılan növbəti humanist addım bütün məqamları özündə ehtiva edir. Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüs əsasında Milli Məclisin qəbul etdiyi amnistiya aktının əhatə dairəsinin genişliyi bir tərəfdən Azərbaycanın tarixi Zəfərinin ildönümünə təsadüf etməsi ilə bağlıdırsa, digər tərəfdən, insan hüquq və azadlıqlarının, vətəndaşların daha layiqli həyat səviyyəsinin təmin olunması dövlət siyasətinin əsası olduğunu təsdiqləyir. Bu humanist addım ümumilikdə 16 mindən çox şəxsə şamil edilir.

