Cəbhədən Xəbər 

Əbədiyyət işığıdır bu Zəfərin işığı!

(dördüncü reportaj)

Qubadlının yaranışından dağa söykənən Xəndək kəndi görünür. Adama elə gəlir ki, bərk yel bərkisə, dağ kəndin üstünə uçacaq. Dağ uçmaz, dağın kökü çox dərindədi. Dağ ona görə dağdı, ona görə dara düşən dağı arxa-dayaq bilir; qaçaqlar ona görə dağa dağ qardaşım deyirdi.

Xəndək kəndinin söykəndiyi dağın duruşundan nə göz doyur, nə də könül (Məmməd İlqar deyərdi: Nə bir könül doyur, nə göz əl çəkir…).  “Kim deyir ki, daşdı bu dağ, Xəndəyə qardaşdı bu dağ…” – pıçıldayıram. Kaş pıçıltımı dağ-pələng də eşidəydi Rəmzin (dağ-pələng) yozumu Azıxdadı, Qobustandadı…

Həkəri görünür. Mənbələr deyir ki, Həkəri başlanğıcını Mıxtökən silsiləsinin cənub yamacından, Şiştəpə zirvəsindən alan Şəlvəçay və Hocazsuçay çaylarının qovuşmasından əmələ gəlib. “Həkəri 345 gündü belə duru axır”,  – düşünürəm.

Dibçəyi həmişə çiçəklərə zindan bilmişəm…

Qubadlının Muğanlı kəndində bir görüntü məni varımdan yox eləyir: evin damı sökülüb, qapı-pəncərəsi aparılıb, divarları xeyli daş töküb. Hansı dəlisov rüzgarın hökmüdü görəsən? – evin içində bir ağac bitib, göyərib, böyüyüb, divardan hündür olub.

Göy üzünə baxıram. Uçaraqda bircə quş da görünmür. Görəsən, bu kəndlərin quşları yuvasını tapa bilməyəndə  təzə yuvamı qurub?

Evin yan-yörəsində ağac yoxdu, quruyubmu, kəsilibmi? – ağacsız həyət laylasız beşiyin eynidi. İllərdi ağacsız, beşiksiz, laylasız, tırınqısız, qımqımasız qalmış evlərin səssiz fəryadı eşidilməyib…

Yol boyunca İranın kəndləri görünür. Görünənlərin də, görünməyənlərin də hamısının damı, qapı-pəncərəsi yerindədi. Görəsən, o kəndlərdən buralar görünürmü? Görünürsə necə görünür? Görənlər nə düşünür?..

Qubadlının Mahmudlu kəndi…

345 gün əvvəl buralarda döyüşlər gedirdi. Onda hamı kimi mənim də ürəyim buralardaydı, indi ürəyim də burdadı, özüm də burdayam. Yaralanmış torpaq görürəm, sinəsinə dağlar çəkilmiş kəndlər görürəm, mərmi qəlpələri dəymiş daşlar görürəm, uçurulmuş evlər görürəm…

Yoldan beş-altı addım sağda Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidovun portreti çəkir diqqətimizi. 2016-cı ilin aprelin 6-da Lələtəpədə əlini sıxdığım, təbəssümünü təbəssümümə örtük elədiyim polkovnikin dedikləri bizi duyğulandırmışdı: Aprel döyüşləri böyük Qələbəmizin başlanğıcıdı. Məni Şuşa işğaldan azad ediləndə təbrik edərsiniz.

–Bir də Qubadlı azad ediləndə. Onda həm də sizdən bir müsahibə xahiş edəcəm, – demişdim. Razılıqla gülümsünmüşdü. Əsgərlərə baxmışdı. Şəhid polkovnikin baxışlarında Lələtəpədə gördüyüm baxışların eynini görürəm burda, Qubadlıda, Mahmudlunun yaxınlığında. Bu baxışlar yüz illərlə, min illərlə bir mətləbin carçısı olacaq: Sevin Vətəni! Qoruyun Vətəni!

Sonralar hər görüşdə Lələtəpəni, Lələtəpədəki söhbətimizi xatırlayırdıq. Bu xatırlama qürur idi, bir də xatırlanılan günün səhərlərinə inam. Qəhrəman inanırdı ki, əhdimizin gerçəkləşəcəyi günə az qalıb. Polkovnikin qaşları çatılardı, baxışları uzaqlara dikilərdi, o uzaqlıqların  ünvanı Cıdır düzü olardı, Şuşa olardı, Qubadlı olardı, Qubadlının Armudluq kəndi olardı, Ağdam olardı, Cəbrayıl olardı, Zəngilan olardı, Kəlbəcər olardı. Bu anlar bəlkə də ömrünün ən gərgin anları olardı. Bu anların gərginliyi Armudluqun işğalıyla yaşıdıydı.

Komandiri polkovnik Şükür Həmidov olan hərbi qüvvələr Qubadlı uğrunda döyüşürdü.

Döyüşçülərimiz Mahmudlu kəndində mühüm təpənin alınması uğrunda hücuma keçəcəkdi. Döyüş ərəfəsiydi. Həmin təpə işğaldan qurtarsaydı digər ərazilərə də nəzarət mümkün olacaqdı.

Oktyabrın 24-ü idi.

Qəflətən düşmən bu ərazini artilleriya atəşinə tutdu. Mərmi qəlpələri  Şükür Həmidovu da haqladı, Milli Qəhrəman şəhid oldu…

Polkovnik Şükür Həmidov qəhrəman idi. 2016-cı ilin Aprel döyüşlərindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü. 2020-ci ilin oktyabrın 22-də Qubadlının işğaldan azad edilməsi uğrunda döyüşlər başladı. Ağır məğlubiyyətlər düşmənin döyüş ruhunu çilikləmişdi. Düşmən geri çəkilirdi, geri çəkilə-çəkilə döyüşdən çəkinirdi. Yüzlərlə muzdlu, hərbi qulluqçu döyüşlərdən yayınmışdı, yayınırdı…

Polkovnik Şükür Həmidov da döyüşləri idarə edən zabitlərdən biri kimi döyüşənlərin sırasındaydı; döyüşürdü Şükür Həmidov, döyüşçüydü, polkovnik kimi döyüşürdü, Qəhrəman kimi döyüşürdü, döyüşənlərin özünün də, ruhunun da komandiri kimi döyüşürdü, … Mahmudlu Armudluq kəndinin yaxasında – doğulduğu kəndin yolları ayaqlarına yapışanda mərmi qəlpəsindən şəhid oldu.

Polkovnik Şükür Həmidovun şəhidliyindən üç gün sonra Qubadlı işğaldan azad ediləndə ruhu göy üzündən əl eləyib döyüşçülərə. Mayor Faiq Mehdiyev fikrimi bəyənir…

Bir azdan əsgərlərin əhatəsindəydik. Onlar da şəhid polkovnik Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovu ehtiramla xatırladılar…

Rəşid Faxralı

Daha çox xəbərlər