Sosial 

Bərpa-quruculuq işləri davam etdirilir, Zəngəzur dəhlizi reallaşır

«Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də göstərilən, möhkəm iqtisadi təmələ əsaslanan vəzifələrin yerinə yetirilməsinə başlanılmasıdır

İlk dəfə Prezident kimi and içəndə Azərbaycan xalqına torpaqlarımızı düşmənin əlindən alacağı vədini verən dövlət başçımız, Ali Baş Komandan İlham Əliyev sözünün sahibi oldu. Artıq statusu ləğv olunan «Dağlıq Qarabağ münaqişəsi»nin həlli ilə Ermənistan və onun havadarlarının torpaqlarımızı əbədi işğal altında saxlamaq niyyətləri puç oldu. Ermənistan üzərində Zəfərimizin ilk ildönümünün təntənə ilə qeyd olunması, Prezident, Ali Baş Komandan İlham Əliyevin Şuşada hərbçilərlə görüşündə söylədiyi «İkinci Qarabağ müharibəsi şanlı tariximizin parlaq səhifəsidir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib bu şanlı missiyanı yerinə yetirmişdir. Mən işğal dövründə dəfələrlə deyirdim ki, hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə, öz əməli ilə yaxınlaşdırmalıdır. Mən demişdim ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və biz işğala son qoymaq üçün bütün gücümüzü səfərbər edib bir nöqtəyə vuraraq düşməni tarixi torpaqlarımızdan qovduq» sözlərində bütün Azərbaycan xalqının sevinci ifadə olunur. Düşməni doğma torpaqlarımızdan qovaraq tarixi Zəfəri ilə insanların 30 illik torpaq həsrətinə son qoyan Azərbaycan Ordusu dünyanın hərb tarixinə yeni səhifələr yazdı.

Xalqımızın böyüklüyünü müharibə dövründə və müharibədən sonrakı dövrdə görən beynəlxalq ictimaiyyət qısa müddətdə həyata keçirilən quruculuq işlərini möcüzə adlandırır.

Dövlət başçımızın «Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq. Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir. Bizim yumruğumuz yerindədir» sözlərinin təsdiqi «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də göstərilən, möhkəm iqtisadi təmələ əsaslanan vəzifələrin artıq yerinə yetirilməsinə başlanılmasıdır.

Cənubi Qafqazın lider ölkəsi adını bölgədə sabitliyin qorunması naminə apardığı siyasətlə doğruldan Azərbaycanın yaratdığı yeni reallıqlar hadisələrə daha mükəmməl yanaşma tələb edir. Qarşıdakı 10 il üçün nəzərdə tutulan quruculuq – abadlıq işlərinin dəqiq ünvanı, məqsəd və məramı, həlli istiqaməti artıq bəllidir. İşğaldan azad edilmiş ərazilərin bərpası, erməni vandalları tərəfindən dağıdılmış yaşayış məskənlərinin müasir şəhərsalma arxitekturasına uyğun görkəmə salınması, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaqla yeni layihələrin reallaşması üçün səmərəli istifadə Azərbaycanın prioritetlərindəndir.

2030-cu ilədək görüləcək işlərin xronologiyasını əks etdirən Milli Prioritetlərdə postmüharibə dövrünün quruculuq və abadlıq işlərinə də diqqət artırılıb. Qələbəmizdən qısa müddət keçməsinə baxmayaraq işğaldan azad olunan ərazilərdə yol, nəqliyyat infrastrukturu yenilənir, ən vacib sahələrdə quruculuq işləri aparılır. Doğma torpaqlarından köçkün düşən insanların evlərinə qayıdışının mərhələli həlli üçün tədbirlər müəyyənləşdirilir. Erməni vəhşiləri tərəfindən dağıdılmış, viran qoyulmuş evlərin, meşələrin bərpası, tarixi abidələrin yenisi ilə əvəz olunması, «yaşıl enerji», «ağıllı kənd», «ağıllı şəhər» layihələrinin uğurla başa çatdırmaq Azərbaycanın qarşısında dayanan başlıca hədəf olmaqla milli yüksəlişin müasir «yol xəritəsi»dir. Bu yüksəlişin ilk addımları Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə, xüsusilə Şuşaya, Laçına, Kəlbəcərə səfərləri zamanı atılıb. Səfərlər çərçivəsində insanlarla görüşən, prioritetləri açıqlayan Prezident İlham Əliyevin proqnozları kəmiyyətə deyil, keyfiyyət göstəricilərinə əsaslanır. İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrin yenilənməsi, Zəfər yolunun istifadəyə verilməsi, müxtəlif bölgələrdə elektrik stansiyalarının bərpası və inşa olunması, su təsərrüfatı sistemlərinin yenilənməsi ilk addımlar olsa da, geniş quruculuq işləri üçün təməldir.

Şuşada «Xarıbülbül» festivalının keçirilməsi, ermənilər tərəfindən dağıdılmış Azərbaycanın tanınmış şəxsiyyətləri olan Üzeyir Hacıbəylinin, Bülbülün, Molla Pənah Vaqifin, Xan qızı Natəvanın büstlərinin, «Natəvan bulağı»nın bərpası , Vaqif Poeziya Günlərinin keçirilməsi, dini abidələrdə təmir-bərpa işlərinin sürətlənməsi, «Xarıbülbül», «Qarabağ»” otellərinin istifadəyə verilməsi, Füzuli Beynəlxalq Hava Limanının açılışı, «Qarabağ» adlı təyyarənin Qarabağ səmasında görünməsi, Laçın kimi yüksək dağlıq ərazidə yeni aeroportun təməlinin qoyulması qısa müddətdə görülən işlərin bir hissəsidir.

«Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında» Fərmanı imzalamaqla tarixi Zəfərimizdən sonra bölgədə yaranan reallıqların mühüm hədəflərini dəqiq müəyyənləşdirən Prezident İlham Əliyev konkret olaraq Qərbi və Şərqi Zəngəzur coğrafi adını siyasi leksikona daxil etdi. Prezidentin Fərmanına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması siyasi, iqtisadi baxımdan daha önəmli olmaqla dövlət başçısı İlham Əliyevin siyasi iradəsinin təcəssümüdür. «Müharibənin nəticələrindən biri də əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır» söyləyən Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən yaradılacaq iqtisadi zonalar tarixi nailiyyətin daha bir inikasıdır. Zəfər Gününün ildönümündə Türkiyə və Azərbaycan Prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə Zəngəzur dəhlizinin təməlinin qoyulması daha bir tarixi hadisə kimi yaddaşlarda qaldı. «Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq? Hesab edirəm ki, vaxtı gələndə biz bunu da edəcəyik» sözləri son günlərdə sərhəddə təxribatlar törədənlərə xəbərdarlıqdır.

Zəngəzur dəhlizi tam bərpa olunduqdan sonra Naxçıvan dəmir yolu fəaliyyətini davam etdirəcək: «Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur» söyləyən Prezident İlham Əliyev yeni reallıqların müəllifi olduğunu dünya siyasətinə təsir gücünə malik sağlam düşüncəsi, qlobal təşəbbüsləri, qətiyyəti, siyasi iradəsi ilə təsdiqlədi.

Ülviyyə Əskərova

Daha çox xəbərlər