Siyasət 

Üç bəyanatın ortaq hədəfi

Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı keçirilib. Təşkilatın fəal üzvü olan Azərbaycan İƏT-in Tədqiqat Mərkəzinin səmərəli fəaliyyəti üçün gərəkli dəstəyi öz öhdəsinə götürüb.

Politoloq İlyas Hüseynov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, İƏT-in Aşqabadda keçirilən XV Zirvə Toplantısında mühüm qərarlar qəbul olunub. “Təşkilatın siyasi əhəmiyyətinə gəlincə qeyd edə bilərik ki, hökumətlərarası regional təşkilat olan İƏT əsas etibarilə üzv dövlətlərin, bütövlükdə bölgənin davamlı iqtisadi inkişafına töhfə vermək iqtiqamətində yaradılmışdır. 1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən regional inkişaf üçün əməkdaşlıq formatı kimi yaradılan təşkilat 1985-ci ildə “Soyuq müharibə”nin sona çatması, SSRİ-nin süqutu fonunda İƏT olaraq yenidən təsis olunmuşdur. Hazırda İƏT-in 10 üzv ölkəsi var.  Katibliyi Tehranda yerləşən təşkilatda keçirilən görüşlərdə Şərq-Qərb, Şimal-Cənub  nəqliyyat dəhlizləri məsələsinə diqqət çəkilib və bu xüsusda Zəngəzur dəhlizinin əhəmiyyəti vurğulanıb. Zəngəzur dəhlizinin istifadəyə verilməsi bölgədə sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcək. Bu dəhlizin istifadəyə verilməsi ölkəmizin nəqliyyat və logistika mərkəzi kimi əhəmiyyətini artıracaq.

Hesab edirəm ki, Azərbaycan həqiqətlərinin, postmünaqişə dövrünün reallıqlarının təbliğ edilməsi baxımından İƏT olduqca  önəmli bir platformadır.”

Politoloq qeyd edib ki, 10 noyabr, 11 yanvar və 26 noyabr tarixlərində imzalanmış üçtərəfli birgə bəyanatlar arasında ümumi bir  əlaqə var. Hər üç Bəyanatda əsas məsələ nəqliyyat və kommunikasiya xətlərinin açılması və bu prosesin dəhliz prinsipi əsasında həyata keçirilməsinin nəzərdə tutulmasıdır.

Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova da  mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında vurğulayıb ki,  Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq münasibətlərini uğurla davam etdirir. “Rəsmi Bakı hər zaman İƏT-ə üzv dövlətlərlə qarşılıqlı dostluq və konstruktiv əməkdaşlıq prinsipləri çərçivəsində münasibətlərin qorunub saxlanmasına xidmət edən siyasət yürüdüb. Birmənalı olaraq qeyd etməliyik ki, Azərbaycan hər zaman açıq şəkildə əməkdaşlığa müsbət prizmadan yanaşdığını nümayiş etdirib. Son illər ərzində Azərbaycan iqtisadiyyatının sürətli inkişafı beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirlir. Son 18 il ərzində ölkədə ümumdaxili məhsul üç dəfə artmışdır. Əbəs yerə bu gün Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında  28-ci olaraq öz yerini almayıb. Bu gün etiraf etmək lazımdır ki, Azərbaycan investisiya yatırımı üçün maraq kəsb edən dövlətlərdən biridir. 15 il bundan öncə təsəvvür edə bilməzdik ki, bu gün  Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırıla bilər. Yatırılan sərmayələrin isə yarıdan  çoxu xarici investorların payına düşür. Azərbaycanın strateji valyuta ehtiyatlarının xarici dövlət borcundan 6 dəfə çox olması həqiqətən də böyük uğurdur.”

Prezident İlham Əliyevin rəhbərliyi ilə   30 ilə yaxın müddət ərzində erməni işğalı altında  olan  ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə start verildiyini diqqətə çatdıran Ə.Kazımova bildirib ki,  artıq Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. “Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası elan edilmişdir. Soçidə keçirilən üçtərəfli görüşdən sonra bir daha əminliklə deyə bilərik ki, Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Bu isə birmənalı olaraq,  regionun yeni nəqliyyat infrastrukturunun Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcəyindən xəbər verir. İƏT-ə üzv ölkələr də bu dəhlizdən səmərəli şəkildə  istifadə edəcəklər”.

Daha çox xəbərlər