Sosial 

Sosial şəbəkənin ünsiyyət illuziyası: Niyə virtual dünyanın əsirinə çevrilirik?

Mütəxəssis: Sosial şəbəkələrdən məqsədsiz istifadə edən insanlar arasında asılılıq ehtimalı daha yüksəkdir

Bu gün sosial şəbəkələr artıq həyatımızın ayrılmaz bir parçasına çevrilib desək, yanılmarıq. Statistik göstəricilərə görə, dünyada aktiv sosial şəbəkə istifadəçilərinin sayı 2015-ci ildə 2,08 milyarddan 2020-ci ildə 3,8 milyard nəfərə çatıb və bu tendensiya yüksələn xətlə artmaqdadır.  Araşdırmalar onu deməyə əsas verir, gündə orta hesabla iki saatımızı sosial şəbəkədə keçiririk. Mütəxəssislər hesab edir ki, xüsusilə pandemiya dövrünün şərtləri insanları internetə, sosial şəbəkələrə istiqamətləndirir.

Hər bir sahədə olduğu kimi, sosial şəbəkələrdən istifadəyə münasibətdə də fikirlər müxtəlifdir. Bir qisim sosial şəbəkələrin üstünlüyü kimi sosiallaşmaq, dünyanın müxtəlif yerlərində olan insanlarla ünsiyyət yaratmaq, fikir bildirmək və qarşılığında cavab almaq, ictimai həyatda baş verən aktual məsələlər ətrafında müxtəlif sorğular təşkil etmək, canlı yayım vasitəsilə iclaslar, müzakirələr keçirmək, olduğun yer haqqında məlumatları dostlarınla audiovizual şəkildə paylaşmaq və digər müsbət xüsusiyyətləri qeyd edirlər. Digərləri isə düşünürlər ki, sosial şəbəkələr insanların internetdən asılılığını artırır, mənəvi dəyərləri məhv edir, real həyatdan uzaqlaşdırır.

Bəs sosial şəbəkə ehtiyacının yaranma səbəbi nədir? Sosial şəbəkələrdən necə istifadə etdikdə sonda asılılıq yaranır? Bu “tələyə” düşənlər xilas olmaq üçün nələr etməlidirlər?

Mütəxəssislərlə söhbətimizdə bu suallarımıza cavab tapmağa çalışdıq.

İnsanlar özləri də fərqində olmadan zamanlarının böyük hissəsini sosial şəbəkələrdə keçirirlər

Sosial Tədqiqatlar Mərkəzinin departament müdiri, sosioloq Ayşəm  Balayeva məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, insanların internetə əlçatanlığının artması, smartfonların istifadəsinin geniş yayılması sosial şəbəkədən istifadə imkanlarını da artırır: “Sosial şəbəkə üzərindən qarşılıqlı münasibətlər üzbəüz qarşılıqlı əlaqədən daha çox yayıldıqca, sosial şəbəkə fərdlərin həyat tərzinə, ünsiyyətinə, dilinə, maraqlarına və əhval-ruhiyyəsinə böyük təsir göstərməyə başlayıb. Sosial şəbəkədən asılılığın fərqli səbəbləri ola bilər. İnsanların daha çox məlumat əldə etmək istəyi nəticədə onların sosial media asılılığına gətirib çıxarır. Nəzərə alsaq ki, bir insanın bir neçə sosial şəbəkə platformasında hesabının olması onun davamlı olaraq həmin hesabları kontrol etməsinə, orada müəyyən paylaşımlar etməsinə və digərlərinin paylaşımlarını izləməsinə səbəb olur. Nəticə etibarilə insanlar özləri də fərqində olmadan günlərinin böyük bir hissəsini sosial şəbəkələrdə keçirirlər.”

Sosial şəbəkə istifadəçiləri arasında kişilər qadınlarla müqayisədə üstünlük təşkil edir

Sosioloqun sözlərinə görə, ümumiyyətlə informasiya kommunikasiya texnologiyalarından istifadə edənlər arasında gənclər yaşlılarla müqayisədə üstünlük təşkil edirlər: “Aparılan tədqiqatların nəticələri də təsdiqləyir ki, sosial şəbəkədən kənd yerləri ilə müqayisədə şəhərlərdə yaşayanlar daha çox  istifadə edirlər. Həmçinin ölkəmizdə sosial şəbəkə istifadəçiləri arasında kişilər qadınlarla müqayisədə üstünlük təşkil edirlər. Deməli, sosial şəbəkədən daha çox istifadə edən bu qruplar arasında asılılığın olması ehtimalı yüksəkdir. Gənclər əsasən əyləncə, ünsiyyət və gündəmi izləmək, özlərini təqdim etmək və məlumatlara çatmaq üçün sosial şəbəkələrdən istifadə edirlər. Bu isə nəticə etibarilə onların sosial şəbəkə asılılığına gətirib çıxarır.”

“Sosial şəbəkə asılılığı xəstəlikdirmi” sualına isə həmsöhbətimizin cavabı belə oldu: “Son zamanlar daha geniş yayılan sosial şəbəkə platformaları hamımızın həyatını müəyyən mənada zəbt edib. Həyatımıza dərindən təsir edən bu vəziyyət artıq bir xəstəliyə çevrilib. Bu xəstəliyin adı “FOMO” kimi də tanınır. “FOMO” xəstəliyi, yeni, müəyyən edilmiş sosial şəbəkə asılılığı xəstəliyidir. Bu xəstəlik başqa bir işlə məşğul olarkən dostluqdakı adamların sosial şəbəkədə nə etdiklərinin fərqində olmaq istəyi qarşısında müqavimət göstərə bilməyib, bu insanları daim izləmək istəyi ilə xarakterizə olunur. Bu xəstələr sosial şəbəkəyə daxil ola bilməyəndə virtual aləmdə baş verən hadisələri qaçırmaq qorxusundan narahat və əsəbi olurlar. Amerika Psixiatriya Dərnəyinin sosial şəbəkədən istifadə edən 11-55 yaş arası 1200 insan üzərində apardığı araşdırmanın nəticələrinə görə, tədqiqata qatılanların 40%-i nəyisə qaçırmaq düşüncəsi ilə sosial şəbəkə ilə daim təmasda olur və bu əlaqə sosial şəbəkə platformalarında yeni mesajlar göndərmək, mesajlara şərh vermək, yerini bildirmək, şəkil və ya video paylaşma şəklində təqdim etməsi ilə müəyyən edilmişdir. Ümumiyyətlə, “FOMO” xəstələri, yazılarının başqa insanlar tərəfindən bəyənilməsini istəyən, sosial şəbəkədə  digər insanların nə etdikləri, hara getdikləri, nə yeyib-içdikləri kimi təfərrüatlara marağı yüksək olan insanlardır. Bir insanda “FOMO” xəstəliyinin olduğunu deyə bilmək üçün müvafiq kriteriyalardan ən az 3-nün olması kifayətdir: Sosial şəbəkə platformalarına daxil olmadıqda yaranan gərginlik/narahatlıq hissi; Sosial şəbəkə platformalarında kimin kiminlə əlaqə saxladığı və nə dərəcədə paylaşımlarının davamlı monitorinqi; Sosial şəbəkə platformalarına girə bilmədiyi dövrdə geriyə gedərək bütün yazıları öyrənmə səyi; Sosial şəbəkə platformalarına daxil olarkən geriyə doğru getdikdən sonra daha əvvəl gördüyü mesajı görüncə gərginlik hissinin azalması yəni “Nomofobik olma”, başqa sözlə “Telefonsuzluk fobiyası”.

İnsanların özlərinə sosial şəbəkədən istifadə ilə bağlı bəlli qaydalar qoymalıdır

A.Balayeva vurğuladı ki, sosial şəbəkə asılılığı insanların digər işlərinin zamanında çatdırılmamasına, səhhətlərinə, real ünsiyyətlərinə təsir edir: “Bunun üçün insanların özlərinə sosial şəbəkədən istifadə ilə bağlı bəlli qaydalar qoyması ən effektiv üsuldur. Buna misal kimi bir neçə üsulu göstərmək olar. Sosial şəbəkəni kontrol etmək üçün gündə bəlli vaxtın ayrılması və bu vaxtın insanın bütün işlərini, məsuliyyətlərini yerinə yetirdikdən sonrakı bir saat ərzində həyata keçirməsi daha məqsədəuyğundur. Sosial şəbəkə hesablarından bildirişlərin götürülməsi amilini də qeyd etmək olar. Beləliklə, sosial şəbəkədə baş verən yeniliklərlə bağlı insana xəbərdarlıq gəlmədikcə paylaşımlar ona daha az cəlbedici gələcək. Çünki o, yeniliklərdən baş verdiyi anda xəbərdar olmayacaq və beləliklə, diqqəti daha az dağılacaq. İnsanların telefonda daha çox vaxt keçirdikləri zaman gecə saatlarıdır. Yaxşı olardı ki, bu saatlarda cihazı başqa otaqda qoysunlar və ya insternet bağlantısını dayandırsınlar. Eynilə də sosial şəbəkə ilə günə başlamamaq. Sosial şəbəkəni izələməklə günə başlamaq başqalarının sizin həyatınızda həmin gün edəcəklərinizə qərar verməsinə səbəb olur. Digər tərəfdən virtual ünsiyyətdənsə, canlı ünsiyyətə üstünlük verməliyik. Dostlar, ailə üzvləri ilə görüşlərə, söhbətlərə daha çox zaman ayrılmalıdır. Həmçinin, canlı görüşlərdə sosial şəbəkələrdən istifadə etməməyə çalışmaq lazımdır.”

İstifadəçilər anlamalıdırlar ki, asılılığın yaratdığı nəticələr ciddi fəsadlarla nəticələnə bilər

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva mövzu ilə bağlı “İki sahil”ə  fikirlərini bölüşərkən  bildirdi ki, sosial şəbəkə bizlərə bir çox üstünlüklər təqdim edir, lakin hər sahədə olduğu kimi sosial şəbəkədən də normadan çox istifadə etdikdə bir sıra fiziki və psixoloji fəsadlar yaranır. Bu, zaman keçdikcə asılılığa çevilir. Sosial şəbəkələrdən asılılığını konkret müəyyən edə biləcək  qaydalar olmasa da, ən çox qarşılaşa biləcəyimiz bəzi məqamları diqqətinizə çatdırmaq istərdim: “Asılılıq olan şəxslər sosial şəbəkələrdə keçirdiyi vaxta nəzarəti itirirlər, bəzən fasiləsiz şəkildə saatlarla vaxtlarını burada xərcləyirlər.  Bununla yanaşı, həmin insanlarda digər fəaliyyətlər üçün ayrılan zaman azalır, iş, təhsil və digər fəaliyyətlər arxa plana keçir. Sosial şəbəkələrin yaratdığı asılılıq nəticəsində həmin şəxslər real həyatdakı dost-tanışlar və mövzular əvəzinə virtual münasibətlərə üstünlük verirlər. Belə istifadəçilər özlərində davamlı şəkildə sosial şəbəkələrdə vaxt keçirmək ehtiyacı hiss edirlər. Mütəmadi sosial şəbəkələrdən istifadə edən şəxslərdə zaman keçdikcə aqressivlik, stress, yuxu və qida rejimimin pozulması, depressiya halları müşahidə olunur. Onlar özləri də bilmədən həm özlərinə, həm də başqalarına qarşı xoşagəlməz rəftar edirlər. Bir qrup saxta profil istifadəçiləri tərəfindən bəzi şəxslərin şantaj edilməsi, onlara hədə-qorxu, təhqiredici mesajların göndərilməsi nəticəsində həmin insanlarda psixoloji narahatlıqlar yaranır. Bunun qarşısı vaxtında alınmadıqda sonu heç də xoş olmayan hallarla nəticələnir. Heç kimlə dərdini paylaşmayan, depressiv və tək qalmağa meyil göstərən bu insanlar daha sonra özlərinə ziyan vurur, hətta sonu ölümlə nəticələnən intihara əl atırlar.

Bəzi şəxslərin real həyatda özünü sübut edə bilməməsi onlar üçün sosial dünyanı ehtiyaca çevirir

T.Paşayeva vurğuladı ki, digər yaş qrupları ilə müqayisədə yeniyetmə və gənclər arasında sosial şəbəkələrdən istifadə faizi daha yüksəkdir. Bu vəziyyət bir tərəfdən sosial şəbəkələrin son illərdə ortaya çıxması və yayılması ilə bağlıdır. Ona görə də orta və yaşlı insanlar daha çox ənənəvi mediaya və ünsiyyət formalarına üstünlük veririlər.  Amma brada psixoloji məqamlar da əhəmiyyətli çəkiyə malikdir. Bəzi şəxslərin real həyatda özünü sübut edə bilməməsi və bunu sosial şəbəkə platformalarında isbat etmək istəyi onlar üçün sosial dünyanı ehtiyaca çevirir. “İnstagram“, “Facebook“, “TikTok“ və digər sosial şəbəkələrdə zamanını keçirən şəxslərin ”qazandıqları” bəyənmə, paylaşım və müsbət rəylər sayəsində özünəinamı artdığı kimi, mənfi rəy və xoşagəlməz mesajlar psixoloji problemlərə yol aça bilir.

Müsahibimiz istifadəçilərə sosial şəbəkənin aludəçisi olmamaqla bağlı çağırışlar etdi: “Fiziki və psixoloji fəsadlarla üzləşməmək üçün vaxtımızı sosial şəbəkə platformalarında daha az və faydalı şəkildə keçirməli, yemək, gəzinti zamanı, eləcə də kitab oxuyarkən və digər faydalı fəaliyyətlərlə məşğul olarkən mobil telefonu kənara qoyaraq, diqqətin yayınmasına imkan verməməli, hər hansı bir çətinliklə üzləşdikdə bunları gizlətməməli, ailəmiz, yaxınlarımızla bölüşməli, ehtiyac olarsa mütəxəssislərə müraciət etməliyik.”

Daha çox xəbərlər