“Şahdəniz”də paylar niyə dəyişdi – ekspert təhlili və rəsmi açıqlama
Azərbaycanın ən böyük qaz yatağı olan “Şahdəniz” yatağının işlənməsi layihəsində pay bölgüsü yenidən dəyişib. Layihənin operatoru olan BP şirkəti və SOCAR layihədəki paylarını artırıblar.
Bu barədə hər iki şirkətin ayrılıqda yaydığı məlumatdan aydın olur ki, BP özünün əməliyyatçısı olduğu “Şahdəniz” yatağı üzrə Malayziyanın “Petronas” şirkətindən 1,16 faiz iştirak payını 168 milyon dollar məbləğinə almaq haqqında razılığa gəlib. Bu məbləğ “Petronas” tərəfindən öncə elan edilmiş “Şahdəniz” üzrə sövdələşmənin eyni kommersiya şərtləri əsasında razılaşdırılıb. Nəticədə BP-nin “Şahdəniz”dəki ümumi iştirak payı 29,99 faiz təşkil edəcək və şirkət yatağın operatoru olaraq qalacaq.
SOCAR isə “Petronas”a məxsus olan 4,35 faizlik iştirak payını alıb. Bununla da SOCAR-ın “Şahdəniz”də birbaşa iştirak payı 14,35 faizə yüksəlib. Bu şərtlər nəzərə alınmaqla müvafiq sazişin 2022-ci ilin yanvar ayında qüvvəyə minməsi gözlənilir. Bundan əlavə, səhmlərinin 51 faizi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və 49 faizi SOCAR-a məxsus Cənub Qaz Dəhlizi Qapalı Səhmdar Cəmiyyəti də “Şahdəniz” layihəsində 6,67 faiz paya malikdir.
“Şahdəniz” layihəsi üzrə tərəfdaş şirkətlərin iştirak paylarındakı dəyişikliklər Cənub Qaz Dəhlizinin seqmentlərindən biri olan Cənubi Qafqaz Boru Kəmərində şirkətlərin səhm paylarının bölgüsünə də aid edilib və müvafiq şirkətlərin kəmər üzrə iştirak paylarında da eyni nisbətdə dəyişikliklər təsbit olunub.
Xatırladaq ki, cari ilin oktyabr ayında “Petronas” şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağında 15,5 faizlik payının satışı ilə bağlı təklifini bütün layihə iştirakçılarına təqdim edib. Ardınca Rusiyanın “Lukoyl” şirkəti “Petronas”ın layihədəki bütün payını 2,25 milyard dollara aldığına dair açıqlama yayıb. Açıqlamada alqı-satqı müqaviləsinin SOCAR-la razılaşdırıldıqdan və bütün şərtlərin yerinə yetirilməsindən sonra imzalanacağı bildirilmişdi. Müqavilə imzalansaydı, “LUKoil”un “Şahdəniz” layihəsindəki payı 10 faizdən 25,5 faizədək artacaqdı. Lakin ötən həftənin cümə hünü “LUKoil” şirkəti “Şahdəniz” layihəsində Malayziyanın “Petronas” şirkətindən bu ilin oktyabrında imzalanan payın alınmasına dair sazişə düzəlişlərin imzalandığını elan edib. “LUKoil”un “Şahdəniz”də alacağı yeni payı 15,5 faizdən 9,99 faizə, əməliyyat məbləği isə proporsional olaraq 2,25 milyard dollardan 1,45 milyard dollara endirilib: “Bu dəyişikliklərin imzalanması ”Şahdəniz” layihəsi üzrə tərəfdaşlarla üstünlük hüquqlarının həyata keçirilməsinə dair danışıqların nəticəsi olub. Sövdələşmənin 2022-ci ilin yanvar ayının sonunadək başa çatacağı gözlənilir”.
Qeyd edək ki, “Şahdəniz” yatağındakı 15,5 faizlik pay əvvəllər Norveçin “Statoil” şirkətinə məxsus olub. 2015-ci ildə Norveç şirkəti öz payını “Petronas”a sataraq layihəni tərk edib. Ondan əvvəl isə Fransanın “Total” şirkəti layihədəki 10 faiz payı Türkiyənin TPAO şirkətinə sataraq “Şahdəniz”dən çıxıb. Hazırda dünya bazarında qazın qiyməti yüksək həddədir. Yaxın və ortamüddətli dövrdə bu qiymətlərdə kəskin enmə olacağı proqnozlaşdırılmır: dünyada yaşıl enerjiyə keçidin ilkin mərhələsi daş kömür, mazutdan qaza keçid hesab olunur. Buna görə də əksər dövlətlər enerji istehsalında qazdan istifadəni artırmaqdadırlar. Belə şəraitdə hansısa şirkətin “Şahdəniz”dən getməsi maraq doğurur. Xüsusilə bu prosesin Rusiyanın “LUKoil” şirkətinin mövqeyinin güclənməsi ilə müşayiət olunması müzakirələrə səbəb olmaqdadır. Özü də “LUKoil” yalnız “Şahdəniz”də payını artırmaqla kifayətlənmir. Şirkət iki ay əvvəl BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron Yarımadasının Dayazsulu Hissəsində yerləşən kəşfiyyat layihəsindəki payının 25 faizini almaq barədə sövdələşmə imzalayıb. Bu sövdələşmənin 2021-ci ilin sonuna qədər yekunlaşacağı gözlənilir. Həmin layihədəki üçüncü iştirakçı 50 faiz paya sahib olan SOCAR-dır.
Xəzər dənizinin Azərbaycan sektorunda “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi SOCAR və beynəlxalq şirkətlərin konsorsiumu arasında 4 iyun 1996-cı il tarixində imzalanıb. Yataq Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 70 kilometr cənub şərqdə yerləşir. “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi və Cənub Qaz Dəhlizi ilə bağlı yekun investisiya qərarı 17 dekabr 2013-cü il tarixində qəbul edilib. 2018-ci ildə “Şahdəniz 2″ layihəsi çərçivəsində hasil edilmiş ilk təbii qaz həcmləri Türkiyə bazarına daxil olub. 31 dekabr 2020-ci il tarixindən etibarən ”Şahdəniz” yatağından hasil edilən təbii qaz həcmləri Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinə də nəql olunmaqdadır.

İlham Şaban: “BP və SOCAR hasilatın pay bölgüsü sazişinin verdiyi imtiyazdan istifadə ediblər”
Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, SOCAR və BP “Şahdəniz”dəki paylarını yataq üzrə imzalanmış müqavilədə nəzərdə tutulan üstün hüquqlarından istifadə etməklə artırıblar: “Sazişə əsasən müqavilənin bir tərəfdaşı öz payını satmaq üçün kənar şirkətlə razılıq əldə edirsə, həmin razılıqdakı şərtlərlə payını ilk öncə layihənin operatoruna və dövləti təmsil edən şirkətə – bu halda SOCAR-a təklif etməlidir. Onlar payı almasalar, digər iştirakçı şirkətlərə təklif olunmalıdır. Yalnız onlar da almaqdan imtina etdikdən sonra payı kənar şirkətə satmaq olar. Ona görə də ”Petronas” öz payını “LUKoil”ə satmaq üçün razılıq əldə etdikdən sonra onu eyni şərtlərlə bp və SOCAR-a təklif etdi. Onlar da imkanlarına uyğun pay aldılar”.
Maraqlıdır ki, BP və “LUKoil” “Petronas”dan aldıqları payın dəyərini də açıqlasalar da, SOCAR bu rəqəmi açıqlamayıb. İ.Şabanın dediyinə görə, hasilatın pay bölgüsü sazişi bütün iştirakçılar üçün eyni kommersiya şərtləri nəzərdə tutur: “Bu baxımdan, SOCAR-ın dəyəri açıqlamaması maraqlı görünür. BP və ”LUKoil”lə razılaşmalardakı məbləğlərə nəzər yetirdikdə, SOCAR-ın 4,35 faizlik payı təxminən 630 milyon dollara aldığını demək olar. Başqa rəqəmdirsə, açıqlasınlar. Ölkə Prezidentinin fərmanı ilə SOCAR-da idarəetmənin təkmilləşdirilməsi, şəffaflığın artırılması Azərbaycan İnvestisiya Holdinqinə tapşırılıb. Ötən müddət ərzində SOCAR-ın açıqladığı göstəricilərin sayı, əhatə dairəsi azalıb ki, artmayıb. Buna görə də şirkətin Müşahidə Şurasının sədri olan Ruslan Əlixanovun şəffaflıq anlayışı haqqında hansı fikirdə olduğu mənə çox maraqlıdır”…
İbrahim Əhmədov: “SOCAR-ın müqavilə dəyərini açıqlamasını məcburi edəcək hüquqi tələb yoxdur”
SOCAR İctimaiyyətlə əlaqələr idarəsinin rəsmisi İbrahim Əhmədovun sözlərinə görə, səhmləri birjalarda alınıb-satılan şirkətlərin öz müqavilələrini açıqlaması məcburi xarakter daşıyır: “BP, ”LUKoil” səhmləri birjalarda iştirak edən özəl şirkətlərdir. SOCAR isə səhmdar cəmiyyəti deyil, dövlət şirkətidir, hər hansı birjada səhmləri ticarət olunmur. Yəni belə açıqlıq üçün ona münasibətdə qanuni tələb yoxdur. Qanuni tələb olmadığına görə şirkət bəzi kommersiya maraqlarını nəzərə almaqla həssas hesab olunan məsələlərdə açıqlamalar verib-verməmək barədə sərbəst qərar qəbul edir. Bu, həm də rəqabət üstünlüyü, imtiyazlar verə biləcək məlumatlara aiddir”.

