Gündəm 

Ermənilərin davam edən mina terroru – qarşısını necə alaq?

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun hərbçisi, əsgər Eyniyev Yusif Süleyman oğlu yanvarın 2-də Kəlbəcərdə, Bağlıpəyə yaşayış məntəqəsi istiqamətində piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. Mülki insanların minaya düşməsini haradasa başa düşmək olar. Çünki onlar çox vaxt qadağalara, xəbərdarlıqlara məhəl qoymurlar.

Bəs hərbçilər niyə minaya düşür? Bəzən olur ki, minalı sahədən bilmədən hərbçilər keçib gedir, partlamır, amma başqa biri oradan keçəndə mina partlayır. Heç şübhəsiz ki, bu məsələ yenidən mina xəritələri mövzusunu yada salır. İndiyə qədər Ermənistan tərəfi mina basdırdığı Azərbaycan ərazilərinin xəritəsini qalib Azərbaycana verməyib və bununla beynəlxalq hüquqla cinayət törətməyə davam edir.

Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli çıxış yollarını göstərdi: “İşğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi olduqca çətin və təhlükəli prosesdir. Bu gün həmin ərazilərdə həm hərbi, həm də humanitar təyinatlı minatəmizləmə işləri həyata keçirilir. Bu işlər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA), Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin müvafiq minatəmizləmə qurumları, mühəndis-istehkam bölmələri tərəfindən görülür. Prosesin səmərəliliyini artırmaq və sürətləndirmək üçün azad edilən ərazilərin daha dəqiq mina xəritələrinə ehtiyac var. Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində BMT və digər beynəlxalq təşkilatlardan daha fəal dəstək gözləyir. Ölkəmizin bu məsələ ilə bağlı beynəlxalq təşkilatlar qarşısında qaldırdığı məsələ hələ ki icra olunmur. İstər mülki, istərsə də hərbçilərin ölümünə səbəb olan mina hadisəsi Ermənistanın törətdiyi mina terrorunun növbəti təzahürüdür. Ermənistan terrorçu dövlət olduğunu bu hadisə ilə bir daha sübut etdi.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Ramil Məmmədli: “Mina terrorunun qarşısını almağın yeganə yolu…”

Mina terrorunun qarşısını almağın yeganə yolu isə Ermənistana təsir göstərməkdir. Buna görə də beynəlxalq ictimaiyyət Ermənistana qarşı daha ciddi təzyiq alətlərini işə salmalıdır. Əks təqdirdə, mina problemi yenə də davam edəcək. Ermənilər ”sürpriz mina”lardan, o cümlədən bir-birinin üzərinə basdırılmış hərbi sursatlardan, evlərdə yerləşdirilən partlayıcı qurğulardan istifadə etməklə terror hadisələrini gələcəkdə də törədəcəklər. Çünki bu tip “sürpriz-minalar”dan adətən diversiya, terror aktları zamanı istifadə olunur. Bu isə Ermənistan tərəfinin terrorçu niyyətinin bariz nümunəsidir. Ermənistanın indiyədək Azərbaycan tərəfinə təqdim etdiyi minalanmış sahələrin formulyarları qeyri-dəqiq və etibarsızdır. Beləliklə, Ermənistan məqsədli şəkildə daha çox mülki şəxsi öldürməyə cəhd göstərir. Əsas hədəflərdən biri bölgəmizdə hərbi gərginliyin azalmasına imkan verməməkdir. Ağır texnikanın keçmədiyi ərazilərdə, eləcə də meşələrdə tank əleyhinə “mina tələləri”nin, “sürpriz mina”ların quraşdırılması, həmçinin qeyri-dəqiq xəritələr Ermənistanın dövlət səviyyəsində mina terrorunu dəstəklədiyini bir daha sübut edir. Hərbçilərin minaya düşməsi də məhz “sürpriz mina”ların quraşdırılması ilə bağlıdır. Ümumiyyətlə, minalardan qorunmaq imkanı olduqca aşağı olduğundan burada yeganə yol, daha əvvəl qeyd etdiyim kimi, minaların dəqiq xəritələrinin Azərbaycana təqdim olunmasındadır”.

Akif Nağı — Vikipediya

Akif Nağı: “Mina xəritələrinin bütün nüsxələri Rusiyada saxlanılır”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu məsələdə daha çox Rusiyanı günahkar görür: “Hər dəfə kimsə minaya düşəndə bu məsələ yenidən aktuallaşır. Amma belə olmalı deyil. Biz mina xəritələri məsələsini daim diqqətdə saxlamalı, rəsmi qaydada beynəlxalq qurumlara müraciət etməliyik. Ermənistan mina xəritələri ilə manipulyasiya edir. Son dəfə təqdim etdikləri xəritələrin də dəqiqlikdən çox uzaq olduğuna dair məlumat yayıldı. Bu xəritələrə görə Rusiya da məsuliyyət daşıyır, çünki onların nüsxələri Rusiyanın hərbi arxivlərində saxlanılır. Rusiya ən azından Ermənistana təzyiq etməli, onların təqdim etdiyi xəritələri yoxlamalı, ehtiyac olduqda özündə olan nüsxələri təqdim etməlidir. Real xəritələr olarsa, mina partlayışlarından həlak olan vətəndaşlarımızın, o cümlədən, hərbçilərimizin sayı minimuma enər. Hesab edirəm ki, Azərbaycan xəritə məsələsində daha çox Rusiyanın üzərinə yeriməlidir. Rusiya atəşkəsin imzalanmasına vasitəçilik edib, bununla da üzərinə öhdəliklər götürüb, o cümlədən xəritələrlə bağlı öhdəlikləri də buraya aid edə bilərik. Digər tərəfdən, mina xəritələrinin bütün nüsxələri Rusiyada saxlanılır. Ona görə də mina xəritələrinin əldə edilməsi üçün Rusiyanın iştirakına nail olmalıyıq. Rusiya ilk növbədə Ermənistanın verdiyi xəritələri yoxlamalı, sonra bizə təhvil verməlidir, Ermənistanda olmayan xəritələrin nüsxələrini isə öz arxivlərindən çıxarıb bizə verməlidir. Haraya getsək də hər işin başında Moskva dayanır. Deməli, tələb də onlardan olmalıdır. Biz Rusiyanın xahişi ilə müharibəni dayandırdıq, indi zəhmət çəksinlər, müharibədən sonrakı dövrün problemlərinin həllində iştirak etsinlər”.

Daha çox xəbərlər