Azərbaycan Ordusu regionun ən qüdrətli silahlı qüvvəsidir
2021-ci ildə işğaldan azad olan ərazilərdə müasir hərbi infrastruktur yaradılıb
Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra ordu quruculuğu prosesini daha da sürətləndirib. Belə ki, 2021-ci ildə ordumuzun döyüş imkanlarının artırılması istiqamətində islahatlar davam etdirilib. Xüsusilə hərbi quruculuq, bütün qoşun növlərinin ən müasir texnika və silah-sursatla təchizatı və hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması üçün bu sahəyə ayrılan xərclər artırılıb. Müharibədən sonra imzalanmış yeni müqavilələr əsasında Azərbaycan Silahlı Qüvvələrinə ən müasir hərbi texnikalar, silahlar verilib.
Ölkəmiz 2021-ci ildə yalnız yeni silah və texnikaların alınması ilə kifayətlənməyib. Həmçinin ötən il işğaldan azad edilmiş ərazilərimizdə hərbi infrastrukturun qurulması, sərhəd mühafizə zolaqlarının yaradılması əsas vəzifələrdən biri olub. Belə ki, Xocavənd rayonunda Azərbaycan Ordusunun öz peşəkarlığını daha da artırması üçün ilk dəfə yeni hərbi birləşmə-istənilən hərbi vəzifəni icra etməyə malik olan Komando qüvvələri yaradılıb. Bu, ölkəmizin hərbi sahədə apardığı modern islahatların birincisidir. 2022-ci ildə bu tip Komando briqadalarının sayının artırılması nəzərdə tutulur.
Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, Silahlı Qüvvələrdə xidmət edən hərbi qulluqçuların əməkhaqlarının davamlı olaraq artırılması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli 2021-ci ildə də mühüm məsələlərdən biri olub. Hərbi sahədə görülən bütün işlər Azərbaycan Ordusunun peşəkarlığını, döyüş qabiliyyətini artırmaqla yanaşı, onun dünyanın ən güclü orduları arasında tutduğu mövqeyin də möhkəmlənməsinə təsir göstərib. Məhz buna görədir ki, ötən ilin sorğularına görə, Azərbaycan Ordusu regionun ən modern ordusu kimi qiymətləndirilib. Eyni zamanda güclənən ordumuz ötən il Ermənistan ordusunun təxribat xarakterli hücumlarının qarşısını qısa müddətdə alaraq onlara ağır zərbələr vurub. Xüsusilə bu döyüşlərdə xeyli erməni hərbçisi əsir götürülüb.
Təqdirəlayiq haldır ki, bu gün Azərbaycan sərhədçiləri Ermənistanla sərhədlərimizə tam nəzarət edir. Həmin sərhədlərdə mobil və çevik sərhəd xidməti hissələri yaradılıb. Onlar ən müasir hərbi texnika və sursatla təmin edilib. Bir sözlə, bu məsələlər dövlətin, Prezident, Ali Baş Komandan İlham Əliyevin daim diqqətindədir. Dövlət başçısının regionlara, xüsusilə də işğaldan azad edilən ərazilərə səfərləri zamanı hərbi hissələrin açılışında iştirak etməsi, yeni texnikalarla tanış olması onu göstərir ki, Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində tarixi Qələbəsindən sonra qətiyyən arxayınlaşmayıb. Əksinə, özünün hərbi təhlükəsizliyini daim diqqətdə saxlayaraq onun inkişafına çalışır.
Prezident İlham Əliyev 2021-ci ilin sonlarındakı çıxışında xüsusi qeyd edib ki, Azərbaycan dövləti 2021-ci ildə hərbi məqsədlər üçün bir çox silah istehsalçıları ilə yeni müqavilələr bağlayıb. Həmin silahlar yaxın müddətdə ordumuzun döyüş qüdrətini daha da artırmağa xidmət edəcək.
Digər önəmli məsələ isə odur ki, ötən il Azərbaycanın qardaş Türkiyə ilə Şuşa Bəyannaməsini imzalamasından sonra orduda müəyyən islahatların aparılması, birgə təlimlərin keçirilməsi istiqamətində mühüm işlər görüldü. 2021-ci il ərzində hərbçilərimizin daha müasir döyüş taktikalarına yiyələnmələri və bu bacarıqlarının daha da inkişaf etdirilməsi üçün Azərbaycan-Gürcüstan-Türkiyə hərbçilərinin birgə təlimləri, Azərbaycan, Türkiyə və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə «Üç qardaş – 2021» beynəlxalq təlimi və çoxsaylı Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirildi. Yəni, ordumuz 2021-ci ili qızğın iş şəraitində- məhsuldar təlimlər keçirməklə başa vurdu.
Bu gün Azərbaycan Ordusunda elə bir sahə, istiqamət yoxdur ki, orada müharibə təcrübəsindən irəli gələn təhlillərə uyğun müəyyən təkmilləşdirmələr, islahatlar aparılmasın. Bu, əlbəttə ki, böyük işdir. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 60 illik yubileyini ailəsi ilə birlikdə Qarabağda xidmət edən hərbçilərlə keçirməsi və Komando tipli hərbi hissənin açılışında iştirak etməsi də orduda böyük ruh yüksəkliyinə səbəb olan addımlardan biridir.
Bütün bunlara rəğmən demək olar ki, Azərbaycan Ordusu 2021-ci ildə, yəni, postmüharibə dövründə böyük işlər görərək Ali Baş Komandan tərəfindən qarşısına qoyulan bütün vəzifələri uğurla yerinə yetirdi. Təbii ki, keçən ildə qazanılan belə ciddi uğurlar gələcəkdə də yeni nailiyyətlərin əldə edilməsinə də şərait yaradan mühüm amildir.
2022-ci ildə Azərbaycan Ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir hərbi texnika və silah-sursatla təchizatı da prioritet məsələlərdəndir. Belə ki, yeni cari ilin dövlət büdcəsində orduya ayrılan vəsaitin həcmi artırılaraq 4 milyard 490 milyon manata çatdırılıb. Bu isə ötən ildəkindən nəzərəçapacaq dərəcədə çoxdur.

