“Qarabağın yolları uşaqların gözü ilə”
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən “22 fevral – Avtomobil yolları işçilərinin peşə bayramı” günü ilə əlaqədar olaraq “Qarabağın yolları uşaqların gözü ilə” rəsm müsabiqəsinə start verilir. Müsabiqəyə işğaldan azad edilmiş rayonların şagirdləri qatıla bilər.
AAYDA-dan “İki sahil”ə verilən məlumata görə, müəllif özü haqqında məlumatlar (adı, soyadı, ata adı, təvəllüdü, şəhərin (rayonun) adı və təhsil aldığı məktəb) da olmaqla çəkdiyi rəsmi fevral ayının 20-nə kimi Agentliyə təqdim etməlidir.
Müsabiqə üzrə tələblər:
Müsabiqəyə işğaldan azad edilmiş rayonların şagirdləri qatıla bilər;
Rəsmlər A3 formatından aşağı olmamalıdır;
Rəsmlərin işlənmə texnikası sərbəstdir (rəngkarlıq, qrafika, kollaj və s.);
Hər bir iştirakçı müsabiqəyə bir rəsm işi təqdim edə bilər;
Rəsmlər poçt vasitəsi ilə göndərilməli və ya Agentliyin inzibati binasına təqdim olunmalıdır. Agentliyin ünvanını rəsmi internet səhifəsindən – “aayda.gov.az” – əldə etmək mümkündür.
Mükafatlandırma:
Müsabiqənin ilk 3 yerin qalibi hədiyyə, sonrakı 5 yeri tutan iştirakçıya həvəsləndirici mükafatlar təqdim olunacaqdır.

