Əsas səhifə 

Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafına qadın sahibkarların dəstəyi günümüzün çağırışlarındandır

Əsas hədəf bu torpaqların cənnətməkana çevrilməsi, əvvəlki simalarına qayıtmasıdır

Artıq tarixi Zəfərimizdən bizi bir ildən çox vaxt ayırır. Dövlət başçısı İlham Əliyevin nəinki postmünaqişə dövründə, eləcə də Vətən müharibəsinin gedişində müsahibələrinin əsasında Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın gələcək inkişafı məsələsi dayanırdı. Ölkə Prezidenti hələ 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi vaxtlarda bu torpaqlarımızın azad ediləcəyinə inamı ifadə etməklə yanaşı, onların dirçəldilməsi üçün atılacaq addımlara, həmçinin Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində bu ərazilərin malik olduqları potensialdan  səmərəli istifadəyə xüsusi diqqət yönəldirdi. Bildirildi ki, əsas hədəf bu torpaqların cənnətməkana çevrilməsi, əvvəlki simalarına qayıtmasıdır.

Bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri geniş miqyası ilə diqqətdədir. Böyük Qayıdışın astanasında olduğumuz göz önündədir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ötən dövr ərzində bu istiqamətdə görülən işlərin miqyası o qədər genişdir ki, onları sadalamaq üçün xeyli vaxt lazımdır. Reallıq budur ki, qarşıya qoyulan hədəflər uğurla icra edilir. Öncə yol infrastrukturu yeniləndi və bu istiqamətdə işlər davam edir.  2021-ci ilin  oktyabrın 26-da  Füzuli Beynəlxalq Hava Limanı  istifadəyə verildi.  Zəngilan Beynəlxalq Hava Limanının da  uçuş-eniş zolağında  ərazi minalardan təmizlənib və tikinti işləri davam edir.  Laçın Hava Limanının isə yeri müəyyən edilməklə  plan-sxemlər hazırlanıb və hazırda  tikinti işlərinə başlanması üçün baza yaradılır. 2020-ci il noyabrın 16-da təməli qoyulan Zəfər yolunun ötən il noyabrın 7-də  açılışı oldu.  İşğaldan azad  edilmiş  ərazilərdə  15 fərqli  layihə üzrə 1400 kilometrdən artıq uzunluqda  yolların, habelə  telekommunikasiya şəbəkələrinin qurulması  və  rabitə xidmətlərinin təşkili üzrə işlər də sürətlə davam edir. Bu ərazilərdə elektrik enerjisinin təminatı ilə bağlı  ötən il ərzində lazımi avadanlıqların quraşdırılması, yarımstansiyaların yenidən qurulması və bərpası,  elektrik xətlərinin çəkilişi istiqamətində xeyli işlər görülüb.  Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan və Qubadlıda yarımstansiyaların tikintisi qısa müddətdə başa çatdırılaraq istifadəyə verilib, digər enerji infrastrukturu obyektlərində bərpa və gücləndirmə işləri davam etdirilir. Kompleks tədbirlər işğaldan azad edilmiş ərazilərimizin  qısa zamanda dirçələcəyinə, sakinlərini xoş ovqatla qarşılayacağına əminlik  yaradır.

Dövlət başçısı İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar da bərpa prosesinin qısa zamanda başa çatacağına əminlik yaradır. Hər bir sənədə özündə müəyyən məqsəd və məramı, eyni zamanda, ona nail olmağın icra mexanizmini əks etdirir. İqtisadi rayonların yeni bölgüsü, Qarabağ və Şərqi Zəngəzur  iqtisadi rayonlarının yaradılması özündə əsas məqamları ehtiva edir. Hazırda bərpa və quruculuq işləri ilə yanaşı, bu rayonların malik olduğu iqtisadi imkanlardan gələcəkdə  səmərəli istifadə edərək dayanıqlı inkişafın təmin edilməsi əsas müzakirə olunan məsələlər sırasındadır.

Cənab İlham Əliyevin  Sərəncamı ilə «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqlənib. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;  işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Hər bir prioritet gələcəyə, Azərbaycanın daha qüdrətli və zəngin dövlətə çevrilməsini təmin etməyə hədəflənib.

Ölkə Prezidenti İlham Əliyev bu günlərdə  yerli televiziya kanallarına müsahibəsi zamanı işğaldan azad edilmiş ərazilərimizdə  bərpa və quruculuq işlərinə diqqət yönəldərək bildirmişdir ki,   keçən il çox böyük proqram icra edilməyə başlanmışdır. Müharibədən çıxmış ölkələrin təcrübəsinə nəzər saldıqda bu, doğrudan da miqyas baxımından tarix boyu ən genişmiqyaslı proqramdır. Bu proqramın  özəlliyi ondadır ki,  heç kimdən yardım istəmədən və almadan öz vəsaitimiz hesabına  həyata keçiririk. Əlbəttə, burada da ardıcıllıq olmalı idi.   İlk növbədə, minalardan təmizləmə işləri aparılmalı idi ki, bu sahədə həm ANAMA, həm Müdafiə Nazirliyi, eyni zamanda, Fövqəladə Hallar Nazirliyi fəal işləyirlər.

Son bir ildə bərpa və quruculuq işlərinin miqyasının genişliyi minalardan təmizləmə işlərinin sürəti barədə də aydın təsəvvür yaradır. Amma bütün hallarda bu proses həm xeyli vaxt itkisidir,  həmçinin maliyyə vəsaiti tələb edir. Nəzərə alaq ki, bütün bu işləri Azərbaycan dövləti öz daxili imkanlarımız hesabına həyata keçirir. Hər zaman bir-birinə dəstək olan Azərbaycan və Türkiyənin Zəngilanda birgə investisiya layihəsinə start vermələri də təqdirəlayiqdir. Məlum olduğu kimi, ötən il oktyabrın 26-da  Füzuli Beynəlxalq Hava Limanının açılışında birgə iştirakdan sonra Azərbaycan və Türkiyə Prezidentləri Zəngilanda «ağıllı kənd» layihəsi çərçivəsində Ağalı kəndində görülən işlərlə tanışlıqdan sonra «Dost Aqropark»ın təməlini qoymuşdular. Türk və azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçiriləcək “Dost Aqropark” layihəsi üç mərhələdə icra olunacaq. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.

Təbii ki, bir yazıda görülən işlərin, həyata keçirilən infrastruktur layihələrinin hamısını sadalamaq mümkün deyil. Əsas olan budur ki, soydaşlarımızın Böyük Qayıdışı təmin edilsin və tezliklə o sevinci yaşasınlar. «Bu il artıq bu infrastruktur layihələri ilə yanaşı, şəhərsalma layihələri də icra ediləcək» söyləyən ölkə Prezidenti bildirir ki,  məktəblərin, xəstəxanaların təməli qoyulur. Şəhərlərin Baş planında bütün bu işlər öz əksini tapıb.

Sadaladıqlarımız  Böyük Qayıdışa qədərki dövrü əhatə edir. Artıq soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışlarından sonra yeni prioritetlər müəyyənləşdiriləcək. Belə ki,  həmin ərazilərdə iqtisadi inkişafın təmin edilməsi üçün birgə addımların atlıması yenə də əsas tələb kimi qarşıya qoyulur. Bu günlərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında  keçirilən «Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında  qadın sahibkarlığının rolu» mövzusunda  konfransda da bu kimi məsələlərə diqqət yönəldilmişdir. Hədəflərin  gerçəkləşməsinə  qadın sahibkarlarımızın  öz töhfələrini verəcəklərinə əminlik ifadə olunaraq hazırda  ölkə həyatının bütün sahələrində qadınların xüsusi fəallıq nümayiş etdirdikləri diqqətə çatdırılmışdır. O da qeyd olunmuşdur ki,  işğaldan azad edilmiş ərazilərimizdə biznesin qurulmasına maraq göstərənlər arasında  qadın sahibkarlar da az deyil.

Konfransda səsləndirilən statistik rəqəmlərə diqqət yetirək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə işğaldan azad edilmiş ərazilərdə biznesin qurulması ilə bağlı daxil olan  980  müraciətdən  42-si qadın sahibkarlara aiddir ki,  onların da 24-ü investisiya layihələri,  18-i isə digər iş və  xidmətlərin həyata keçirilməsinə aiddir.  Biznes qurmaq istəyən  qadın sahibkarların təqdim etdikləri  layihələrin 13-ü ticarət və xidmət,  10-u sənaye, 6-sı kənd təsərrüfatı, 6-sı turizm, 4-ü tikinti işləri, 2-si təhsil, 1-i isə səhiyyə sahələri üzrə  olub.  Bu fikir də xüsusi qeyd edilmişdir ki,  regionlarda, o cümlədən Qarabağ və Şərqi Zəngəzur  iqtisadi ray   onlarında  qadınların sahibkarlıq fəaliyyətinə   cəlb edilməsi,  onların bilik və bacarıqlarının artırılması, biznes planlarının hazırlanması,  maliyyə resurslarına çıxışlarında  dəstək göstərilməsi və bu kimi istiqamətlərdə zəruri tədbirlərin həyata keçirilməsinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi  tərəfindən müvafiq dəstək göstəriləcək.

Bu kimi addımlar qadınların ictimai-siyasi fəallıqlarının artırılmasına, idarəçiliklərinin təkmilləşdirilməsinə böyük töhfələr verəcək. Yalnız səylərimizi birləşdirməklə hədəflərə yüksək səviyyədə nail ola bilərik. Buna 44 günlük İkinci Qarabağ müharibəsində bir daha şahid olduq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, birliyimiz, həmrəyliyimiz sayəsində 44 gündə  tarixi Zəfərə imza atdığımız kimi, işğaldan azad edilmiş ərazilərimizi də qısa zamanda bərpa edəcəyik. Bu prosesdə, eyni zamanda, həmin ərazilərin iqtisadi inkişafının təmin edilməsində hər bir Azərbaycan vətəndaşı öz səyini əsirgəməməlidir. Yuxarıda qeyd etdiyimiz kimi, işğaldan azad edilmiş şəhərlərimizin Baş palanında soydaşlarımızın gələcək fəaliyyətləri üçün də bütün imkanların yaradıldığı özünü qabarıq şəkildə büruzə verir. Hazırkı dövrdə əsas hədəflərdən biri ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Demoqrafik vəziyyətlə əlaqədar olaraq  yeni texnologiyaların tətbiqi şəraitində iri fermer təsərrüfatlarının yaradılması ilə  hədəflərə lazımi səviyyədə nail olmaq mümkündür. Həmin ərazilərdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqət yetiriləcək. Bu ərazilərdə bitkiçiliyin və heyvandarlığın inkişafı prioritetdir. Doğma yurd-yuvalarına qayıdacaq soydaşlarımızın  kənd təsərrüfatı məhsullarının  istehsalı və emalı ilə məşğulluq imkanları «ağıllı kənd» layihəsində nəzərdə tutulub. Ümumilikdə bu ərazilərimiz dövlət başçısı İlham Əliyevin «ağıllı şəhər» və «ağıllı kənd»  strategiyası  əsasında yenidən müasir tələblər səviyyəsində qurulacaq. Haqqında bəhs etdiyimiz konfransda bu  inam da böyük qürur və fəxr hissi ilə ifadə edilmişdir ki,  Böyük Qayıdışın reallığa çevrilməsi ilə kəndə qayıdıb  Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgəsinin  aqrar sektorunda fəaliyyət göstərəcək qadınlar  ilk qadın fermerləri kimi tarixə düşəcəklər.

Ümumilikdə ölkəmizdə qadınların idarəçilik sistemində irəli çəkilməsinə hədəflənən addımlar onların bugünkü  fəallıqlarında özünü qabarıq şəkildə büruzə verir. Dövlətin bazar iqtisadiyyatının aparıcı qüvvəsi kimi sahibkarlara diqqət və qayğısı göz önündədir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında ölkəmizdə Sahibkar Gününün təsis edilməsi də bunun təsdiqidir. Dövlətimiz daim iş adamlarının yanında olduğunu  əhəmiyyətli addımları ilə nümayiş etdirir. Ən çətin anlarda belə sahibkarlar diqqətdən kənarda qalmır. Bu diqqət və qayğının qarşılığında sözsüz ki,  iş adamları da ölkəmizin daha da qüdrətlənməsinə öz töhfələrini verməlidirlər. Hazırkı dövrün əsas çağırışı bərpa və quruculuq işlərinə dəstəkdir. Cənab İlham Əliyevin çağırışına uyğun olaraq dost ölkələrin şirkətləri də bu prosesdə fəal iştirak edirlər.

«Şuşa İli» əbəs yerə Böyük Qayıdışın başlanğıcı kimi dəyərləndirilmir. Bu il bərpa və quruculuq işlərinin geniş vüsət aldığı il olacaq. Artıq Qarabağın tacı Şuşamıza avtobusların hərəkəti də bu qayıdışın tərkib hissəsidir. Mədəniyyət paytaxtımız hər gün qonaqlarını qarşılamağa hazırdır.

Daha çox xəbərlər