Cəmiyyət 

Gəlin özümüzə qəsd etməyək…

Əldə edilən nəticələr bir daha göstərir ki, koronavirusun yeni və sürətlə yayılan təhlükəli ştammından qorunmağın ən effektiv yolu qaydalara əməl etmək və peyvənd olunmaqdır

Azərbaycan COVID-19 pandemiyasının elan edildiyi vaxtdan bu günə qədər bu gözəgörünməz düşmənlə mübarizədə fərqlənən, ona qarşı vaxtında və effektiv tədbirlər görən ölkələr sırasında yer alır. Koronavirusla mübarizədə həyata keçirilən tədbirlər sayəsində, eləcə də  əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində ölkəmizdə epidemioloji vəziyyətin sabit qalmasına nail olunub. Bütün bunlarla yanaşı, təəssüf ki, son günlərdə qeydə alınan statistik göstəricilərə əsasən, koronavirusun yeni ştammına yoluxanların sayında artım müşahidə olunur. Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin bu günlərdə əhaliyə edilən müraciətlərində də bu barədə ətraflı danışılır. Müraciətdə “Omicron” ştammının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlarımızdan səhiyyə qurumlarımız tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur. COVID-19-a yoluxma təsdiqləndiyi halda, xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirənlər ailə üzvlərinin və ya ətrafdakıların yoluxmaması üçün evdə müalicə və təcrid olunma qaydalarına ciddi riayət etmələri tövsiyə olunur.

Təbii ki, koronavirusla mübarizədə hər kəs yüksək vətəndaş məsuliyyəti nümayiş etdirməlidir. İnsanlar koronavirusdan qorunmaqda, onun yayılmasının qarşısını almaqda təsirli vasitələrdən biri olan tibbi maskadan istifadə etməli, sosial məsafə saxlamalı, qaydalara riayət etməli, öz sağlamlığını nəzarətdə saxlamalı, gigiyena qaydalarına əməl etməlidirlər. Çünki bu virus hava-damcı yolu ilə yayılır. Yaddan çıxarmaq olmaz ki, karantin rejiminin tələblərinin pozulması, məsuliyyətsiz yanaşma daha ciddi təhlükəyə səbəb olur. Vətəndaşlarımız bilməlidirlər ki, virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. Vətəndaşlarımız pozuntulara qarşı nə qədər barışmaz olsalar, ətrafdakı insanların biganəliyinə qarşı mübarizlik nümayiş etdirsələr, bir o qədər tez və müsbət nəticə əldə ediləcəkdir.

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Koronavirus əleyhinə peyvənd olunanlar xəstəliyi yüngül keçirirlər. Vətəndaşlarımız yeni ştammdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan beş ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə qaldırmaq üçün gücləndirici (“buster”) doza ilə peyvənd olunmalıdırlar. Ölkəmizdə koronavirusa qarşı tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir. Onun etibarlılıq müddəti 6 aydır. Həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda “Peyvənd sertifikatı”nın qüvvədə olması müddətsiz olaraq uzadılır.  Yeri gəlmişkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli qərarına əsasən, peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı”  cari ilin fevralın 15-dən etibarlı hesab edilməyəcək.

Daha çox xəbərlər