Sosial islahatların dərinləşməsi vətəndaş məmnunluğunun artmasına stimul verir
Azərbaycanda həyata keçirilən sosial islahatlar çərçivəsində aztəminatlı, şəhid ailələrinə, yaralılara xüsusi diqqət göstərilməsi təbiidir. Bu kateqoriyadan olan vətəndaşlara daim qayğı ilə yanaşan, keçirilən görüşlərdə onların istək və arzuları ilə maraqlanan Prezident İlham Əliyevin sözləri ilə deyilsə bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur: «Çünki dünyada bir çox ölkələr müharibə şəraitində olublar. O ölkələrin təcrübəsini biz bilirik, öyrənirik. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik.»
30 il Ermənistanın işğalı altında qalan torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini əziz tutan, şəhid ailələrinin sosial -məişət problemlərinin həlli ilə bağlı əhəmiyyətli sərəncamlar imzalayan Prezident İlham Əliyevin vurğuladığı kimi, Birinci və İkinci Qarabağ müharibəsində həlak olan şəhid ailələrinə10 minə yaxın mənzil, 7400 minik avtomobili verilməsi bu qayğının ifadəsidir. «Eyni zamanda şəhid ailələrinin sosial təminatı da yaxşılaşır. Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği artırılır» söyləməklə yaralılarıın müalicəsi üçün bütün imkanlardan istifadə olunacağını bildirən dövlət başçımızın qeyd etdiyi kimi, bu proses davam edir, müharibə zamanı əlini, qolunu, ayağını itirmiş qazilər normal yaşamaq üçün müasir protezlərlə təmin olunurlar.
Əsas odur ki, cəmiyyətdə də bu kateqoriyalardan olan insanlara hörmətlə yanaşılır, sosial dəstək göstərilir. Azərbaycanda sosial islahatların ən önəmli amili şəhid ailələrinə belə geniş miqyasda qayğı, sosial layihələrin heç kimdən yardım almadan, dövlətin büdcəsi hesabına həyata keçirilməsidir. Bu kateqoriyadan olanlara qayğının nəticəsidir ki, 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub. 2020-ci ildə 1572 şəhid ailəsi və Qarabağ qazisi mənzillərlə təmin olunmuşdursa, ötən il bu kateqoriyadan olanlara 3 min mənzil verilib. Ən qüdrətli dövlətlərdə müşahidə olunmayan əhaliyə belə qayğı göstərir ki, şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Ümumilikdə ötən dövrdə 12300 şəhid ailəsi və müharibə əlilinin mənzil və fərdi evlə, 7400 nəfərin avtomobillə təmin edilməsinin məntiqi nəticəsi vətəndaş məmnunluğunun ifdəsidir.
Müharibə dövründə namərd ermənilərin atdığı mərmilər nəticəsində yaxınlarını itirmiş, evləri dağıdılmış mülki şəxslərin problemləri də diqqətdə saxlanılır.
«İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu şanlı Qələbə Azərbaycan xalqının tarixində əbədi qalacaq. Bəlkə də tarixdə buna oxşar parlaq və tam qələbə heç vaxt olmamışdır» söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi Vətən müharibəsindən sonrakı dövrdə dövlətimizin başçısının tapşırığına əsasən genişmiqyaslı sosial layihələr uğurla icra edilir. Vətən müharibəsində həlak olan şəhidlərin ailə üzvlərinə Prezident təqaüdü, sosial müavinət, pensiya, həmçinin 2515 müharibə iştirakçısına əlillik və sosial ödənişlərin təyinatı həyata keçirilib. Şəhid ailələri, müharibə əlilləri üçün sosial ödənişlərin məbləği əhəmiyyətli dərəcədə artırılıb. Respublikamızda yaradılan reabilitasiya mərkəzlərində yaralanmış hərbçilərimizin müayinəsinə diqqətlə yanaşılır, qazilərin sağlamlıqları bərpa edirlər. «Bu, çox genişmiqyaslı, böyük vəsait tələb edən proqramlardır. Ancaq biz bunu edirik və bundan sonra da edəcəyik. Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq, sözdə yox, əməldə. Çünki hər şey əməllə ölçülür. Yaxşı sözlər demək çox asandır, biz bunu eşitmişik və İkinci Qarabağ müharibəsi dövründə bizim bütün sözlərimiz həqiqəti əks etdirirdi. Ermənistan tərəfi isə öz vətəndaşlarını aldadırdı, vicdansızcasına aldadırdı, yalan danışırdı və bunun acısını indi çəkir. Bizim isə sözümüz tam həqiqətdir və verilmiş vədlər də tam yerinə yetirilir. Bu günə qədər verilmiş bütün vədlər, o cümlədən ərazi bütövlüyümüzün bərpası ilə bağlı verilmiş vədlər yerinə yetirildi. Şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib. Şəhid ailələri üzvləri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslər daxil olmaqla 10 minədək şəxsin məşğulluğuna dəstək göstərilib, o cümlədən 6 minədək şəxs özünüməşğulluq proqramına cəlb edilir, 4 minədək şəxs işlə təmin olunub» söyləyən Prezident İlham Əliyev əhali arasında bu kateqoriyadan olan insanların məşğulluq səviyyəsinin artırılmasına da sosial islahatların tərkib hissəsi kimi diqqətlə yanaşır, böyük önəm verir.
2021-ci ilin iyun ayında başlanan «Məşğulluq marafonu»”na 607 işəgötürən qoşularaq 3971 vakansiya təqdim edib. Dağıdılmış evlərin yerində dövlət hesabına əvvəlkilərdən də keyfiyyətli, müasir görünüşlü fərdi evlər tikilir. Qazilərin, şəhid ailələrinin üzvlərinin məşğulluq problemləri həll olunur. Vətəndaş məmnunluğunun ifadəsidir ki, sosial islahatların tətbiqində şəhid ailələrinə və qazilərə göstərilən qayğıda özəl sektor tərəfindən könüllü dəstək göstərilir. Sosial məsuliyyətini əməli fəaliyyəti ilə doğruldan sahibkarlar bu sahədə əzmkarlıq göstərirlər. «Məşğulluq marafonu»na 200-dən artıq sahibkarın qoşulması, 160 qazinin işlə təmin olunması ilə başlanan proses davam edir.
Prezident İlham Əliyevin «Biz hər il özünüməşğulluqla məşğul olmaq istəyənlər üçün vasitələr təqdim edirik və onların sayı artır. Bu il nəzərdə tutulub ki, 16 min insan özünüməşğulluq proqramına cəlb olunacaq, dövlət tərəfindən onlara vasitələr veriləcək və beləliklə, onlar öz gələcək maddi imkanlarını özləri təmin edəcəklər. Özünüməşğulluq proqramına cəlb olunan 16 min nəfər arasında artıq 5 mindən çox şəhid ailələrinin üzvləri və müharibə əlilləri vardır. Yəni, bu da daim diqqət mərkəzində olan məsələdir» sözləri də göstərir ki, Azərbaycanda vətəndaş rifahının və məmnunluğunun təmin olunması dövlət siyasətinin prioritetlərindəndir. 2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 77 min 640 nəfər işsiz və işaxtaran şəxsin işlə təmin edilməsi, mühüm biznes layihələrinin həyata keçirilməsi sahibkarlıq fəaliyyətinə marağı daha da artırır.
Sosial islahatların mühüm amillərindən olan əməkhaqları və digər sosial ödənişlərin davamlı proses kimi diqqətdə saxlanılması ölkə əhalisinin həyat səviyyəsinin yüksəlməsi əhali tərəfindən məmnunluqla qarşılanır. Yeni sosial təminat növlərinin, təqaüdlərin, müavinətlərin təsis olunması, güzəştlərin tətbiqi sosial islahatların davamlı olacağını göstərir. COVID-19 pandemiyasının məşğulluğa və rifaha mənfi təsirlərinin qarşısının alınması üçün sosial dəstək proqramları icra olundu. Zəfərlə başa vurduğumuz 44 günlük Vətən müharibəsindən sonra – postmüharibə dövründə şəhid ailələrinin, müharibə əlillərinin təqaüdlərində orta hesabla 60 faiz artımların edilməsi, sosial təminat sisteminin mühüm komponenti olan pensiyaların artması, «Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında»” Sərəncama uyğun sosial islahatların tətbiqi razılıqla qarşılanır. 2,1 milyon insanı əhatə edən 1,5 milyard manat dəyərində islahatlar paketinin tətbiqi pandemiya dövründə heç bir dövlətdə ölkədə müşahidə olunmayan , yalnız multikultural dəyərlərə, tolerant Azərbaycana məxsus qayğı idi. Vətəndaş maraqlarına xidmət edən, müasir xidmət növü, şəffaflıq, sosial ədalət və yeni dövrün çağırışlarından irəli gələn tələblərə uyğun Azərbaycan brendi olan «ASAN xidmət» və DOST mərkəzlərinin açılması, «bir pəncərə» sisteminin” tətbiqi də vətəndaşlar tərəfindən razılıqla qarşılanır. Mərkəzlərdə vətəndaşlara operativ, şəffaf, müasir, innovativ əsasda xidmətlər göstərilməsi ölkəmizə marağı daha da artırıb. Son illərdə istifadəyə verilən DOST mərkəzlərində göstərilən xidmətlərə vətəndaşların məmnunluq səviyyəsinin 98,2 faiz olması günümüzün reallığıdır. Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanı ilə yaradılan vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələrinə, müharibədə xəsarət almış hərbi qulluqçuları və müharibə əlillərini təmsil edən 11 min nəfərə xidmət göstərilib. Hazırda Bakı şəhərindəki və Abşeron rayonundakı DOST mərkəzlərində, həmçinin Gəncə şəhərində, Masallı və Ucar rayonlarında bu cür regional vahid əlaqələndirmə mərkəzləri fəaliyyət göstərir. Yaxın günlərdə digər regionlarda da vahid əlaqələndirmə mərkəzlərinin fəaliyyətə başlaması üçün hazırlıq işləri aparılır. Ümumilikdə, əvvəl olduğu kimi postmüharibə dövründə də davam edən sosial islahatlar, həyata keçirilən layihələr Azərbaycanın iqtisadi inkişafının uğur, yüksəliş, tərəqqi formuludur. Bu günədək şəhid ailələrinə, müharibə iştirakçılarına və erməni terrorundan zərər çəkənlərə göstərilən xidmətin məntiqi nəticəsi vətəndaşlıq məmnunluğunun yüksək səviyyədə olmasıdır. Həyata keçirilən islahatlar onu göstərir ki, dünyada pandemiyanın davam etməsinə və iqtisadi-maliyyə çətinliklərinin olmasına baxmayaraq, Azərbaycanda vətəndaş rifahının və məmnunluğunun təminatı, eyni zamanda, şəhid ailələrinə və müharibə əlillərinə diqqət dövlət siyasətinin əsas prioritetlərindəndir.

