Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərin təbliğində dinamik təbəqə kimi çıxış edir
Bütün dünyada bir çox sahələrdə tərəqqi etmək naminə qloballaşma getdiyi bir dövrdə, maraqlı bir haldır ki, milli-mənəvi dəyərlərə, milli kimliyə də daha çox önəm verilməkdədir. Bu mənada Azərbaycan da uzun illər boyu Rusiya imperiyası, sonra isə yetmiş il Sovet İttifaqı tərkibində yaşamağa məhkum edilməsinə baxmayaraq, öz milli-mənəvi dəyərlərinə sadiq qalmış, bunları qoruyaraq yaşatmış və inkişaf etdirmişdir. Hər bir dövrdə xalqın qabaqcıl ziyalıları milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması uğrunda yorulmadan çalışmışlar.
Bütün inkişaf etmiş sivil dövlətlərdə, o cümlədən Azərbaycanda da bu gün milli-mənəvi dəyərlər yüksək qiymətləndirilməkdə, yenidən nəzərdən keçirilməkdədir, bu gün milli dəyərlərimiz dövlət səviyyəsində qorunur, bunlara xüsusi qayğı ilə yanaşılır. Çünki məhz milli-mənəvi dəyərlərimiz bizim bir xalq kimi formalaşmağımıza mühüm təsir göstərmiş, eyni zamanda, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rol oynamaqdadır. Təsadüfi deyil ki, Azərbaycançılığın əsas atributlarından biri milli dövlətçilik, digəri isə milli-mənəvi dəyərlər hesab edilir. Müasir müstəqil Azərbaycan dövlətinin əsasını milli-mənəvi dəyərlər təşkil edir və bu gün Azərbaycan bir dövlət kimi milli dəyərlər üzərində qurulmuşdur. Bu dəyərlərə qiymət öz köklərinə bağlılıqdır, bu bağlar nə qədər möhkəm olarsa, dövlətin təməli də, vətəndaş həmrəyliyi də bir o qədər möhkəm olar. Respublikamızın dövlətçilik siyasəti də məhz bu amillərə söykənir. Azərbaycan Respublikasının Konstitusiyasının 40-cı maddəsində deyilir: “Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır”.
Mənəvi irs dedikdə – milli-mənəvi dəyərlər, ilk növbədə, ana dilinə və dinimizə hörmət və məhəbbət, Vətənə bağlılıq, Vətən sevgisi, 44 günlük Vətən müharibəsi zamanı şahidi olduğumuz Vətənin hər şeydən üstün tutulması, dövlətin maraqlarına xidmət edilməsi nəzərdə tutulur. Öz milli dəyərlərimizə hörmətlə yanaşı, eyni zamanda, Azərbaycan xalqı digər millət və din nümayəndələrinin, müxtəlif konfessiyaların təmsilçilərinin də maraq və dəyərlərinə, etiqadlarına dərin hörmətlə yanaşır, bu mənada böyük tolerantlıq nümayiş etdirir. Azərbaycanlılar daim bu xüsusiyyətləri ilə seçilmiş, bütün xalqlara və millətlərə eyni hörmətlə yanaşmışlar. Azərbaycanlılar dünya ilə məhz harmonik inkişaf fonunda milli dəyərlərini qoruyur, öz mənəvi kodekslərinə də sadiq qalır, öz dəyərlərini hər şeydən üstün tuturlar. Bu baxımdan gənclərin milli-mənəvi dəyərlər əsasında – milli ruhda tərbiyə alması mühüm amil kimi diqqət çəkir. Ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Gününün təsis edilməsi də bu istiqamətdə atılmış müdrik addımdır. Bu gün dövlətin yüksək səviyyəli diqqət və qayğısının fonunda, eləcə də ölkəmizdən kənarda müstəqil formada inkişaf edən Azərbaycan gəncliyi həm milli-mənəvi dəyərlərin mənimsənilməsində, həm də təbliğində dinamik təbəqə kimi çıxış edir. Dünyanın hansı bir yerində yaşamaqlarından asılı olmayaraq, azərbaycanlıları öz Vətənlərinə, doğma dillərinə, adət-ənənələrinə nümayiş etdirdikləri sevgi və qayğı birləşdirir.
Dövlət başçısı cənab İlham Əliyev də Azərbaycan gəncləri gününün 25 illiyinə həsr edilmiş gənclər forumunda müasir və müstəqil Azərbaycan dövləti üçün mili-mənəvi dəyərlərimizin mühüm amil olduğunu vurğulayaraq qeyd etmişdir ki, «milli dəyərlər təkcə əcdadlar qarşısında bizim mənəvi borcumuz deyil, eyni zamanda, ölkəmizi daim müstəqil saxlamaq, ölkəmizi daim kənar təsirdən qorumaq və nəsillər arasındakı o mənəvi ipləri qırmamaq üçün mütləq lazımdır».
Ülviyyə Ağayeva,
Milli Məclisin deputatı

