Gündəm 

Baş prokuror Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri ilə görüşüb

Fevralın 9-da Baş prokuror Kamran Əliyev “Avropa Qonşuluq Aləti” çərçivəsində reallaşdırılan “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Tvinninq” layihəsi üzrə ölkəmizə səfər edən Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin rəhbəri-tərəfdaş ölkənin layihə rəhbəri Jidrunas Bartkus və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı Baş prokuror dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, xüsusilə də prokurorluqda həyata keçirilən islahatlardan söhbət açaraq prokurorluqda cinayət yolu ilə əldə olunmuş əmlakın bərpası və korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər barədə geniş məlumat vermişdir. Azərbaycan Respublikasının Prezidentinin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Baş Prokurorluğun yeni strukturunda Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin təsis edilməsini məhz bu səbəblərlə əlaqəli olmasını bildirmişdir. Qonaqlara Azərbaycan Prokurorluğunun Litvanın hüquq mühafizə orqanları ilə əvvəllər həyata keçirilmiş və hazırda cinayət aktivlərinin bərpası sahəsində birgə həyata keçirilən fəaliyyətinin, o cümlədən bu layihənin əməkdaşlığımızın bariz nümunəsi olduğu bildirilmişdir.
Kamran Əliyev Jidrunas Bartkusu Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Ələqələndiricilər Şəbəkəsinin (EACN) Baş Assambleyasının İclasında bu nüfuzlu beynəlxalq təşkilatın prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik etmiş, səmərəli əməkdaşlığımızın təzahürü kimi həmin tədbirdə Azərbaycan Prokurorluğunun korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi nailiyyətlərə görə EPAC/EACN-ın 2021-ci il mükafatı ilə təltif edildiyini qeyd etmişdir.
Baş prokuror Beynəlxalq Prokurorlar Assosiasiyasının (İAP) vitse-prezidenti qismində assosiasiyanın Antikorrupsiya Prokurorları Şəbəkəsi (NACP) ilə EPAC arasında əlaqəli şəkildə birgə fəaliyyətinin vacibliyini vurğulamışdır.
Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Jidrunas Bartkus Avropa İttifaqı, o cümlədən Litva Respublikası tərəfindən Azərbaycanla əlaqələrə böyük önəm verildiyini və münasibətlərin müvəffəqiyyətlə inkişaf etdiyini vurğulamışdır.
J.Bartkus aktivlərin bərpası sahəsində ölkəsinin təcrübəsini paylaşaraq fikir mübadiləsinin aparılmasında maraqlı olduqlarını və bu sahədə Azərbaycan Respublikasının qanunvericilik bazasının təkmilləşdirilməsində aparılan işlərin səmərəliliyinin artırılmasında böyük rolunun olacağını qeyd etmişdir.
Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Daha çox xəbərlər