Vətən üçün yaşanan ömür
Dağlar diyarı, qartallar oylağı Lerik rayonunun Çökərə kəndində dünyaya göz açmış Tural Rahil oğlu Əhədovun ömür yolu cəmi 27 il çəkdi. Qaldı ki, bu qısa zaman kəsiyində Vətəni, milləti üçün çox gərəkli bir igid oldu. İkinci Qarabağ müharibəsində xalqımıza Zəfər qüruru yaşadanlarla bir cərgədə durmaqla ölməzliyə qovuşdu Tural. Vətən, torpaq uğrunda qanı bahasına səpdiyi qəhrəmanlıq toxumu onu milyonların iftixar mənbəyinə, qürur yerinə çevirdi. Tural xoşbəxt, azad, firavan, dinc gələcəyimiz üçün yaşamaqla elə bir əməl qoydu ki, onu heç nə ürəklərdən silib apara bilməz. Dövlət də onun bu minlərə örnək olacağı hünərini unutmadı. Ölümündən sonra təltif etdiyi Cəbrayılın, Şuşanın, Kəlbəcərin azad olmasına görə, “Vətən uğrunda”, “İgidliyə görə” medalları, 3-cü dərəcəli “Rəşadət” ordeni ilə Turalın şərəfli adına daha bir ucalıq gətirdi…
Xalq məhəbbəti, Vətən, torpaq sevgisi lap kisik yaşlardan Turalın qəlbinə hakim kəsilir.
Səmimiyyət, gözəl əxlaq, haqqa tapınmaq isə anadan gəlmə onun boynuna biçilən keyfiyyətlər olur. Elə canına yağı dadanmış Vətəninin taleyini də uşaq yaşından düşünür. 2009-cu ildə səkkizinci sinfi başa vurub hərbi sənətini seçməyi bundan irəli gəlir. Tural Cəmşid Naxçıvanski hərbi liseydə doğma Azərbaycanı göz bəbəyi kimi qorumaq, məqamı gələndə uğrunda canını fəda etmək eşqi ilə oxuyar. Yağının işğal etdiyi Qarabağ torpaqları azad görmək onun əsas amalına dönür. 2012-ci ildə liseyini bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. Burada da nümunəvi oxuyur, hərbi təlimlərdə uğurlara imza atır. Əsl vətəndaş, layiqli vətənpərvər olaraq hamı tərəfindən sevilir. Tankçı peşəsini mükəmməl öyrənməklə 2016-cı ildə leytenant rütbəsində məktəbi tamamlayır. O, Xüsusi Təyinatlı Qüvvələrin kursunu da müvəffəqiyyətlə bitirir.
Doğma Azərbaycana ilahi sevgisi, sədaqəti Turalı cəbhə bölgəsinə aparır. Hərbi hissədə qrup komandirinin müavini olur, nümunəvi xidməti Vətən sevdalısını sözün həqiqi mənasında əsgərlərin, zabitlərin sevimlisinə çevirir. Hamıya doğma olan leytenant Turala mərdliyini, cəsurluğunu, əqidə və məslək saflığını görüb daha da ürəkdən inanırlar. Və hərbidə xüsusi istedadını, qabiliyyətini, sınaqlarda Vətəninə, millətinə həqiqi bağlılığını nəzərə alıb Turalı Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Kəşfiyyatçı Artilleriya Korrektə edici” ixtisasına dəvət edirlər. Burada da nə layiq olduğunu tam göstərməklə baş leytenant rütbəsini yüksəlir. Bütöv Azərbaycan naminə hərbə bitib-tükənməyən sevgisi Turalı yeni təlimlərə, uğurlara aparır. Tezliklə Vətən torpaqların mənfur düşmən tapdağından azad görmək istəyinə çatmaq üçün onun torpağına, daşına daha da ürəkdən vurulur. Layiqli övlad olaraq verilən bütün tapşırıqları şərəflə yerinə yetirir. General-leytenant Hikmət Mirzəyev tərəfindən “Fəxri fərman” alır, eləcə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalına layiq görülür.
Sentyabrın 27-də baş leytenant Tural Əhədov qanlı döyüşlərə qrup komandirin müavini kimi atılır. Haqq savaşımızın ilk günündən düşmənə sarsıdıcı zərbələr endirir. Öndə getməsi, yüksək döyüş məharətinə malik olması həmişə onun qrupuna qələbə qazandırır. Cəsurluğunu, qəhrəmanlığını görüb onu qrup rəhbəri təyin edirlər. Murovdağ, Füzuli, Hadrut, Xocavənd, Şuşa istiqamətində gedən ağır ölüm-dirim savaşların qalibi olmaqla ad qoyur. Əsir Vətən torpaqlarında Azərbaycanın qələbə bayrağı dalğalananda qollarına yeni güc gəlir. ”Biz mütləq qalib gələcəyik” sözləri dilindən düşmür.
Şuşa müharibəsində igid komandir iki döyüş yoldaşı ilə düşmən mühasirəsinə düşür. Son nəfəsinə qədər mübarizə aparıb yağının 70 yaxın canlı qüvvəsini məhv edir. 8 noyabrda canını Vətəninə qurban verməklə əbədiyyət adlı dünyasına qovuşur.
Turalın adı indi Vətənlə bir çəkilir. Qərinələr boyunca da belə olacaq. Çünki ürəyi Vətənə, xalqa bağlı insanların ömrü Günəşə bənzəyir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

