Cəmiyyət 

Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Şuşa şəhəri ilə tanış olublar

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən “Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” adlı XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ermənistanın işğalından azad olunmuş Şuşa şəhərinə səfər ediblər.

Qış Məktəbinin iştirakçıları əvvəlcə Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan Şuşa şəhər mərkəzi meydanına gəliblər. Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları qonaqlara şəhər və güllələnmiş heykəllər barədə məlumat veriblər. Bildirilib ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər əvvəlki yerlərinə qaytarılıb.

Sonra Şuşa şəhər qala divarları ilə tanışlıq olub. Qonaqlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Qış Məktəbinin iştirakçıları Xurşidbanu Natəvanın evi və Xan qızı bulağı olan ərazi, Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Qazançı kilsəsi ilə də tanış olub, Cıdır düzündən açılan əsrarəngiz mənzərəni seyr ediblər. Məlumat verilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. “Xan qızı” bulağı və Xalq artisti Bülbülün ev-muzeyi bərpa edilib, Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində təmir-bərpa və yenidənqurma işləri aparılıb. Hazırda Şuşada bir sıra infrastruktur layihələri icra edilir, Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa, Saatlı məscidlərində bərpa işləri görülür.

Qış Məktəbinin iştirakçıları təəssüratlarını bölüşüblər.

Almaniyadan gəlmiş iştirakçı Eren Devrim: “Mən Almaniyada yaşasam da, türk əsilliyəm. Azərbaycan qardaş ölkədir və buranı Vətənim kimi çox sevirəm. Qarabağa gəldiyim üçün qürurluyam. Dünən Ağdamda olduq, bu gün Şuşadayıq. Dağıdılmış evləri, məscidləri görmək olduqca üzücüdür. Ağdamı o vəziyyətdə görmək mənə çox pis təsir etdi. İnsan bu vəhşilikləri edə bilməz. Azərbaycan xalqı güclüdür. İnanıram ki, bu şəhərlər bərpa ediləcək, yenidən gözəl olacaq”.

İtaliyadan olan iştirakçı Elizabeta de Cian: “Şuşa çox gözəl şəhərdir, amma təəssüf ki, dağıntıya məruz qalıb. Buranın təbiəti də çox gözəldir. İnanıram ki, növbəti səfərimizdə şəhərin daha gözəl olmasının şahidi olacağam. Buraya turistlər gələcək. Tövsiyə edirəm ki, hamı gəlib Şuşanı görsün”.

Pakistandan gəlmiş iştirakçı Rafia Abdur Raşid: “Şuşanı gördüyüm üçün çox sevinirəm. Ancaq dağıntıları görəndə təsirləndim. Azərbaycanın müharibədə qalib gəlməsinə görə çox şadam. Əminəm ki, müharibənin izləri tezliklə aradan qaldırılacaq. Qarabağ Azərbaycandır, Şuşa Azərbaycandır”.

AZƏRTAC

Daha çox xəbərlər