Əsas səhifə 

Moskva Bəyannaməsi Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir

Dövlət başçısı İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri və müttəfiqlik Bəyannaməsinin imzalanması iki ölkənin münasibətltində yeni səhifəni açır

Bu günümüzün əsas müzakirə mövzusu dövlət başçısı İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri və iki ölkə arasında müttəfiqlik Bəyannaməsinin imzalanmasıdır. Dostluq və mehriban qonşuluq ənənələrinə söykənən Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin əsası kimi dəyərləndirilən bu sənəd özündə bir çox hədəfləri və çağırışları birləşdirir. Ümumilikdə   Bəyannamənin bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur. Xarici siyasətin əsas istiqamətlərindən biri kimi ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması və münasibətlərdə yeni prioritetlərin müəyyənləşdirilməsi sahəsində Azərbaycanın əldə etdiyi uğurlar göz önündədir. Qarşılıqlı səfərlər fonunda bu əlaqələr daha da möhkəmlənir, yeni çalarlar əlavə olunur. Bu baxımdan ölkə Prezidenti İlham Əliyevin  Rusiya Federasiyasına  səfəri, Moskva Bəyannaməsinin əlaqələrin inkişafına nə kimi təsir göstərəcəyi geniş müzakirə olunmaqda, müxtəlif fikirlər səslənməkdədir. Ümumi rəy bundan ibarətdir ki, tarixi Zəfərimizin diktə etdiyi reallıqlar fonunda  Azərbaycanın ədalətli və haqlı mövqeyi dəstəklənir. Eyni zamanda,  öz milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürüdən Azərbaycanın hər hansı bir ölkə ilə münasibətləri heç vaxt  üçüncü tərəfə qarşı yönəlməyib. Azərbaycan daim dünyaya birlik, həmrəylik, əməkdaşlıq sülh mesajlarını ünvanlayıb, yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edib.

Hazırkı dövrün əsas çağırışlarından birinin bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin olduğunu nəzərə alsaq Azərbaycanla Rusiya arasında müttəfiqlik Bəyannaməsinin qarşıdakı dövr üçün əhəmiyyəti özünü aydın şəkildə büruzə verir. Bəyannamədə hər iki ölkənin  müttəfiqlik fəaliyyətinin bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə,  sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq,  güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulması;  müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinmək və öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa dair öhdəliklər yer alıb. 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın imzalanmasından sonra ötən ilin yanvarında Moskva, noyabrda Soçi, dekabr ayında isə Brüssel görüşlərinin keçirilməsi dünya güclərinin  regionda dayanıqlı sülhə və təhlükəsizliyə töhfələr vermək istəklərini nümayiş etdirir. Hər bir görüşdə  10 noyabr Bəyanatında yer alan müddəaların icrasının vacibliyi vurğulanır ki, bu da kommunikasiyaların açılması, davamlı sülhün təmin olunması, iqtisadi əlaqələrin qurulması və yeni əməkdaşlıq formatlarının yaradılmasıdır. İmzalanan sənədlər, o cümlədən müttəfiqlik Bəyannamələri bu hədəflərin uğurlu icrasına zəmanət verir. Bəyannamədə, həmçinin  beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi qeyd olunur. Qeyd etdiyimiz kimi, iki dost, qardaş ölkənin- Azərbaycan və Türkiyənin müttəfiqlik  münasibətlərinin rəsmiləşdirən Şuşa Bəyannaməsinin ardınca tarixi Zəfərimizdən sonra münasibətləri yeni müstəvidə inkişaf edən Azərbaycanla Rusiya arasında Moskva Bəyannaməsinin imzalanması qeyd etdiyimiz kimi,  Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. 44 günlük İkinci Qarabağ müharibəsində hər iki dövlətin göstərdiyi səylər hər kəsə məlumdur. Türkiyənin müharibənin başlandığı ilk gündən  Azərbaycanın yanında olması, Rəcəb Tayyib Ərdoğanın dünyaya “Azərbaycan tək deyil” bəyanatını ünvanlaması, tarixi Zəfərimizdən sonra postmünaqşə dövrünün bütün reallıqlarının təqdimatı və qəbul etdirilməsində Azərbaycana dəstək verən  Türkiyənin bu  münasibətləri Qarabağın tacı, mədəniyyət payaxtımız Şuşadan  dünyaya çatdırması, Rusiyanın ölkəmizin hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarxli üçtərəfli Bəyanatın iştirakçısı və təçəbbüsçüsü olması sonrakı proseslər barədə aydın təsəvvür yaradırdı.  Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında qardaş Türkiyənin və Rusiyanın dəstəyini xüsusi qeyd edir və yüksək qiymətləndirir.  Ölkə Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və  Yeni il münasibətilə  xalqa müraciətində Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağının anonsunu vermişdir.  Bu baxımdan Bəyannamənin imzalanması yeni gündəmə çıxan məsələ deyil. Eyni zamanda, bu sənədin imzalanmasının  regionda gedən son proseslərlə əlaqələndirilməsi qeyri-mümkündür. O da məlumdur ki, Türkiyə ilə “Şuşa Bəyannaməsi”, Rusiya ilə “Moskva Bəyannaməsi”nin imzalanmasından sonra, Azərbaycan bu ilin birinci yarısında Avropa İttifaqı ilə də ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir. Bu məqsədlə mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək. Dünya gücləri reallıqlara ədalət meyarından yanaşaraq bölgədə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə dəstək verməyə hazırdır.  Azərbaycanın bu uğurları düşünülmüş və məqsədyönlü siyasətinin  nəticəsidir. Dövlətimiz öz siyasətində müstəqil olduğunu atdığı hər addımında təsdiqləyir. Təkcə 44 günlük İkinci Qarabağ müharbəsinin  getdiyi dövrlərdə ölkəmizə qarşı göstərilən təzyiqlərə, müharibənin dayandırılması ilə bağlı dünya güclərinin çağırışlarına diqqət yetirmək kifayətdir. Bütün hallarda Azərbaycan öz prinsipial mövqeyindən bir addım da belə geri çəkilmədi və müharibəni hansı şərt daxilində dayandıra biləcəyini açıqladı. Siyasətində müstəqil olan dövlət daim irəliyə doğru inamla addımlayacaq. 44 günlük Vətən müharibəsində şanlı Qələbəmiz  Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutduğunu, ölkələrlə münasibətlərində də bu amilə xüsusi önəm verdiyini təsdiqlədi.

Azərbaycan xarici siyasətində multilateralizmə, qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar da bunun təsdiqidir.

Postmünaqişə dövrünün reallıqları fonunda Azərbaycanın Avropa İttifaqı və NATO ilə  də münasibətləri  uğurla inkişaf edir. Ötən ilin dekabrında dövlt başçısı İlham Əliyevin Şərq Tərəfdaşlığının VI Sammiti çərçivəsində keçirdiyi görüşlər, müzakirə olunan məsələlər və əldə edilən ümumi nəticələr də bunu deməyə əsas verir.  Brüsseldə dövlət başçısı  NATO-nun baş katibi Yens Stoltenberq ilə də  görüşmüşdür. Bu ilin  fevralın 15-də  Yens Stoltenberq Prezident İlham Əliyevə zəng  vuraraq  Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə etmişdir.

Azərbaycanın müstəqil, öz milli maraqlarına əsaslanan çoxşaxəli siyasətinin uğurlarını təsdiqləyən xeyli sayda mühüm məqamları sadalaya bilərik. Bu gün müttəfiqlik Bəyannaməsini imzalayan Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır, işləyir. Atılan hər bir addım, imzalanan sənədlər bu əlaqələri daha da yaxınlaşdırır, gələcək üçün yeni istiqamətlərin müəyyənləşdirilməsinə stimul verir.  Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Moskva Bəyannaməsi Azərbaycan-Rusiya  münasibətlərində  keyfiyyətcə yeni səhifə açır.

Daha çox xəbərlər