Moskva Bəyannaməsinə reaksiyalar – “Ölkəmizə qarşı təhlükəli məqam yoxdur”
Azərbaycan və Rusiya prezidentlərinin imzaladığı müttəfiqlik sənədi ilə bağlı ekspertlərdən və siyasi çevrələrdən maraqlı yanaşmalar
Fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin imzalayıblar.
43 maddədən ibarət olan, iki dövlətin qarşılıqlı əlaqələrini, münasibətlərini, öhdəliklərini özlüyündə ehtiva edən Bəyannamənin ilk bəndi Azərbaycanın maraqları baxımından olduqca önəmlidir. Qeyd olunur: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.
Təbii ki, torpaq bütövlüyünə on illər boyunca xələl gəlmiş, hələ də bu məsələ ilə bağlı bəzi həlli vacib tədbirlərin görülməsinin zəruri olduğu dövrdə ölkəmiz üçün bu maddədə əks olunmuş prinsiplər çox əhəmiyyətlidir. Ancaq digər bəndlər faydalı əməkdaşlıq və müttəfiqlik üçün vacib məsələləri özündə ehtiva edir.

Elman Məmmədov
Deputat Elman Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Moskvada iki dövlət arasında imzalanmış bəyannamə kifayət qədər geniş həcmlidir və bir çox sahələri əhatə edir: “İki dövlət arasında qarşılıqlı əməkdaşlıq, tərəfdaşlıq, dostluq məsələləri bəyannamədə əksini tapır. Eyni zamanda hər iki dövlətin təhlükəsizliyi, ticari-iqtisadi əlaqələrlə bağlı, ümumiyyətlə, bütün sahələrlə əlaqədar əməkdaşlıq məsələləri sənəddə öz əksini tapır. Bəyannamədə xüsusilə vurğulanan məsələ var ki, burada hər iki dövlətin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına hörmət etmək şərtilə imzalanıb”.
Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Moskva bəyannaməsi bir çox aspektlərdən xüsusi önəm daşıyır: “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin imzalanması ilə Azərbaycan-Rusiya münasibətləri növbəti mərhələyə qədəm qoyur. Moskva bəyannaməsinin imzalanması Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirilməlidir. Bu gün dünyada ciddi proseslər gedir, dünya nizamı yenidən qurulur. Rusiya-Qərb münasibətləri özünün ən gərgin dövrlərini yaşayır. Heç şübhəsiz ki, əlaqələrin gərginləşməsi keçmiş sovet məkanına da təsirsiz ötüşmür. Rusiya ilə münasibətlərin pozulmasının bir sıra keçmiş sovet respublikaları üçün hansı problemləri yaratdığının acı nümunələri göz qabağındadır”.

Ceyhun Məmmədov
C.Məmmədov imzalanan sənəd ətrafında aparılan müzakirələrə də münasibət bildirdi: “Unutmamalıyıq ki, Rusiya güclü və böyük dövlətdir, onun bölgədə tarix boyu marağı olub, olacaq. Rusiya ilə münasibətlərin gərginləşdirilməsi Azərbaycanın dövlət maraqlarına uyğun deyil. Onu da nəzərə almalıyıq ki, keçmiş Qarabağ münaqişəsinin həllində vasitəçiliyi Rusiya öz üzərinə götürüb. Azərbaycan uzun müddətdir müxtəlif beynəlxalq qurumlar vasitəsilə münaqişənin həllinə çalışdı, ancaq heç bir nəticə olmadı. Bu gün Rusiyanın vasitəçiliyi ilə bu istiqamətdə xeyli məsafə qət etmişik. Hazırda Rusiyanın iştirakı olmadan problemin tam həlli mümkün deyil”.
Bəyannamənin əhəmiyyətinə gəldikdə isə deputat xüsusilə qeyd etdi ki, sənəddə təhlükəsizlik, siyasət, iqtisadiyyat, humanitar sahədə əməkdaşlıqla bağlı bir çox vacib məsələlər öz əksini tapıb: “Ən mühüm məsələlərdən biri də dövlətlərin bir-birinin suverenliyinə, müstəqilliyinə hörmət etməsinin, bir dövlətin ərazisindən digər dövlətə qarşı istifadəyə icazə verməməsinin sənəddə əksini tapmasıdır. Yuxarıda qeyd etdiyimiz kimi, sənədin imzalanması ilə Azərbaycan-Rusiya münasibətləri yeni bir mərhələyə qədəm qoyacaq, qarşılıqlı əlaqələr daha da inkişaf edəcək. Son günlər separatçıların Qarabağda təxribatları davamlı xarakter almışdı. Rusiyanın Ukrayna ilə bağlı qəbul etdiyi qərarlardan sonra ermənilərin iştaha və iddiası artmışdı. Bəyannamənin imzalanması Qarabağda cərəyan edən hadisələrə də ciddi təsir edəcək, prosesin uğurla yekunlaşması üçün yeni imkanlar yaradacaq”.
Rusiya ilə bəyannamənin Şuşa Bəyannaməsinə təsirinə gəldikdə, C.Məmmədov bildirdi ki, sözügedən sənədlərin hər ikisi Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmlənməsi, təhlükəsizliyinin təmin olunması məqsədilə imzalanıb: “Azərbaycan bir çox addımları Türkiyə ilə koordinasiyalı şəkildə atır. Onu da nəzərə almaq lazımdır ki, bu gün Türkiyə ilə Rusiya arasında münasibətlər yüksək səviyyədədir. Bir sıra beynəlxalq və regional layihələrdə hər iki ölkə sıx əməkdaşlıq edir. Yekun olaraq qeyd etmək lazımdır ki, bölgədə yaranmış gərginlik fonunda Prezident İlham Əliyev Azərbaycanı regionda və dünyada baş verə biləcək təhlükələrdən qorumaq üçün növbəti uğurlu diplomatik addım atdı. Bütün addımlar təhlükəsizliyimizin qorunmasına və qələbəmizin möhkəmlənməsinə yönəlib”.

Akif Nağı
QAT sədri Akif Nağı qeyd etdi ki, Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir: “Böyük qələbə əldə olunub, amma düşmən ölkə hələ də əsassız iddialarından əl çəkmir, razılaşmaları yerinə yetirmək istəmir. Ona görə də bizə daha çox müttəfiqlərin olması vacibdir. Rusiya bizimlə müttəfiqlik etmək istəyirsə, bundan maksimum yararlanmalıyıq. Bu cür məsələlərdə ritorikaya, emosiyalara yer yoxdur. Siyasət konkretliyi, faktları sevir. Biz də konkret maraqlarımızdan çixiş etməliyik. İlk baxışdan görünən odur ki, Ermənistan regionda təklənir. Bu, bizim üçün əlverişlidir. Amma bir müddətdən sonra Rusiya eyni bəyannaməni Ermənistanla da imzalaya bilər. Sadəcə, diqqətli olmalıyıq ki, Rusiya nə dərəcədə səmimi olacaq, bizimlə imzaladığı sənədə sadiq qalacaq, ya yox? Siyasətdə isə səmimiyyətin olması inandırıcı deyil. Bu şəraitdə ”nə qədər – o qədər” prinsipinə əməl etməliyik. Yəni Rusiya nə qədər səmimi olacaqsa , biz də o qədər səmimi olmalı, sayıqlığı əldən verməməliyik. Azərbaycanda geniş yayılmış “Rusiyadan bizə dost olmaz” tezisini kənara qoysaq, imzalanmış sənədin məzmununda ölkəmizə qarşı təhlükəli məqam yoxdur”.
A.Nağı bir neçə vacib məqamı xüsusi vurğuladı: “Sənəddə iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət ifadə olunur. Digər məqam ondan ibarətdir ki, tərəflərdən birinin təhlükəsizliyinə təhdid yaranarsa, məsləhətləşmələrin aparılması nəzərdə tutulur. Buna oxşar bənd Şuşa Bəyannaməsində də yer alıb. Bu bəndi hərbi müttəfiqlik, eyni zamanda Azərbaycan, Türkiyə, Rusiyanın birgə hərbi əməkdaşlığı kimi dəyərləndirmək olar. Ümumiyyətlə, bu sənədi Azərbaycan-Türkiyə müttəfiqliyinə, Şuşa Bəyannaməsinə qarşı qoymaq cəhdlərini düzgün hesab etmirəm, əksinə, Rusiyanın Şuşa Bəyannaməsinə qoşulması kimi dəyərləndirmək daha düzgün olardı. Başqa bir məsələ Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli razılaşmaların yerinə yetirilməsi sahəsində əməkdaşlıqla bağlıdır. Ermənistanın pozuculuqla məşğul olduğu bir vaxtda Rusiyanın bu mövqedən çıxış etməsi maraqlarımıza uyğundur. Sənədi tam şəkildə təhlil etmək istəmirəm. İlkin fikirlərimi bildirdim. Bu sənəd hələ geniş şəkildə öyrəniləcək”.
QAT sədri onu narahat edən bir neçə məqamı da qeyd etdi: “Sənəddə beynəlxalq siyasətdə fəaliyyətin əlaqələndirilməsi, müxtəlif məsələlərlə bağlı eyni və yaxud yaxın mövqelərin sərgilənməsi nəzərdə tutulur. Bu, Azərbaycanın müstəqil qərar vermək imkanlarını məhdudlaşdıra bilər. Digər tərəfdən, bu sənədin imzalanması Uktayna ilə münasibətlərimizə mənfi təsir göstərə bilər. Azərbaycan bu məqamları nəzərə almalıdır. Ən əsas iradımız isə sənəddə Xankəndi və digər yaxın ərazilərdə Azərbaycanın suveren hüquqlarının ləngimədən bərpa olunmasının vacibliyinin yer almaması ilə bağlıdır”.

Elçin Mirzəbəyli
Siyasi şərhçi, BAXCP-nin sədr müavini Elçin Mirzəbəylinin sözlərinə görə, Azərbaycanla Rusiya arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında bəyannaməyə yanaşmalar fərqlidir: “Onlardan bəziləri ənənəvi ”nüfuz müvəkkilləri”nin və düşərgəyə yenicə atılmış təxribatçı-dezinformatorların icra etdikləri missiyadan, bir qismi Rusiyaya qarşı bəslənilən əsaslı-əsassız emosional münasibətdən, müəyyən bir hissəsi isə məlumatsızlıqdan, bir az da “küyə getmək”dən qaynaqlanır. Bu baxımdan, sadaladığım qrupların iddialarında yer alan məqamların təfərrüatına varmadan, bəyannamənin ən çox müzakirə olunan müddəaları ilə bağlı fikirlərimi dəyərli oxucularla bölüşmək istəyirəm.
Əslində sənədin preamblua hissəsi öz-özlüyündə bütün suallara cavab verir. Azərbaycan və Rusiya bəyannaməyə hər iki xalqın maraqlarını tam şəkildə qarşılayan, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə və möhkəmləndirilməsinə töhfə verə biləcək, münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldıracaq sənəd kimi yanaşırlar. Şübhəsiz ki, iki ölkənin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığın genişləndirilməsi şərti ilə… Yəni sənəddə söhbət qarşılıqlı hörmət və etimaddan, hərtərəfli və bərabərhüquqlu əməkdaşlıqdan gedir.
Sənəddə BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının, ATƏT-in konsensusla qəbul edilən müvafiq sənədlərinin, həmçinin beynəlxalq hüququn təməl prinsip və normalarına istinad edilməsi, beynəlxalq hüquq əsasında çoxqütblü dünyanın formalaşdırılmasının və beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasında BMT-nin mərkəzi rolunun vacibliyinin vurğulanması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərini təşkil edən prioritetlərlə tamamilə üst-üstə düşür.
Daha öncə də qeyd etdiyim kimi, sənədin preamblua hissəsində münasibətlərin sözügedən bəyannamə çərçivəsində inkişafı ilə bağlı müzakirə mövzusuna çevrilən və bəzən də əsassız şəkildə “narahatlıq doğuran” məqam kimi təqdim edilən bütün suallara cavab verilib. Eyni yanaşma bəyannamənin 1-ci müddəasında da yer alıb və burada qeyd olunur ki, “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.
Qənaətimə görə, həm 1-ci maddədə yer alan məqamlar, həm də 2-ci maddədə hər iki ölkənin öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdəcəklərinin vurğulanması, bəyannamənin bəzilərinin iddia etdiyi kimi, “buxov” funksiyasını yerinə yetirməyəcəyinə tam təminat verir”. E.Mirzəbəyli qeyd etdi ki, 6-cı maddədə tərəflər sülhə təhlükə yarada bilən, sülhü pozan və ya tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyətin yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər:
“Bu yanaşma həm Azərbaycan, həm də Rusiya üçün qarşılıqlı münasibətlərin tənzimlənməsində prioritet təşkil edir və mahiyyət etibarilə ölkəmizin maraqlarına tam cavab verir”. BAXCP təmsilçisi bildirdi ki, Azərbaycan strateji müttəfiqlərinin sayını artırır: “Artıq Türkiyə ilə yanaşı qonşu Rusiya da müttəfiqlik münasibətləri çərçivəsində Azərbaycanın təhlükəsizliyinə təminat verən güc mərkəzi kimi çıxış edir. Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya münasibətlərinin strateji müttəfiqlik müstəvisinə qədəm qoyması, son nəticədə hər üç ölkənin qarşılıqlı əməkdaşlığının genişlənməsi üçün geniş imkanlar yaradır ki, bu da yaşadığımız bölgədə təhlükəsizliyin, sabitliyin təmin edilməsi, iqtisadi əlaqələrin inkişafı, sosial layihələrin həyata keçirilməsi üçün yeni maliyyə imkanlarının əldə edilməsi deməkdir. Bu xüsusda Azərbaycanın da, Türkiyənin də, Rusiyanın da maraqları üst-üstə düşür”.

