Cəmiyyət 

Xocalıda 14 yaxınını itirən qadın: “Hər il fevralda elə bilirəm ki, oğlum gələcək” – FOTO

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.

Bu qırğının nəticəsində 613 nəfər həlak olub ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın və 70 nəfəri qocalardır. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər yaralanıb.

Fevralın şaxtalı günlərində mülki əhalinin bir hissəsi meşədən keçərək şəhəri tərk edib.

Xocalını tərk edənlərdən biri də Elmira Allahverdiyevadır.

Onun sözlərinə görə, 1956-ci ildən Xocalıda yaşayıb:

“1974-cü ildə Xocalıda ailə qurmuşam. Bu evlilikdən üç övladımız olub. O dəhşətli gecəyə kimi xoşbəxt həyatımız vardı: Ermənilərin etdiyi o dəhşətdən sonra hər şey dəyişdi…”.

O deyir ki, faciə gecəsi yaxını olan 10 nəfər həyatın itirib, dörd nəfər isə itkindir:

“Mənim bacım, bacımın balası, atam, anam, iki qardaşım, qardaşımın iki övladı o dəhşətli gecə ermənilərin atəş açması ilə vəfat etdilər. Həyat yoldaşım, 17 yaşında oğlum, qayınatam və qaynım isə əsir qalıblar. Bu günə kimi onlardan bir xəbər gözləsəm də, heç bir səs yoxdur”.

Həmsöhbətim deyir ki, Xocalı dəhşətindən qabaq da mənfur düşmən müxtəlif yollara əl atırdı:

“1988-ci ildən erməni faşistləri maşınlarımızı daşlayırdılar, yollarımızı bağlayırdılar, işıq və qazımızı kəsirdilər. Həmin ilin yanvar ayının son günlərində mənfur düşmənin raket atması ilə qızım qorxdu və xəstələndi. Həkim mənə bildirdi ki, uşağı buradan çıxarmaq məcburiyyətindəyəm. Mən iki uşağımı oradan götürdüm və xilasedici helikopterlərlə çıxdım, amma böyük oğlum atası ilə qaldı. Bilmədim ki, bu gedişin dönüşü olmayacaq…”.

E.Allahverdiyeva qeyd edib ki, Xocalıda o dəhşətli hal baş verənə kimi hə şey yaxşı olub:

Hər şey normal idi və şəhər günü-gündən gözəlləşirdi. 1988-ci ildən ermənilər yolları kəsməyə başladılar, 1992-ci ilə kimi bu hal davam etdi. Həmin ilin fevral ayının 26-da isə dəhşətli gün yaşandı. Ən çox itki verən ailələr arasındayam. Bacım 26 yaşında idi və 3 qızı vardı. Bacım, həyat yoldaşı, dörd yaşında qızı həlak oldu. Sadəcə geriyə iki qızı qaldı…”.

Müsahibim deyir ki, indi o Xocalıda itirdiklərinin xatirəsi ilə yaşayır:

“İndi mən sadəcə nəfəs alıram, buna yaşamaq demək olmaz. Mənim üçün yaşama sevinci 30 il geridə qaldı. Hər gün gözüm yoldadır. Fevral ayı mənim üçün kədərli aydır, hər il bu vaxtı elə bilirəm ki, oğlum qapını açacaq və gələcək…”.

Daha çox xəbərlər