Cəmiyyət 

Pirşağının “Xocalı” qəsəbəsindən FOTOREPORTAJ

Şəhərdən xeyli uzaqdayıq…

Hətta burada yaşayanların sözü ilə desək unudulan qəsəbədə, “Xocalı qəsəbəsi”ndəyik. Əslində buranı sakinlər belə adlandırır.

Çünki burada kənar şəxs yoxdur. 1992-ci il şəhərə gələn ən son helikopterlə canının yarısını Xocalıda qoyub, ürəyinə od, bədəninə qəlpələr düşmüş həmin sakinlər burada məskunlaşıb.

Kiçik bir ərazidə 110-a yaxın ailə var. Sakinlər deyir ki, əksəriyyəti Ağdam məscidindən çıxarıldıqdan sonra müvəqqəti olaraq buraya gətiriliblər.

Amma o müvəqqəti narahatlıq nə zaman bitəcək, heç kim bilmir.

Sakinlərin çoxu bu vəziyyətdə qalmaqdan xəstəlik tapdıqlarını deyirlər. Ərazidə normal kanalizasiya, su sistemi yoxdur. Bu tərəflərdə bir qab yemək bişirmək üçün qaz da tapılmır.

Bir ümid var işığa, o da bir gün olur, bir gün yox.

Ətrafda uçuq-sökük kiçik “ev”lər var. Ətrafına məftildən “hasar” çəkib, içərisində 3-5 toyuq cücə saxlayırlar.

Sakinlər deyir ki, səsimizi çıxara bilmirik. Deyirlər ki, giley-güzar edirsiniz:

“Məqsədimiz gileylənmək deyil, dövlətdən də narazı deyilik. Bizdən bir az aralıda yaşayan Xocalı sakinlərini evlə təmin edib Ramanı qəsəbəsinə köçürdülər. Bilmək istəyirik ki, biz nə zaman normal yaşayışla təmin ediləcəyik? Neçə ildir əziyyətə dözüb, səbir edirik. Yaşlanmışıq, soyuqdan, nəmişlikdən xəstəlik tapıb iynə-dərman içərisində itib batırıq”.

Qapısı bağlı bir obyekt var. Sakinlər bunu özü aralarında “xeyir-şər” evi adlandırırlar.

Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara, ərazi üzrə icra hakimiyyətinə dəfələrlə müraciət ediblər. İcra hakimiyyəti isə onları cavabsız qoymayıb.

Amma məsələ odur ki, verilən cavab da sakinlərin dərdinə dərman olacaq tərzdə deyil.

Bu gün Xocalı soyqırımından 30 il keçir. Ümid edirik ki, Xocalı sakinləri ilə bu məkanda, bu şəraitdə son görüşümüz olar.

Növbəti dəfə onların hər birini öz evlərində, daha xoş şəraitdə ziyarət etmək arzusu ilə…

 

Daha çox xəbərlər