Qarabağda və Şərqi Zəngəzurda tikinti bumu
2022-ci ildə dövlət büdcəsindən bu işlərə 2,2 milyard manat ayrılıb
XXI əsrin sürətli və ləyaqətli müharibəsini apararaq torpaqlarımızı düşmən işğalından azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün ən yeni texnologiyalarla Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur. Ali Baş Komandanın «Dəmir yumruq» əməliyyatı ilə işğaldan azad edilmiş torpaqlarımız hazırda dəmir iradə ilə müasir formada bərpa olunur. 2021-ci ildə işğaldan azad olunan rayon və kəndlərdə həyata keçirilən tikinti-quraşdırma işlərinə 1 milyard 954 milyon 551 min manat vəsait sərf olunub. Bu istiqamətdə ən çox vəsait Füzuli rayonunda sərf olunub: 667 milyon 754 min manat. Bundan başqa, tikinti işlərinə Zəngilan rayonunda 214 milyon 471 min manat, Kəlbəcər rayonunda 192 milyon 808 min manat, Cəbrayıl rayonunda 224 milyon 369 min manat, Ağdam rayonunda 142 milyon 623 min manat, Laçın rayonunda isə 118 milyon 13 min manat xərclənib. Şuşa rayonunda tikinti-quraşdırma işlərinə 284 milyon 487 min manat, Qubadlı rayonunda 110 milyon 26 min manat tikinti-quraşdırma işlərinə sərf olunub. 2022-ci ilin dövlət büdcəsində isə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan vəsaitin məbləği 2,2 milyard manata çatdırılıb.
Bəli, məhz Azərbaycan dövləti tikinti-quruculuq işlərinin geniş miqyası ilə dünyaya göstərir ki, vandal ermənilərin 30 ildə darmadağın etdikləri Qarabağı və Şərqi Zəngəzuru qısa müddətdə yenidən dirçəltmək gücündədir. Həm də kimdənsə maliyyə dəstəyi almadan. Prezident İlham Əliyev məhz bu dövr üçün qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəflər müəyyən edib. İndi həyata keçirilən bütün işlər bu hədəflərin uğurla reallaşmasına yönəlib. Bütün bu işlər dövlət başçısının «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» Strategiyasında da aydın şəkildə öz əksini tapıb. Belə ki, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair reallaşdırılacaq beş milli prioritet müəyyənləşdirilib. Bu prioritetlər, əlbəttə ki, Vətən müharibəsində ərazi bütövlüyünü təmin edən Azərbaycanın gələcək yüksəlişinə hədəflənib.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda böyük tikinti bumu yaşanır. Azad olunmuş ərazilərimiz tezliklə «yaşıl enerji» zonasına çevriləcək. Çünki işğaldan azad edilmiş ərazilərdə yüksək texnologiyaların və «ağıllı şəhər», «ağıllı kənd» konsepsiyasının tətbiqi Azərbaycana dünyada misli görünməmiş dəyişikliklər həyata keçirməyə imkan verəcək. Həmçinin işğaldan azad edilmiş ərazilərin malik olduğu potensialın ölkəmizin ümumi iqtisadiyyatına yönəldilməsi dayanıqlı inkişafa böyük təkan verəcək. Bu çərçivədə bölgədə təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi Azərbaycanın bölgədəki rolunu daha da gücləndirəcək. Ən başlıcası isə məcburi köçkünlərin öz doğma yurdlarına Böyük Qayıdışını sürətləndirəcək.
Prezident İlham Əliyev fevralın 13-də Ağdam rayonuna səfəri zamanı çıxışında bildirib ki, bu rayonun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi imkan verəcək ki, qısa müddət ərzində Ağdam yenidən qurulsun: «Bu gün Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşı qoyuldu. Sənaye parkının təməl daşını mən keçən dəfə Ağdamda qoymuşdum, Müstəqillik Günündə qoymuşdum. Bu gün isə artıq ilk müəssisələrin təməli qoyuldu. Artıq 5 rezident vardır və onlar işə başlayırlar».
Beləliklə, 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının ilk müəssisələri artıq bu sahədə ilk addımlarını atır. Azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. «Ağdam-1» və «Ağdam-2» yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Ağdamda müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Yaşayış kompleksinin təməl daşının qoyulması da əlamətdar hadisədir. Altı evdən ibarət yaşayış kompleksi təqribən il yarıma – iki ilə inşa ediləcək. 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. İnşa olunan 1 nömrəli məktəbdə təqribən minə yaxın şagird oxuyacaq. Ağdama qaz xətlərinin çəkilişi layihəsi işlənilir. İçməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi İnvestisiya Proqramında öz əksini tapıb. Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Avtomobil yolu təxminən bir ilə hazır olacaq. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlayıb. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq.
Bütün bunlar çox önəmli hadisələrdir. Ona görə ki, Ağdam şəhərinin gələcək inkişafı ilə bağlı planlarda, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması var. Çünki burada yaşayacaq ağdamlıların işlə təmin olunması üçün yeni iş yerləri yaradılacaq.
Qarabağda və Şərqi Zəngəzurda tarixi və dini abidələrin bərpa olunması işləri isə dövlətlə bərabər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun imkanları hesabına da həyata keçirilir. Bu isə Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir.

