Gündəm 

Artıq Böyük Qayıdış başlayır

Cari ildə nəzərdə tutulan layihələr arasında  Zəngilan rayonunun Ağalı kəndinin bərpasının tamamlanması, həmçinin Zəngilan Beynəlxalq Hava Limanının açılışı xüsusi yer tutur

Son bir ildən artıq dövrün əsas müzakirə mövzusu işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləridir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2021-ci ildə  işğaldan azad edilmiş  ərazilərə 32 səfər edib. Bu statistikanı açıqlamağımız səbəbsiz deyil. Bu baxımdan ki, hər bir səfər Böyük Qayıdışa doğru atılan addımdır. Cənab İlham Əliyevin bu ərazilərdə  açılışında  və təməlqoyma mərasimlərində iştirak etdiyi obyektlərin say tərkibinə diqqət yetirsək hazırda bu işlərin yüksək səviyyədə olduğunu böyük əminliklə qeyd edə bilərik. İlk gündən infrastruktur layihələrinin icrası prioritet oldu. Ötən bir ildə əldə olunan nəticələrə diqqət yetirməklə nəqliyyat infrastrukturunun inkişafına xüsusi diqqət göstərildiyi özünü qabarıq şəkildə büruzə verir.  Belə ki, 2021-ci ilin  oktyabrın 26-da istifadəyə verilən  Füzuli Beynəlxalq Hava Limanı dünya praktikasında  ən sürətli icra edilmiş  infrastruktur layihələrindən biridir. Artıq Zəngilan Hava  Limanının da  uçuş-eniş zolağında  ərazi minalardan təmizlənib və tikinti işləri davam edir. Laçın Hava Limanının isə yeri müəyyən edilməklə  plan-sxemlər hazırlanıb və hazırda  tikinti işlərinə başlanması üçün baza yaradılır. Həmçinin ötən il  Zəfər yolunun tikintisi başa çatdırıldı.   İşğaldan azad  edilmiş  ərazilərdə  15 fərqli  layihə üzrə 1400 kilometrdən artıq uzunluqda  yolların, habelə  telekommunikasiya şəbəkələrinin qurulması  və  rabitə xidmətlərinin təşkili üzrə işlər də sürətlə davam edir. Bu ərazilərdə  elektrik enerjisinin təminatı ilə bağlı  ötən il ərzində lazımi avadanlıqların quraşdırılması, yarımstansiyaların yenidən qurulması və bərpası,  elektrik xətlərinin çəkilişi istiqamətində xeyli işlər görülüb.  Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan və Qubadlıda yarımstansiyaların tikintisi qısa müddətdə başa çatdırılaraq istifadəyə verilib, digər enerji infrastrukturu obyektlərində bərpa və gücləndirmə işləri davam etdirilir. Həmçinin  işğaldan azad edilmiş  ərazilərdə «Yaşıl enerji» zonasının  tətbiq edilməsinə dair konsepsiya hazırlanıb. O da məlumdur ki, dövlət başçısı İlham Əliyevin 2 fevral 2021-ci il tarixili Sərəncamı ilə «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqlənib. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;  işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Bu hədəf də açıqlanır ki, strateji dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpaolunan enerji mənbələrindən istifadə xüsusilə daha çox artacaq. Bunu nəzərə alaraq ölkədə enerjidən səmərəli istifadə edilməli və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilməlidir.

Bugünümüzün əsas çağırışlarından biri də budur ki,  indiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl texnologiya”ların tətbiqi genişləndirilməlidir. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcək.  Qeyd edilən Milli Prioritetlər Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

Ölkə Prezidentinin hər bir çıxışı, müsahibəsi  digər sahələr kimi, bərpa və quruculuq  istiqamətində də görülən işlərin təqdimatıdır.  Ötənilki işlərin davamı olaraq bu il həmin  ərazilərdə  görülməsi  nəzərdə tutulan işlərdən  bəhs edən cənab İlham Əliyev qeyd etmişdir ki, keçən il çox böyük proqram icra edilməyə başlanmışdır. Müharibədən çıxmış ölkələrin təcrübəsinə nəzər saldıqda bu, doğrudan da miqyas baxımından tarix boyu ən genişmiqyaslı proqramdır. Bu proqramın  özəlliyi ondadır ki,  heç kimdən yardım istəmədən və almadan öz vəsaitimiz hesabına  həyata keçiririk. Əlbəttə, burada da ardıcıllıq olmalı idi. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalı idi ki, bu sahədə həm ANAMA, həm Müdafiə Nazirliyi, həm də  Fövqəladə Hallar Nazirliyi fəal işləyirlər.

Təəssüf hissi ilə qeyd edirik ki, müharibədən sonra 200-ə yaxın  mülki və hərbi vətəndaşımız  ya həlak olub, ya da  ciddi yaralanıb. Ona görə bu işləri görmədən  genişmiqyaslı qayıdış proqramına başlamaq mümkünsüzdür. Əvvəldə də qeyd etdiyimiz kimi, minaların təmizlənməsi ilə yanaşı,  infrastrukturun keçdiyi yerlər  diqqət mərkəzində saxlanılır. Böyük Qayıdışın reallaşmasında minaların təmizlənməsi ilə bərabər, infrastrukturun bərpası əsasdır. Son bir ildə bərpa və quruculuq işlərinin miqyasının genişliyi minalardan təmizləmə işlərinin sürəti barədə də aydın təsəvvür yaradır. Amma bütün hallarda bu proses həm xeyli vaxt itkisidir,  həmçinin maliyyə vəsaiti tələb edir. Nəzərə alaq ki, bütün bu işləri Azərbaycan dövləti öz daxili imkanlarımız hesabına həyata keçirir. Hər zaman bir-birinə dəstək olan Azərbaycan və Türkiyənin Zəngilanda birgə investisiya layihəsinə start vermələri də təqdirəlayiqdir. Məlum olduğu kimi, ötən il oktyabrın 26-da  Füzuli Beynəlxalq Hava Limanının açılışında birgə iştirakdan sonra Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda «ağıllı kənd» layihəsi çərçivəsində Ağalı kəndində görülən işlərlə tanışlıqdan sonra «Dost Aqropark»ın təməlini qoymuşdular. Türk və azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçiriləcək “Dost Aqropark” layihəsi üç mərhələdə icra olunacaq. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.

Baş planı hazır olan şəhərlərin, xüsusilə Şuşa və Ağdamın minalardan təmizlənməsi prosesi sürətlə gedir. «İlk növbədə, biz bundan başqa elektrik təsərrüfatını yaratmalıydıq. Çünki azad edilmiş torpaqların, xüsusilə dağlıq ərazilərin relyefi belədir ki, əgər orada infrastruktur olmasa, hərbçilər üçün xidmət aparmaq çox çətin olacaq, bəlkə də mümkünsüz olacaq. Təkcə  Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı – Ermənistanla həmsərhəd olan yerlərdə  700 kilometrə yaxın yol çəkilib» söyləyən dövlət başçısı İlham Əliyev görülən işlərin fonunda bu reallığı da xüsusi qeyd edir ki,  biz təkcə maliyyə  deyil, eyni zamanda, texniki baxımdan, mütəxəssislər baxımından da müstəqilik. Heç kimdən yardım almamışıq.

Bərpa və quruculuq işləri çərçivəsində  şəhərlərarası yolların da yenilənməsi əsasdır.  Bu proses də  geniş vüsət alıb. Göygöldən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox olan tunel çəkilir. Kəlbəcər ilə Laçın arasında 4 kilometr uzunluğu olan ikinci tunel inşa edilir. Özlüyündə yaranan   «Bu, nə verəcək» sualına cavab olaraq dövlət başçısı İlham Əliyev bildirir ki,  Kəlbəcərə rahatlıqla Göygöl-Gəncə istiqamətindən gələ bilərik.  Artıq həm strateji, həm də vətəndaşların ora qayıtması nöqteyi-nəzərindən bütün məsələləri həll edə bilərik. Bərdə-Ağdam avtomobil yolu inşa edilir.  Naftalan Talış və Suqovuşanla birləşdirilir.  Bu da həm strateji, həm də turizm nöqteyi-nəzərindən çox önəmli olacaq. Çünki Naftalan hazırda  beynəlxalq turizm mərkəzinə çevrilib.

Görülən işlərin, həyata keçirilən infrastruktur layihələrinin hamısını sadalamaq mümkün deyil. Dövlət başçısı bildirir ki, bu il nəzərdə tutulan layihələr arasında  Ağalı kəndinin inşasının  tamamlanmasını qeyd edəcəyik.  Bu, pilot layihədir, bunun böyük rəmzi mənası var. Çünki artıq bu il ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaq və Ağalı kəndi elə bil bizim istədiyimizin təcəssümüdür: “Biz bu torpaqlarda hansı səviyyəni görmək istəyirik, insanlar üçün yaradılacaq hansı rahatlığı görmək istəyirik, bu layihədə öz əksini tapıb. Amma, eyni zamanda, bu, pilot layihədir. Bu layihə ilə bağlı gedən işlərə ondan sonra qiymət veriləcək, təhlil aparılacaq və növbəti layihələr əminəm ki, bütün bu təhlili nəzərə alacaq. Amma bu, çox böyük rəmzi xarakter daşıyır. Çünki belə çıxır ki, müharibədən heç iki il keçməmiş biz haradasa, yaz-yay aylarında Ağalı kəndinin sakinlərini artıq orada yerləşdirmək istəyirik. İki il keçmədən artıq qayıdış başlayır. Bunun çox böyük rəmzi mənası var.”  Zəngilan Hava Limanının da  bu il açılması nəzərdə tutulub. Orada da kifayət qədər iş yerləri açılacaq. İndi azad edilmiş ərazilərdə müxtəlif kənd təsərrüfatı layihələri icra edilir. Bu il 40-50 min hektarda əkin işləri nəzərdə tutulur. Bu, ərzaq təhlükəsizliyimizi təmin edəcək.

Ölkə Prezidenti  bu il Azərbaycan Gəncləri Gününün 25 illiyi münasibətilə keçirilən Gənclər Forumunda   bu məqamı da xüsusi qeyd etmişdir ki, mənim  bölgələrə səfərlərim çərçivəsində  o bölgələrdən olan nümayəndələrlə də görüşləri olur.  Onlara da  planlar təqdim edilib və birlikdə müzakirə edilir. Onlar öz şəhərlərini, kəndlərini necə görmək istəyirlər? Bu, mütləq nəzərə alınmalıdır: «Eyni zamanda, müasir tələblər nəzərə alınmalıdır, memarlıq nəzərə alınmalıdır. Biz, əlbəttə ki, memarlıq baxımından gözəl şəhərlər yaratmalıyıq. Burada gənclərin yaradıcı missiyası çox qəbul olunandır. Əminəm ki, gənclər həm real layihələrin icrasında, eyni zamanda, yeni layihələrin təqdim edilməsində fəal olacaqlar. Əsas olan budur ki, soydaşlarımızın Böyük Qayıdışı təmin edilsin və tezliklə o sevinci yaşasınlar.»

Dövlət başçısı qarşıya bu hədəfi qoyur ki,  hər şey əsaslı olmalıdır. Həm tez edək, eyni zamanda, tələskənliyə yol verməyək. Çünki bu insanlar 30 il ağır vəziyyətdə yaşayırdılar. Biz elə şərait yaratmalıyıq ki, onlar bundan sonra rahat yaşasınlar.

Göründüyü kimi, dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərdən lazımi şəraitin yaradılması üçün bütün addımları atır. Bugünümüz üçün yeganə rəqib zamandır. Tezliklə bərpa işləri sona çatacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar, Azərbaycanın həyatında sözün əsl mənasında yeni mərhələ başlayacaq. Bu mərhələ həmin ərazilərin malik olduğu potensialdan səmərəli istifadə edərək dayanıqlı inkişafın təmin edilməsi olacaq.

Onu da qeyd edək ki, Qarabağın tacı Şuşaya və Ağdama avtobus reysləri təşkil edilib. Bu ərazilərimizi görmək üçün  gözəl imkanlar yaranır. Bu səfərlər, həmçinin təbliğat xarakteri də daşıyır. Bu baxımdan ki,  bu torpaqlara səfər edən hər kəs  erməni vəhşiliklərinin şahidi olur. İşğaldan azad edilmiş  ərazilərimizə diplomatların, siyasi partiyaların təmsilçilərinin, mətbuat nümayəndələrinin mütəmadi səfərləri olur. Azərbaycan dövlətinin  bu ərazilərin daha müasir tələblər səviyyəsində bərpasında maraqlı olması soydaşlarımızda böyük əhval-ruhiyyə yaradır.

Məlumdur ki, martın 1-də ölkə  Prezidenti İlham Əliyevin tapşırığı ilə Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb. Məqsəd dövlətimizin başçısı tərəfindən müəyyən edilmiş tapşırıqların icrası ilə yerində tanış olmaq, müxtəlif dövlət qurumlarının həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələrinin, tikinti, bərpa, quruculuq və abadlaşdırma işlərinin gedişatını nəzərdən keçirməkdir. Səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanına, “Füzuli” yarımstansiyasına, Horadiz-Ağbənd avtomobil və dəmir yollarının tikinti sahəsinə, minatəmizləmə əməliyyatlarına, “Araz Vadisi İqtisadi Zonası”nın Sənaye Parkına, Zəngilan Beynəlxalq Hava Limanının tikintisinə, Zəngilan rayonunun Ağalı kəndinə və s. yerlərə baxış keçiriləcək. Yekunda Şuşa şəhərində aidiyyəti dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirənin keçirilməsi nəzərdə tutulur.

Arxada qalan hər gün Böyük Qayıdışı yaxınlaşdırır. Dövlət başçısı İlham Əliyev soydaşlarımıza bu sevinci yaşatmaq üçün səyləri daha da artırır. Böyük Qayıdışın başlanması ilə ölkəmizin həyatında da yeni mərhələ başlanacaq.  Bütün bölgələrimizin malik olduqları potensialdan səmərəli istifadə etməklə  Azərbaycanın növbəti mərhələdə  dayanıqlı inkişafı tam təmin ediləcək, bu ərazilərimiz xarici turistlərin diqqətini çəkəcək,  investisiyaların artırılması üçün gözəl imkanlar yaranacaq. Atılan hər bir addım bir məqsədə xidmət edir: Azərbaycan iqtisadiyyatının dayanıqlılığı təmin edilməklə  qarşıya çıxan hər bir çətinlik anındaca  aradan qaldırılsın.

Daha çox xəbərlər