Gündəm 

Dövlət maraqlarının təmin edilməsinə yönələn siyasət

23 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Rusiyaya rəsmi səfər çərçivəsində ölkənin aparıcı KİV-lərinin rəhbərləri ilə TASS agentliyində görüş keçirdi. Görüşü bir çox fərqli baxış bucağından qiymətləndirmək, təhlil etmək mümkündür. Ancaq yəqin ki, başlıca olaraq erməni lobbisinin olduqca güclü və aktiv olduğu Rusiyada Azərbaycan həqiqətlərinin birbaşa ölkə rəhbəri tərəfindən səsləndirilməsindən başlamaq daha düzgün olardı. Məlumdur ki, 1990-cı illərin əvvəllərində, Azərbaycanın və Ermənistanın müstəqilliyini yenicə elan etdiyi vaxtlarda Birinci Qarabağ müharibəsinin ilk qığılcımları artıq meydana çıxmışdı. Daha sonrakı dövr-Xocalı faciəsinin baş verməsi, bir gecədə yüzlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirilməsi, onlarla soydaşımızın sadəcə etnik kökləri səbəbindən təhqirlərə, zülmlərə məruz qalması və qısa bir dövr ərzində torpaqlarımızın beşdə birinin erməni işğalına məruz qalması ilə səciyyəvi idi. Ancaq təəssüf ki, bütün baş verənlərə rəğmən həmin dövrdə Azərbaycan mövcud reallıqları, həqiqətləri dünya birliyinə çatdıra bilmir, haqlı olduğu halda dünyada təcavüzkar, məzlum bir xalqa qəsd edən qəddar ölkə kimi tanınırdı. Bu gün isə vəziyyət tamamilə fərqlidir. Vətən müharibəsinin gedişatında Prezident İlham Əliyev informasiya müharibəsinə şəxsən başçılıq edərək, 44 gün ərzində müxtəlif ölkələrin, o cümlədən  Türkiyə, Rusiya, İtaliya, ABŞ, İspaniya, Almaniya, Yaponiya, Qətər, Böyük Briyaniya  kimi ölkələrin ən reytinqli telekanallarına ümumilikdə 26 müsahibə vermişdir. Verilən hər bir müsahibə Azərbaycanın milli maraqlarının tərənnüm edilməsinə və mövqeyinin dünya ictimaiyyətinə çadırılaraq, haqq işimizin dəstək qazanmasına gətirib çıxarmışdır. Beləliklə, 23 fevral tarixli görüş də bu siyasətin davamına yönələrək, dövlət maraqlarının təmin edilməsinə yönəlmiş və artıq münasibətlərimizin rəsmən müttəfiqlik səviyyəsinə qalxdığı Rusiyada ölkəmiz barədə müsbət rəy formalaşmasına xidmət etmişdir.

Qeyd edək ki, həmin görüşdə Rusiya mediasının erməni diasporuna mənsub olan əsas siması, “Russia Today” telekanalının, “Rossiya Seqodnya” və “Sputnik” agentliklərinin baş redaktoru Marqarita Simonyan da iştirak edərək, ənənəvi erməni xislətini nümayiş etdirməkdən çəkinməmişdir. M.Simonyanın qərəzli mövqeyi ölkə başçımızın dəqiq, tamamilə faktlara əsaslanan fikirləri və Mehriban xanımın humanitar əsaslarla verdiyi cavab nəticəsində süquta uğramışdır. Məlumat üçün qeyd edim ki, Simonyan etnik ermənilərin Azərbaycana girişinə guya qadağa qoyulması ilə bağlı ölkə başçımıza qərəzli sualla müraciət etmişdi. Əvəzində ölkə başçımız bunun belə olmadığını, indiyə qədər müxtəlif tədbirlər, beynəlxalq yarışlar, konfranslar çərçivəsində etnik ermənilərin və milliyətcə erməni olan digər ölkə vətəndaşlarının Azərbaycana gəldiyini bildirmiş, belə vətəndaşların ölkəmizə gəlməsi üçün sadəcə müəyyən qurumların öncədən xəbərdar edilməsinin vacibliyini nəzərə çatdırmışdır. Daha sonra, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva onları Azərbaycanı və işğaldan azad edilmiş əraziləri öz gözləri ilə görmək üçün ölkəmizə dəvət etdilər. Bununla da, xanım Simonyan otuz il işğal altında qalan əzəli torpaqlarımızda “mədəni”, “xeyirxah”, “sülhsevər” erməni xalqının hansı barbarlıqlar törətdiyini öz gözləri ilə görə və həqiqətləri heç bir yalan burulğanı olmadan müşahidə edə biləcək.

Görüşdə növbəti diqqətçəkən anlardan biri də “Nezavisimaya qazeta”nın baş redaktoru Konstantin Remçukov tərəfindən səsləndirilən Türkiyə ilə münasibətlərin səciyyələndirilməsi ilə bağlı sual oldu.  Ölkə başçımız cavabında ilk olaraq Türkiyə ilə münasibətlərin müttəfiqlik səviyyəsində olduğunu bildirdi. Əlavə olaraq, Vətən müharibəsinin ilk anlarından etibarən Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın haqq işinə verdiyi güclü siyasi dəstək və müharibədən sonra azad olunmuş torpaqlarımızda aparılan bərpa quruculuq işlərində türk şirkətlərinin oynadığı mühüm roldan bəhs edildi.

Mehparə Mansırova,
Bakı şəhəri, Pirallahı rayonu, 168 nömrəli tam orta məktəbin direktoru

Daha çox xəbərlər