Cəmiyyət 

“AMEA-nın Rəyasət Heyətinin üzvləri də dəyişməlidir, çünki…” – professordan açıqlama

AMEA-ya yeni prezident aprel ayında seçilə bilər

Bir müddət əvvəl öz istefası ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsindən uzaqlaşan Ramiz Mehdiyev haqqında yenə söz-söhbətlər bitmir. Deyilir ki, o, artıq elmlə məşğul olur, növbəti kitabını çapa hazırlayır. Bəziləri isə bildirir ki, “Boz kardinal” növbəti revanşa hazırlaşır, yeni vəzifə iddiasındadır. Hətta istefa verməsinə rəğmən hələ də AMEA-ya gəlib-getdiyi də deyilir…

Yada salaq ki, fevralın 19-da AMEA-nın Rəyasət Heyətinin yığıncağı keçirilib. Yığıncaqda Ramiz Mehdiyevin AMEA Prezidenti vəzifəsindən istefa ərizəsinə baxılıb və istefa qəbul edilib. AMEA prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq akademik Arif Həşimova həvalə edilib. Beləliklə, Ramiz Mehdiyev erası AMEA-da da özünün sonluğuna çatmış oldu. Mehdiyev getmədən öncə böhtan, ittiham dolu yazıları ilə də yadda qalmışdı.

Ramiz Mehdiyev haradadır? AMEA-nın sabiq prezidenti işə çıxırmı? O, vəzifədən getdikdən sonra AMEA binasına gedib-gəlirmi? Prezident seçkisi nə zaman keçiriləcək?

Azadə Balayeva mətbuat katibi təyin olundu

Azadə Balayeva

AMEA Rəyasət Heyətinin mətbuat xidmətinin rəhbəri Azadə Balayeva mövzu ilə bağlı “Yeni Müsavat” a bunları şərh edib: “Ramiz müəllimin işə gəlib-getdiyini görməmişəm, onunla bağlı xəbərim yoxdur. O ki qaldı akademiyada prezident seçkiləri ilə bağlı məsələyə, bunun üçün vaxt təyin olunmayıb. Adətən Rəyasət Heyətinin ümumi yığıncağında seçilir. Ümumi yığıncağın da vaxtı hələ təyin olunmayıb. Adətən ümumi yığıncağın iclası aprel ayında keçirilir. AMEA-ya prezidentliklə bağlı namizədlər hələ ki irəli sürülməyib.  O da İdarə Heyətinin iclasında bilinəcək”.

A.Balayeva “AMEA prezidenti hansı kriteriyalar əsasında seçiləcək və bundan sonra nə kimi dəyişikliklər olacaq” sualına belə cavab verib: “Hər şey AMEA-nın nizamnaməsinə uyğun olacaq, orada necə tələb edilirsə, ona uyğun olaraq namizəd də seçiləcək. Maaşların artırılması ilə bağlı məsələyə münasibət bildirə bilməyəcəyəm, çünki səlahiyyətimdə deyil. Amma dəyişikliklər hər zaman olur. Son günlər AMEA prezidentinin səlahiyyətlərini icra edən Arif Həşimov vacib  görüşlər keçirir. Elmi bölmələrin, institutların rəhbərləri ilə görüşlər keçirir, institutların problemlərinin aradan qaldırılması üçün nə işlər görülə bilər, elmi nailiyyətləri daha da artırmaq üçün daha nələrə nail olmaq olar, bununla bağlı  görüşlər keçirir. Artıq iki elmi bölməyə daxil olan institutların rəhbərləri ilə görüşlər olub. Növbəti həftələrdə bu görüşlər davam etdiriləcək. Bu görüşlərdə institutların rəhbərləri özlərinin təkliflərini irəli sürür, elmi irəli aparmaq üçün nələrə nail olmaq olar-bununla bağlı fikirlərini bildirir, təkliflər isə qeydə alınır. Təbii ki, bu, yeni islahatların tərkib hissəsi sayıla bilər”.

Bəs görəsən, bundan sonra AMEA-da nələr dəyişilməlidir? AMEA-ya prezident kim təyin olunmalıdır ki, növbəti dəfə narazılıqlara səbəb olmasın və elmin inkişafına töhfə vermiş olsun?

Onun Ustad dərsləri - Qulu Məhərrəmli yazır

 Qulu Məhərrəmli

Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Qulu Məhərrəmli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb: “Sözün açığı, mən akademiyaya münasibətdə belə illüziyalarla yaşamıram və orada yaxın zamanlarda hansısa xüsusi inqilabi dəyişikliyin baş verəcəyinə də inanmıram. Çünki nə qədər ki, köhnə iş metodlarıdır, əvvəlki təfəkkür, düşüncə var, nə qədər ki, elmi tədqiqat sferası əhəmiyyətsiz problemlərlə əhatə olunub, orada hər hansı yeniliyin olmasına inanmıram. O zaman ola bilər ki, orada ciddi struktur dəyişiklikləri, sistem, ciddi kadr dəyişikliyi aparılsın. Hazırkı prezidenti əvəz edən adam da psixoloji baxımdan özünü rəhbər kimi çox dəyərli hiss etmir. Ona görə akademiyanın prezidenti kim olacaq sualı bu dəqiqə ciddi, amma həlledici məsələlərdən biri deyil. Mən hesab edirəm ki, akademiyaya rəhbərlik edən adam mütləq görkəmli bir alim olmalıdır. Əvvəllər, sovet ənənəsinə görə, bu, tətbiqi elm sahələrindən, dəqiq elmlərdən seçilirdi. O cür olsaydı, daha yaxşı olardı. Yeganə yaxşı müsbət cəhət akademiyanın Ramiz Mehdiyev məngənəsindən xilas olmasıdır. Bundan sonra çıxış yolu haradır, işıq harada görünür, necə olacaq, bunu akademiyanın Rəyasət Heyəti dəqiqləşdirməlidir. Rəyasət Heyətinin özünə də baxmaq lazımdır. Çünki orada çoxlu sayda elmdən uzaq adamlar var. Barmaqla sayılası bir-iki adam var ki, onlar həqiqi elm adamlarıdır. Misal üçün, Rasim Əliquliyev kimi, Əhliman Əmiraslanov kimi. Reallıq odur ki, bunların elmi işləri var, tədqiqatları var. Bunlar təbii ki, elm adamı kimi tanınır”.

Daha çox xəbərlər