Cəmiyyət 

Sözün ərazisi – REPORTAJ

Bu şeir ocağından çıxarkən, sanki yuxular dünyasından acı reallığa keçid edir, şirin yuxunun qoynundan qarğaşalı sabaha göz açır, dərvişin yanından ayrılıb mühasibin hesab-kitab otağına girirsən.

Ötən ilin dekabrın 20-25-ində keçirilən XIII İstanbul Beynəlxalq Şeir və Ədəbiyyat Festivalının vacib tədbirlərindən biri də Məhməd Akif Ərsoy Şeir Muzeyində keçirildi. Beykoz Bələdiyyəsi tərəfindən 2018-ci ildə yaradılan bu muzeyin necə bir yer olduğu tədbirə getməmişdən öncə məni çox düşündürürdü. Tədbir barədə isə deyim ki, bu ülvi məkanda iraqlı şair Əli əl-Şəlah, gürcü şairi Eka Kevanaşvili və mənim iştirakımla şeir gecəsi baş tutdu, görüşdə şeirlərimizi oxuduq və tədbir iştirakçılarının suallarını cavablandırdıq. Beykozda Cami küçəsi-3 ünvanında yerləşən bu muzey bazar günü istisna olmaqla hər gün 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Bu unikal şeir ocağı barədə Beykoz Bələdiyyəsinin mədəniyyət koordinatoru Aykut Nasib Kelebek və muzeyin məsul katibi Aykut Yurdakul ətraflı məlumat verdilər.

 Kaspi qəzetinin Məhməd Akif Ərsoyun şeir muzeyindən reportajını təqdim edirik:

Məhməd Akif Ərsoya aid…

Muzeyin girişində ilk otaq Məhməd Akif Ərsoy otağıdır. Bura gələn ziyarətçilər şairin həyatı və yaradıcılığı barədə ətraflı bilgi alaraq ayrıla bilərlər. Burada İstiqlal şairi olan M.A.Ərsoyun həyatına aid sənədlər, məktublar yer alıb. Eyni zamanda Seminar otağı, Şeir kitabxanası, Məhməd Akif kabineti, müəllifin “Səfahət və kölgələr” kitabının ilk nəşri, naşiri olduğu “Sıratı-Müstakim” dərgisinin yeddi cildi və sair dəyərli eksponatlar ziyarətçilərə təqdim olunur. Bunlar, sadəcə İstiqlal şairinə aid eksponatlardır, təbii ki, muzey yalnız ona aid əşyalardan, əlyazmalardan ibarət deyil.

Şeir muzeyində Məhməd Akif Ərsoyun Misirə “Qürbət məktubları” da var ki, onların əksəri çox təsirlidir. O, bu məktubları qızı Suad xanıma və kürəkəni Əhməd bəyə ünvanlayıb. Eyni zamanda Türkiyə Cümhuriyyətinin himninin mətni və notları da muzeyin divarlarını bəzəyir. Muzeyin “Mehmet Akif Belgeselleri” bölümündə şairlə bağlı maraqlı videoları izləmək mümkündür.

Hər yer şeir

Muzeydə divan şeirinin osmanlıca nəşrləri, əlyazma divanlar, türk poeziyası haqqında mindən artıq nəşr, dörd min beş yüzdən çox poeziya kitabı nümayiş etdirilir. Bir sözlə, burada hər şey şeirlə nəfəs alır, hər tərəf şeirdən ibarətdir, hansı yana çevrilirsənsə şeirlə qarşılaşırsan. “Hər yer şeir” devizi bu məkanın üstünə “biçilib”. Eyni zamanda onu da qeyd edim ki, bu muzeydəki kitablardan ziyarətçilər rahat şəkildə istifadə edə, saatlarla oxuya bilərlər.


Şeir sədaları

Muzeydə həm də səsli şeirlər dinləmək üçün xüsusi guşə var. Burada Türkiyə poeziyasının qiymətli nümayəndələrinin öz səsində şeirlərinə qulaq asa bilərsiniz. Şeiri şairin özü kimi heç bir qiraətçi ürəkdən oxuya bilməz, çünki şair şeiri yaradan hislərə hər kəsdən daha artıq bələddir. Bu zövqü duymaq üçün guşənin xüsusi önəmi var. Ümumiyyətlə, muzeyin audio-vizual sistemi çox gözəl qurulub, ingilis dilində və Türkiyə türkcəsində çoxsaylı materiallarla bu guşələrə yaxınlaşaraq tanış ola bilərsiniz.


Mədəniyyət mərkəzi

Bu məkanın adında “muzey” sözü olsa da, sadəcə nələrinsə sərgiləndiyi mədəniyyət ocağı kimi yox, qaynar bir mədəniyyət yuvası kimi fəaliyyət göstərir. Bir çox ədəbiyyat tədbirlərinə, poeziya simpoziumlarına, poeziya panellərinə, şairlərin şeir gecələrinə ev sahibliyi edir. Pilləkənlərlə birinci mərtəbədən ikinci mərtəbəyə qalxanda çoxsaylı şairlərin fotoları asılıb, sanki onlarla salamlaşaraq yuxarı mərtəbəyə qalxırsan.

Göydən asılan sözlər

Tavandan isə müxtəlif jurnallar asılıb. Onlar arasında “Böyük doğu”, “Varlıq” kimi məşhur dərgiləri görmək olar. Bu dərgilər Türkiyə poeziyasının inkişafında çox böyük rolu olan mətbu nümunələrdir. Bundan başqa, əksər poeziya jurnallarının bu muzeydə arxivi yaradılıb. Onların çoxu qədim kitablar satılan yerlərdən alınaraq toplanılıb.

Nadir kitablar

Burada çox nadir kitabların ilk nüsxələri və əlyazmaları var. Burda Osmanlı dövründə Misirdə nəşr olunan Enderunlu Vasıf beyin divanı, Lalə dövri şairi Nədimin Cümhuriyyətin ilk illərində yayımlanan divanı, Abdülhalk Hamid Tarhanın “Tayflar geçidi”, Fazil Əhmədin “Harman sonu”,  Əli Canip Yöntəmin “Keçdiyim yol”,  Seyid Məhməd Nəsibin “Divani-Nəsib”, Ömər Xəyyamın “Rübailər”,  Tofiq Fikrətin “Şərmin”, Leyla (Saz) Xanımın “Solmuş çiçəklər” kimi çoxsaylı nadir kitablar var.

Divarlarda şairlərin maraqlı təqdimatları da yer alıb. Məsələn, Baki – “Şairlər sultanı”, Füzuli – “Su” qəsidəsi şairi” və sair.  Burada maraqlı bölmələrdən biri də Beykoza yazılmış şeirlərdən ibarət tablodur.

Beş addım o yanda…

Bu muzeydə hər şey mənəvi dünyadan, sözdən, şeirdən ibarətdir. Sanki bu “alver dünyası” ilə rabitəni itirirsən, başqa olursan, öz ruhunla qovuşursan. Bu şeir ocağından çıxarkən, sanki yuxular dünyasından acı reallığa keçid edir, şirin yuxunun qoynundan qarğaşalı sabaha göz açır, dərvişin yanından ayrılıb mühasibin hesab-kitab otağına girirsən. Muzeydən beş addım o tərəfdə hay-küylü İstanbul gözə dəyir, ha şeirlə aldığın nəfəsi daxilində saxlamağa çalışsan da, insan izdihamı o havanı daxili dünyandan çəkib çıxarır və  nəticədə həmin müqəddəs söz məbədinin sənə bağışladığı müstəsna duyğuları itirirsən və olursan hamıdan biri… Bu yazını yazanda və oxuyanda isə yenə hamılıqdan uzaqlaşıb o mənəvi dünyanın sakininə çevrilirsən…

Daha çox xəbərlər